Bu gün

Avropa Parlamenti anti-Azərbaycan siyasəti ilə öz nüfuzuna və maraqlarına zərər vurur - TƏHLİL

Avropa Parlamentinin Azərbaycana münasibətdə uzun müddətdir nümayiş etdirdiyi qərəzli və ikili standartlara əsaslanan mövqe qurumun öz maraqları ilə də ciddi ziddiyyət təşkil edir. Lakin bu reallığa baxmayaraq, Avropa Parlamenti anti-Azərbaycan siyasətindən geri çəkilmir, ölkəmiz əleyhinə fəaliyyət göstərən qüvvələrin, xüsusilə erməni lobbisi və diasporunun təsiri altında öz nüfuzunu və strateji maraqlarını zərbə altına qoymaqda davam edir. Qurumun qəbul etdiyi əsassız qətnamələrdə, səsləndirdiyi bəyanatlarda və bəzi deputatların açıq mövqelərində bu qərəzli yanaşma mütəmadi şəkildə özünü göstərir. Bütün bunlar Azərbaycanın daxili işlərinə müdaxilə, suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik, eləcə də regiondakı real vəziyyətin təhrifindən başqa bir şey deyil. Avropa Parlamentinin 18 dekabr tarixində qəbul etdiyi növbəti qətnamə də bu siyasətin bariz təzahürüdür.

Başdan-ayağa yalan və iftira üzərində qurulan həmin qətnamə açıq şəkildə qərəzli yanaşmaya əsaslanır, konkret cinayətləri məhkəmə qərarları ilə sübuta yetirilmiş şəxslər “siyasi məhbus” kimi təqdim olunur. Avropa Parlamenti obyektiv və təsdiqlənmiş faktlara söykənmək əvəzinə, birtərəfli və qərəzli mənbələrdən istifadə edir, bəzi hallarda isə açıq şəkildə uydurma iddialara istinad edir. Bu cür yanaşma Azərbaycanın milli maraqlarına və regional təhlükəsizliyə xələl gətirmək məqsədi daşıyır. Oxşar tendensiya qurumun əvvəlki qətnamələrində və digər sənədlərində də açıq şəkildə müşahidə olunub.

Xüsusilə 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra Avropa Parlamentinin mövqeyində qərəz daha da açıq xarakter alıb. Ermənistanın təxminən 30 il davam edən işğal siyasəti dövründə beynəlxalq hüquqa uyğun prinsipial mövqe ortaya qoymayan Avropa Parlamenti, əksinə, Azərbaycanın məhz beynəlxalq hüquq çərçivəsində atdığı addımları sərt şəkildə tənqid etməklə ikili standartların ən aydın nümunəsini nümayiş etdirdi.

Azərbaycan ictimai rəyində haqlı olaraq belə bir qənaət formalaşıb ki, Avropa Parlamenti Ermənistanın törətdiyi dağıntılara, insanlıq əleyhinə cinayətlərə və etnik təmizləmə faktlarına göz yumduğu halda, Azərbaycana qarşı hər zaman daha sərt və ədalətsiz yanaşma sərgiləyir. Bu cür münasibət yalnız Azərbaycan cəmiyyətində deyil, bir sıra digər ölkələrdə də ciddi narazılıq doğurur.

Məsələn, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentində keçirilən son müzakirələri kəskin tənqid edib. Onun sözlərinə görə, 18 dekabr tarixli iclas Avropada formalaşan sivilizasiya boşluğunun açıq göstəricisidir:
“Nümayiş etdirilən Avropa artıq gürcülərin özlərini aid hiss etdikləri və birgə qurduqları Avropa deyil. Avropa Parlamentində aparılan müzakirələr Avropa dəyərlərini əks etdirmir. Müzakirə əvəzinə hörmətsizlik, faktlar əvəzinə yalan, məsuliyyət əvəzinə isə sivilizasiya üstünlüyü mövqeyi nümayiş etdirildi”. Papuaşvilinin fikrincə, bu yanaşma dialoq, obyektivlik və qarşılıqlı hörmət kimi Avropanın əsas dəyərlərinə ziddir. Oxşar mövqelər digər ölkələrdə də müşahidə olunur.

