Daşkənd sammiti: Azərbaycanın rolu daha da güclənir - TƏHLİL

Mərkəzi Asiya regionu ilə Azərbaycan arasında əsrlər boyu mədəniyyət, dil, din yaxınlığı və ticarət əlaqələri üzərində formalaşan münasibətlər son illərdə daha da dərinləşərək genişmiqyaslı əməkdaşlıq səviyyəsinə yüksəlib. Qlobal miqyasda artan rəqabət, nəqliyyat marşrutlarının strateji əhəmiyyəti, enerji təhlükəsizliyinin aktuallaşması, iqtisadi tərəfdaşlıq və siyasi sabitlik amilləri dövlətlərimizi bir-birinə daha sıx bağlayan əsas faktorlardandır.
Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə tamhüquqlu iştirakçı statusu alması münasibətləri yeni mərhələyə daşıyan mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu qərar region daxilində həmrəyliyin gücləndirilməsi və Avrasiya məkanında yeni əməkdaşlıq xəritəsinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin quruma üzvlüyü iki strateji region arasında əməkdaşlıq imkanlarını genişləndirir və qlobal miqyasda sülhün, inkişafın və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yeni dinamika gətirir.
Azərbaycan uzun müddətdir ki, Mərkəzi Asiya ölkələri ilə müxtəlif formatlarda əməkdaşlıq edir. Bu münasibətlərin institusional çərçivəyə keçməsi tərəfdaşlığın daha ardıcıl və səmərəli şəkildə idarə olunmasına imkan yaradır. Bu baxımdan Daşkənd sammiti regional inteqrasiyada yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri regional əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsi üçün səmərəli mexanizm kimi çıxış edir. Azərbaycan yeni statusu ilə bu dialoqda və qərarların qəbulunda fəal iştirak edən, təşəbbüslər irəli sürən, uzunmüddətli regional gündəliyin formalaşmasına töhfə verən üzvə çevrilib. Bu, xüsusilə regionda artan geosiyasi rəqabət fonunda ölkəmizə mühüm üstünlüklər qazandırır. Avrasiya məkanına dünya güclərinin marağı dərinləşdikcə, bölgə yalnız enerji və ticarət yolları baxımından deyil, həm də strateji təhlükəsizlik və kommunikasiya qovşağı kimi dəyər qazanır.
Azərbaycanın bu quruma tamhüquqlu üzvlüyü onun həm Cənubi Qafqazda, həm də ümumilikdə Avrasiya regionunda artan siyasi nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir. Mərkəzi Asiya dövlətləri ilə münasibətlər qarşılıqlı səfərlər, iqtisadi layihələr, humanitar əməkdaşlıq və təhlükəsizlik sahəsində dialoqlar vasitəsilə daha da möhkəmlənir. Azərbaycanın Məşvərət Görüşündə iştirakının institusional xarakter alması isə bu əməkdaşlığı daha məqsədyönlü edəcək və regional layihələrin reallaşdırılmasına vahid yanaşma formalaşdıracaq.
Daşkənd sammiti zamanı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın bu formata verdiyi önəmi açıq şəkildə göstərir. Dövlət başçısı qeyd edib: “Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir.”
Enerji sahəsində əməkdaşlıq perspektivləri xüsusilə diqqət çəkir. Azərbaycanın dünyanın aparıcı enerji ixracatçılarından biri olması, Mərkəzi Asiya ölkələrinin isə zəngin enerji potensialı bu format çərçivəsində enerji təhlükəsizliyinin koordinasiyalı şəkildə müzakirəsinə əlverişli imkan yaradır. Bakı–Tbilisi–Ceyhan və Cənub Qaz Dəhlizi kimi strateji layihələr Azərbaycanı uzun illərdir Avrasiyanın enerji təhlükəsizliyinin əsas oyunçularından birinə çevirib. Mərkəzi Asiya resurslarının dünya bazarlarına çıxışı üçün Azərbaycanın tranzit rolunun artması da xüsusi önəm daşıyır. Bu, yeni boru kəmərləri, nəqliyyat marşrutları və alternativ enerji sahəsində əməkdaşlıq imkanlarını gündəmə gətirir.
Hazırda Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizi üzərindən “yaşıl enerji dəhlizi”nin yaradılması istiqamətində qlobal layihəni icra edir. Ötən il Bakıda keçirilən COP29 çərçivəsində imzalanmış “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Türk Dövlətləri Təşkilatı ölkələri arasında “yaşıl əməkdaşlıq xəritəsi”nin əsasını qoyub.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanları da genişlənir. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə Mərkəzi Asiya üçün etibarlı tranzit qovşağı rolunu oynayır. Zəngəzur dəhlizinin açılması perspektivi, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və TRASECA layihəsi regional inteqrasiya üçün geniş imkanlar yaradır.
Təhlükəsizlik sahəsində də Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında ortaq yanaşmalar mövcuddur. Terrorizm, dini radikalizm, kiberhücumlar, transsərhəd cinayətkarlıq və informasiya müharibələrinə qarşı birgə mexanizmlərin işlənməsi xüsusi aktuallıq kəsb edir. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı hərbi-siyasi təcrübə və güclənən müdafiə sənayesi bu istiqamətdə əməkdaşlığı daha da genişləndirmək imkanı yaradır.
Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv olması çoxşaxəli və uzunmüddətli əməkdaşlığa yeni qapılar açır. Bu qərar ölkəmizin regionda oynadığı rolun daha da gücləndirilməsinə, gələcək strateji təşəbbüslərin formalaşdırılmasına xidmət edir. Qurum çərçivəsində əməkdaşlıq xalqlarımızın rifahına töhfə verməklə yanaşı, Avrasiya məkanında daha möhkəm birlik, qarşılıqlı etimad və uzunmüddətli strateji tərəfdaşlıq mühitinin yaranmasına imkan yaradacaq.
MTM Analitik Qrupu