Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması təmin olunur - TƏHLİL

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər fonunda Xocalı soyqırımı qurbanlarının anım mərasimləri son illərdə yüksək hərbi-vətənpərvərlik ruhunda keçirilir. Soyqırımı və digər ağır müharibə cinayətləri törətmiş Ermənistanın İkinci Qarabağ müharibəsində hərbi-siyasi məğlubiyyətə uğradılması, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Xocalının işğaldan azad olunması tarixi ədalətin və beynəlxalq hüququn bərpası kimi qiymətləndirilir.
1992-ci il fevralın 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı nəticəsində bəzi ailələr tamamilə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir. Beynəlxalq və dövlətdaxili hüquq normalarına əsasən, bu əməllərin əvvəlcədən düşünülmüş şəkildə, milli mənsubiyyətə görə insanların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi onun məhz soyqırımı olduğunu sübut edir. Bu vandalizm aktı bəşəriyyətin soyqırımı kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilir. Bu dəhşətli cinayətin məqsədi doğma torpağını müdafiə edən dinc azərbaycanlı əhalini qorxutmaq, mübarizə əzmini qırmaq, eyni zamanda ölkədə siyasi sabitliyi pozaraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur.
1992-ci ildə BMT-yə yeni üzv qəbul olunmuş Azərbaycanın həmin dövrdə təşkilatın prinsiplərinə əsaslanaraq Xocalı faciəsinin soyqırımı kimi tanınması istiqamətində yetərli addımlar ata bilməməsi təəssüf doğuran fakt kimi xatırlanır. Halbuki beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır beynəlxalq cinayətlərdən biridir. BMT Baş Məclisinin 11 dekabr 1946-cı il tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnun inkarı olmaqla insan ləyaqətini təhqir edir və bəşəriyyəti maddi və mənəvi dəyərlərdən məhrum edir.
BMT Baş Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci maddəsinə əsasən, hər hansı milli, etnik və ya dini qrupun tam və ya qismən məhv edilməsinə yönəlmiş hərəkətlər soyqırımı cinayətini təşkil edir. Bu hərəkətlərə qrup üzvlərinin öldürülməsi, onlara ağır bədən xəsarəti yetirilməsi, fiziki məhvə səbəb olan həyat şəraitinin yaradılması və uşaqların zorla başqa qrupa verilməsi daxildir.
Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, “Xocalı soyqırımı beynəlxalq hüququn, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncələrə qarşı Konvensiyanın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın və digər beynəlxalq humanitar norma və prinsiplərin kobud şəkildə pozulmasıdır”.
Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması istiqamətində ilk sistemli addımlar Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılmışdır. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, qətliamın mahiyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır. 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla isə faciəyə siyasi-hüquqi qiymət verilmişdir.
Vətən müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallıqlar fonunda Xocalı soyqırımını tanıyan ölkələrin sayı artmaqdadır. Xarici İşlər Nazirliyinin məlumatına əsasən, dünyanın 20-yə yaxın ölkəsi, ABŞ-ın 23 ştatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar Xocalı soyqırımı ilə bağlı sənədlər qəbul etmişdir. Azad edilmiş ərazilərə xarici diplomatların, jurnalistlərin və blogerlərin səfərlərinin təşkili də həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm rol oynayır.
Fevralın 25-də Böyük Britaniya parlamentinin İcmalar Palatasının deputatı Bob Blekmenin Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış etməsi də diqqətəlayiq hadisədir. “Early Day Motion” formatında təqdim edilmiş sənəddə 26 fevral 1992-ci il hadisələrinə siyasi-hüquqi qiymət verilməsi və qurbanların xatirəsinin anılması məsələsi qaldırılıb. Bu təşəbbüs Xocalı faciəsinin beynəlxalq müzakirə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu da mühüm rol oynayır. Fondun təşəbbüsü ilə hazırlanan sənədli filmlər, “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqələri, fotosərgilər və nəşrlər beynəlxalq səviyyədə məlumatlılığın artmasına xidmət edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası 18 il ərzində davam etdirilərək faciə ilə bağlı həqiqətlərin yayılmasında mühüm rol oynayıb.
XX əsrin əvvəllərində baş vermiş analoji faciələrdən fərqli olaraq, Xocalı soyqırımı müasir dünyanın gözü qarşısında baş verib. 1992-ci ildə dünya mediasında geniş reportajlar dərc olunmuş, müxtəlif ölkələrdən gəlmiş jurnalistlər hadisələrin şahidi olaraq faktları sənədləşdirmişlər. Çoxsaylı şahid ifadələri və istintaq materialları Xocalıda baş verənlərin soyqırımı olduğunu təsdiqləyir.
MTM Analitik Qrupu