Azərbaycana qarşı qərəzli mövqenin formalaşmasında Avropa Parlamenti daxilində fəaliyyət göstərən müəyyən lobbi qruplarının, xüsusilə erməni diasporunun təsiri artıq danılmaz faktdır. Bir sıra deputatların açıq şəkildə Ermənistanı müdafiə edən, Azərbaycana qarşı isə qərəzli çıxışları bunu bir daha sübut edir. Avropa İttifaqının bu ayın əvvəlində Ermənistanla imzaladığı “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd də selektiv yanaşmanın növbəti nümunəsidir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev də bildirir ki, Brüssel Ermənistanda insan haqlarının pozulmasına açıq şəkildə göz yumur. Onun sözlərinə görə, din xadimlərinin və müxalifət nümayəndələrinin cari il ərzində baş verən həbsləri ilə bağlı Avropa İttifaqı tərəfindən heç bir bəyanat verilməyib, dinləmələr təşkil olunmayıb. Əksinə, Ermənistan hökumətinə davamlı siyasi dəstək nümayiş etdirilir. Nəbiyev vurğulayır ki, Azərbaycana qarşı Ermənistan tərəfindən və işğal dövründə yaradılmış marionet rejim tərəfindən törədilən müharibə və insanlıq əleyhinə cinayətlərə görə Bakıda məhkəməsi gedən şəxslərin Avropa İttifaqı tərəfindən müdafiə olunması ikili standartların açıq göstəricisidir. Xüsusilə Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan biri olan Ruben Vardanyanın “müharibə əsiri” kimi təqdim edilməsi və azad olunmasının tələb edilməsi insan hüquqlarının siyasi məqsədlər üçün alətə çevrildiyini açıq şəkildə göstərir.

Bütün bunlar Avropa İttifaqının regionda sülh, normallaşma və etimad quruculuğu proseslərinə münasibətdə də nə qədər qərəzli siyasət yürütdüyünü nümayiş etdirir. Vətən müharibəsi dövründə və ondan sonra Avropa Parlamenti Qarabağda mövcud olmuş separatçı rejimin nümayəndələrinin müdafiəsi məqsədilə genişmiqyaslı fəaliyyət həyata keçirib və bu siyasət indi də davam edir. Bu zaman onların törətdikləri müharibə cinayətləri isə bilərəkdən görməzlikdən gəlinir.

Azərbaycanda insan haqları və digər sahələrlə bağlı Avropa Parlamentində bu vaxta qədər çoxsaylı əsassız ittihamlar səsləndirilib, hüquqi və siyasi çəkisi olmayan qətnamələr qəbul edilib. Görünən odur ki, Avropa Parlamenti ölkəmizə münasibətdə bu qərəzli və selektiv siyasətini davam etdirmək niyyətindədir. Hətta bu fonda qurumun Cənubi Qafqazda gərginliyin qorunmasında maraqlı tərəf kimi çıxış etdiyi də müşahidə olunur. Bunu Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına, sənədin 7-ci maddəsinə əsasən tərəflərin sərhəddə üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi öhdəliyi götürməsinə baxmayaraq, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının fəaliyyətinə xitam verməməsi də təsdiqləyir.

Bütün bunlar Avropa Parlamentinin anti-Azərbaycan siyasətindən əl çəkmədiyini və tərəflər arasında etimad böhranının dərinləşməsinə səbəb olduğunu göstərir. Azərbaycan hesab edir ki, münasibətlərin sağlam və konstruktiv əsaslar üzərində qurulması üçün qərəzli qətnamələrdən və ikili standartlardan imtina edilməli, qarşılıqlı hörmət və bərabərhüquqlu dialoq prinsipləri əsas götürülməlidir. Yalnız bu halda əməkdaşlıq real və davamlı ola, Cənubi Qafqazda sülh və sabitliyə töhfə verə bilər.

 MTM Analitik Qrupu 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?