Dayanıqlı sülhün açarı beynəlxalq etimaddır - MƏQALƏ

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqların əsas hədəflərindən biri qarşılıqlı etimadın təmin edilməsi və möhkəmləndirilməsidir. Uzun illər davam etmiş münaqişə, qarşılıqlı ittihamlar və dərin psixoloji baryerlər fonunda davamlı sülhün təmin edilməsi üçün yalnız siyasi razılaşmalar kifayət etmir. Etimadın bərpası məqsədilə həm dövlət institutları, həm də vətəndaş cəmiyyəti qurumları səviyyəsində paralel iş aparılmalı, sülhün alternativsizliyi və əhəmiyyəti insanlara geniş şəkildə izah olunmalıdır.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri – Elnur Məmmədov və Robert Abisoğomonyanın fevralın 24-də Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində keçirdikləri görüş və aparılan müzakirələr bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Tərəflərin beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə etmələri xüsusi diqqət çəkir. Hazırda qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi etimadın və sülh quruculuğunun əsas şərtlərindən hesab olunur. Çoxtərəfli müstəvidə aparılan dialoq tərəflərə həm beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini nümayiş etdirmək, həm də qarşılıqlı öhdəlikləri konkret mexanizmlərlə möhkəmləndirmək imkanı yaradır.
Sülh prosesinin son aylarda nəzərəçarpacaq dərəcədə irəliləməsi fonunda qarşılıqlı etimadın təmin olunması məsələsi müxtəlif səviyyələrdə həllini tapmalıdır. Ali siyasi rəhbərlik səviyyəsində verilən bəyanatlar, diplomatik kanallar vasitəsilə aparılan məsləhətləşmələr, humanitar məsələlərin həlli və iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi məhz bu məqsədə xidmət edir. Paralel olaraq ictimai rəyin sülhə hazırlanması, radikal ritorikanın azaldılması və təxribatçı çağırışların neytrallaşdırılması da vacibdir.
İşğalçı ideologiyanın iflasa uğradığı Ermənistanda bəzi qüvvələrin hələ də etimad quruculuğu prosesinə mane olmaq cəhdləri müşahidə olunur. Müəyyən siyasi dairələr saxta “tarix” narrativlərinə istinad edir, münaqişə dövründə formalaşmış revanşist düşüncə tərzini ictimai şüura aşılamağa çalışırlar. Təsadüfi deyil ki, radikal-revanşist qüvvələr fevralın 20-ni keçmiş “Dağlıq Qarabağ” Muxtar Vilayətinin “Azərbaycandan ayrılması və Miatsum (birləşmə) hərəkatının başlanması”nın ildönümü kimi qeyd ediblər. Müxtəlif beynəlxalq qurumlara saxta müraciətlərin ünvanlanması, Azərbaycana qarşı əsassız iddiaların irəli sürülməsi revanşizm və qisasçılıq cəhdlərinin növbəti təzahürüdür.
Ermənistanda bəzi revanşist qüvvələrin Bakıda barəsində məhkəmə hökmü çıxarılmış milyarder Ruben Vardanyanın yaxın çevrəsi tərəfindən maliyyələşdirilməsinə dair məlumatlar da yayılıb. Ermənistan mediasında yer alan xəbərlərə görə, Vardanyanın adından Qarabağdan könüllü köçmüş bir qrup erməni əsilli şəxsə torpaq sahəsi hədiyyə edilib. İddialara əsasən, məqsəd həm Azərbaycana, həm də Ermənistanın hazırkı hakimiyyətinə qarşı “etirazçı təbəqə” formalaşdırmaqdır. Bu faktlar Ermənistan daxilində sülh sazişinə və qarşılıqlı etimada qarşı çıxan qüvvələrin parlament seçkiləri ərəfəsində fəallaşdığını göstərir.
Qarabağ mövzusu Ermənistanda hələ də seçkiqabağı mübarizənin aləti kimi istifadə olunur. Lakin regionda formalaşan yeni geosiyasi reallıqlar sülhün alternativsiz olduğunu və pozuculuq cəhdlərinin nəticəsiz qalacağını göstərir. İqtisadi-ticari əlaqələrin bərpası, dəmir yolu ilə yükdaşımaların intensivləşməsi, vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişlənməsi onu deməyə əsas verir ki, Ermənistan cəmiyyətində əhəmiyyətli hissə sülhün tərəfdarıdır.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan tərəfindən paraflanmış Yekun Sülh Sazişinin II bəndində qeyd olunur ki, tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər. Sənəddə həmçinin vurğulanır ki, tərəflər digər tərəfin ərazi bütövlüyünü və ya siyasi birliyini tamamilə və ya qismən pozmağa yönəlmiş hər hansı hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, təşviqinə və dəstəklənməsinə yol verməyəcəklər. Bu müddəalar etimad quruculuğunun hüquqi çərçivəsini müəyyən edir və tərəflərin məsuliyyətini aydın şəkildə ortaya qoyur.
Beynəlxalq təşkilatlar çərçivəsində atılan addımlar bu prosesə əlavə legitimlik qazandırır. Xatırladaq ki, Ermənistan 2023-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi üçün namizədliyini geri götürərək Azərbaycanın namizədliyini dəstəkləyib. Bundan əlavə, Azərbaycan və Ermənistan Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi məsələsində bir-birinin namizədliyini dəstəkləyiblər.
Hazırda qarşılıqlı etimadı gücləndirən addımların davam etdirilməsi əsas prioritetlərdən biridir. Eyni zamanda Ermənistanın beynəlxalq platformalarda Azərbaycana qarşı əsassız iddialardan və məhkəmə çəkişmələrindən imtina etməsi Yekun Sülh Sazişi layihəsinin tələblərindən irəli gəlir.
Rəsmi Bakı hesab edir ki, etimad quruculuğu tədbirləri regionda dayanıqlı sülhün əsas meyarlarındandır. Bu proses yalnız bəyanatlarla məhdudlaşmamalı, konkret addımlar və ardıcıl siyasətlə müşayiət olunmalıdır. Rəsmi İrəvan revanşist çağırışları, saxta iddiaları və separatçı meyilləri nə qədər tez neytrallaşdırsa, tərəflər arasında real etimadın formalaşması bir o qədər sürətli və dayanıqlı olacaq. Beləliklə, hər iki xalq münaqişənin ağır nəticələrini geridə qoyaraq yeni inkişaf mərhələsinə qədəm qoya bilər.
MTM Analitik Qrupu