Bu gün

Vaşinqtonun məxfi brifinqi: İran dosyesində yeni mərhələ - ŞƏRH

Son həftələr ABŞ–İran gərginliyi qlobal gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflər arasında keçirilən danışıqlar hələlik ciddi nəticə verməyib. Həm ABŞ, həm də İran rəsmiləri fərqli açıqlamalar verərək yekun razılaşmanın tezliklə əldə olunacağına dair optimist olmadıqlarını nümayiş etdirirlər. Paralel olaraq, hərbi güc nümayişi gərginliyin davam etdiyini göstərir.

ABŞ Dövlət katibi Marko Rubio ölkənin ən məxfi kəşfiyyat məlumatlarına çıxışı olan və hər iki partiyanın rəhbərliyini təmsil edən “Gang of Eight” (Səkkizlər qrupu) üzvlərini təcili brifinq üçün Ağ Evə çağırıb. Qərb nəşrlərinin məlumatına görə, görüş bağlı qapılar arxasında keçirilib. Toplantıda İranın nüvə proqramı, eləcə də ballistik raket sınaqları ilə bağlı son kəşfiyyat məlumatları müzakirə olunub. Bu sınaqların ABŞ-nin daxili təhlükəsizliyi üçün potensial təhdid yaratdığı ehtimal edilir. Müşahidəçilər bu görüşü sadəcə məlumatlandırma deyil, mümkün hərbi-strateji qərarların ilkin mərhələsi kimi qiymətləndirirlər.

İranın nüvə proqramı və uranı zənginləşdirmə fəaliyyəti artıq onilliklərdir beynəlxalq gündəmdədir. 2025-ci ildə baş vermiş 12 günlük müharibədən sonra İranın bəzi nüvə obyektlərinin zərər gördüyü iddia edilirdi. Lakin 2026-cı ilin fevralında təqdim edilən kəşfiyyat hesabatları vəziyyətin daha mürəkkəb mərhələyə keçdiyini göstərir. Bu dəfə müzakirə yalnız zənginləşdirilmiş uranla bağlı deyil, həm də İranın qitələrarası ballistik raket potensialı ilə əlaqədardır. Əgər əvvəl Tehran ABŞ-nin Yaxın Şərqdəki bazalarını hədəf ala bilirdisə, yeni məlumatlara əsasən, daha uzaqmənzilli raket texnologiyası üzərində irəliləyiş əldə edilib. Bu isə Vaşinqton üçün ciddi təhlükəsizlik siqnalı kimi qəbul edilir.

Marko Rubionun prosesin mərkəzində dayanması ABŞ xarici siyasətində “strateji səbir” mərhələsinin sonuna işarə kimi şərh olunur. Rubio uzun müddətdir ki, Tehranla diplomatik danışıqları effektli hesab etmədiyini açıq şəkildə bildirirdi. Onun “Gang of Eight” qarşısında çıxışı administrasiyanın İrana qarşı siyasətinin daha sərt mərhələyə keçə biləcəyinə dair mesaj kimi qəbul edilir. Bu yanaşma İranın nüvə silahına sahib olmasının yalnız regional deyil, qlobal təhlükəsizlik baxımından risk yaratdığı arqumentinə əsaslanır.

“Səkkizlər qrupu”nun Ağ Evə çağırılması ABŞ dövlət mexanizmində yüksək təhlükə səviyyəsinin göstəricisi sayılır. Bu qrup Senat və Nümayəndələr Palatasının hər iki partiyadan olan liderlərini və kəşfiyyat komitələrinin rəhbərlərini əhatə edir. Belə görüşlər adətən “təcili və yüksək məxfilik” tələb edən məlumatlarla bağlı keçirilir. Eyni zamanda, mümkün hərbi qərarların Konqres səviyyəsində siyasi legitimliyinin təmin edilməsi baxımından da əhəmiyyətlidir.

İllərdir davam edən “kölgə müharibəsi” – yəni regionda proksi qüvvələr vasitəsilə aparılan qarşıdurma – artıq yeni mərhələyə yaxınlaşır. Vaşinqtonda belə bir qənaət formalaşıb ki, proksi mübarizə problemin əsas mənbəyini aradan qaldırmır. Brifinqdə müzakirə olunan ssenarilər arasında kiber əməliyyatlar, hədəfli hava zərbələri və iqtisadi təzyiq mexanizmlərinin gücləndirilməsi yer alır. Lakin belə addımların qlobal nəticələri ciddi ola bilər: Hörmüz boğazında gərginlik, enerji bazarlarında şok dalğası və Yaxın Şərqdə yeni təhlükəsizlik böhranı riski istisna deyil.

25 fevral brifinqi mümkün ssenarilərin ilkin siyasi hazırlıq mərhələsi kimi qiymətləndirilir. Masada bir neçə variant olduğu bildirilir: İranın raket infrastrukturuna qarşı kiber müdaxilə, nüvə obyektlərinə qarşı hava kampaniyası və ya iqtisadi təzyiqin maksimum səviyyəyə çatdırılması. Yaxın həftələrdə atılacaq addımlar Ağ Evin hansı strategiyanı seçəcəyini göstərəcək.

Hikmət Həsənov

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?