Bu gün

Mərkəzi Asiya, Azərbaycan və Rusiya: Yeni regional arxitekturanın pərdəarxası - ŞƏRH

Rusiya Federasiyasının Tacikistandakı səfirliyinin birinci katibi Aleksey Zenko bildirib ki, Rusiya Mərkəzi Asiya və Azərbaycan arasında məsləhətləşmə görüşlərində iştirak etmək istəyir. "Rusiya Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının məsləhət görüşləri formatına qoşulma imkanını nəzərdən keçirməyin məntiqli olduğunu düşünür; bu addım koordinasiyanı gücləndirməyə və daha inklüziv təhlükəsizlik arxitekturası yaratmağa kömək edəcək. Biz "Mərkəzi Asiya Beşliyi" formatının inkişafını böyük maraqla izləyirik. Azərbaycanın məsləhət görüşlərinə qoşulmaq qərarını qeyd edirik. Rusiyanın Orta Asiya regionuna coğrafi və tarixi yaxınlığı, eləcə də inkişaf etmiş iqtisadi və nəqliyyat əlaqələri nəzərə alınmaqla, Rusiyanın bu formata daxil edilməsi ehtimalını nəzərdən keçirməyin məntiqli olduğunu düşünürük”, - deyə Rusiya rəsmisi bildirib.

Rusiyanın Mərkəzi Asiya-Azərbaycan məsləhətləşmə formatına qoşulmaq istəyi Moskvanın postsovet məkanında yeni reallıqları qəbul etməyə başladığını göstərir. Əgər əvvəllər Rusiya regional formatların təşəbbüskarı və mərkəzi aktoru idisə, hazırda o, getdikcə mövcud platformalara qoşulmaq istəyən tərəf rolunda çıxış edir. Bu, Rusiyanın zəifləyən təsir imkanlarının və dəyişən güc balansının açıq göstəricisidir.

Rusiyanın Azərbaycanla yaxınlaşmaq istəyi bir neçə əsas səbəbdən qaynaqlanır. Ukrayna müharibəsi, Qərb sanksiyaları və resursların Avropa cəbhəsinə yönəlməsi Rusiyanın Cənubi Qafqazda əvvəlki dominant mövqelərini zəiflədib. Ermənistanla münasibətlərin gərginləşməsi fonunda Bakı Moskva üçün alternativ dayaq nöqtəsinə çevrilir. Azərbaycan artıq yalnız Cənubi Qafqaz aktoru deyil. Orta Dəhlizin əsas tranzit ölkəsi, Türk dünyasının siyasi mərkəzlərindən biri və enerji və logistika qovşağı kimi çıxış edir. Moskva anlayır ki, Bakısız regional planlama mümkün deyil. Bundan əlavə, Rusiya Azərbaycan üzərindən Türkiyə ilə rəqabətdə birbaşa qarşıdurmaya girmədən regionda mövcudluğunu qorumağa çalışır.

Rusiyanın Azərbaycanın iştirak etdiyi tədbirlərə qoşulmaq istəyi Moskvanın strateji müdafiə refleksi ilə bağlıdır. Mərkəzi Asiya dövlətləri və Azərbaycan formatı Rusiyasız formalaşarsa, Moskva regional qərarların xaricində qalacaq və yeni təhlükəsizlik və iqtisadi arxitektura Rusiyanın maraqlarına zidd formalaşa bilər. Bu formatlar Türk dünyası, Avrasiya tranziti, enerji və nəqliyyat inteqrasiyası kimi mövzular üzərində qurulduğundan, Rusiya bu proseslərin tamamilə Türkmərkəzli olmasını istəmir.

Rusiyanın bu formatlara marağı birbaşa Türk Dövlətləri Təşkilatı ilə əlaqəlidir. Rusiya TDT-yə açıq şəkildə qoşula bilməz, çünki siyasi-ideoloji ziddiyyətlər və Türkiyə faktorunun dominantlığı buna imkan vermir. Lakin Mərkəzi Asiya-Azərbaycan formatı, məsləhət görüşləri və regional dialoq platformaları vasitəsilə dolayı təsir və məlumat əldə etmək mümkündür. Moskva istəyir ki, Türk dünyasının siyasi inteqrasiyası sürətlənməsin və təhlükəsizlik və nəqliyyat məsələlərində Rusiya kənarda qalmasın. Bu baxımdan Mərkəzi Asiya beşliyinə qoşulmaq Rusiyanın Türk Dövlətləri Təşkilatından faydalanmaq, amma onun üzvü olmamaq strategiyasıdır.

Azərbaycan üçün bu vəziyyət ciddi imkanlar yaradır. Rusiya artıq Azərbaycanı formatın sıradan iştirakçısı kimi deyil, platformanın açar aktoru kimi qəbul edir. Bakı Rusiya-Türkiyə, Rusiya-Mərkəzi Asiya və Qərb-Rusiya arasında balans siyasətini daha effektiv qura bilər. Eyni zamanda nəqliyyat və enerji layihələrində Azərbaycanın üstünlüyü artır, çünki Rusiya üçün Şimal-Cənub, Orta Dəhliz və Xəzər üzərindən marşrutlar getdikcə Azərbaycan üzərindən keçir.

Rusiyanın getdikcə Azərbaycandan asılı vəziyyətə düşməsi ehtimalı artıq nəzəri yox, praktiki prosesə çevrilməkdədir. Sanksiyalar fonunda Rusiya üçün alternativ marşrutlar məhdudlaşır və Azərbaycan əsas körpü rolunu oynayır. Moskva regionda yeni formatlarda iştirak etmədən və qərar mexanizmlərində təmsil olunmadan təsirini qoruya bilməyəcəyini anlayır. Əgər əvvəllər Rusiya dəvət edən tərəf idisə və digərləri qoşulurdusa, indi Azərbaycan və Mərkəzi Asiya format yaradır, Rusiya isə qoşulmaq istəyir. Bu, güc balansının dəyişdiyini göstərən mühüm siqnaldır.

Nəticə etibarilə, Rusiyanın Mərkəzi Asiya-Azərbaycan formatına qoşulmaq arzusu zəifləyən regional mövqelərin kompensasiyası, Türk dünyasının güclənməsinə nəzarət istəyi və Azərbaycanın yüksələn rolunu qəbul etmək məcburiyyətindən doğur. Azərbaycan üçün isə bu proses regional liderliyin möhkəmlənməsi, strateji üstünlüyün artması və böyük güclər arasında daha güclü mövqe deməkdir. Qısaca desək, Moskva artıq Bakıya təsir göstərmək yox, Bakı ilə hesablaşmaq mərhələsinə keçib və bu, Azərbaycanın regional siyasətdə qazandığı ən ciddi strateji uğurlardan biridir.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?