TDT ölkələrinin ortaq layihələrinin təhlükəsizliyinin təmini aktual çağırışlarla şərtlənir - TƏHLİL

Müasir dövrdə beynəlxalq nəqliyyat marşrutlarının təhlükəsizliyi istər logistika, istərsə də davamlı sabitlik və inkişaf baxımından mühüm şərtlərdən sayılır. Azərbaycanın yerləşdiyi əlverişli geostrateji məkan – Şərqlə Qərb arasında nəqliyyat və ticarət körpüsü rolunu oynaması məsələni daha da aktuallaşdırır.
Ölkəmizin reallaşdırdığı irimiqyaslı layihələrin və nəqliyyat dəhlizlərinin etibarlı qorunması milli təhlükəsizlik konsepsiyasının mahiyyətində yer alır. Bu layihələrin mümkün təhdidlərdən qorunması həm də beynəlxalq təhlükəsizlik arxitekturasının mühüm tərkib hissəsinə çevrilib. Transxəzər Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi, Şimal-Cənub və Zəngəzur dəhlizləri, neft-qaz boru kəmərləri kimi layihələr təkcə iqtisadi üstünlüklər yaratmır, eyni zamanda, qlobal təhlükəsizlik çağırışlarını gündəmə gətirir. Qeyd olunan aktual çağırışların idarə edilməsi, mümkün təhdid və risklərin zərərsizləşdirilməsi baxımından xüsusi xidmət orqanlarının əməkdaşlığı vacib əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin Türk Dövlətləri Xüsusi Xidmət Orqanlarının 27-ci plenar iclası çərçivəsində Xankəndidə keçirilən “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda konfransın iştirakçılarına müraciətində qeyd olunduğu kimi, son zamanlar dünyanın müxtəlif bölgələrində müşahidə olunan qarşıdurmalar beynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edən müxtəlif çağırışların artmasına səbəb olur: “Azərbaycan müasir dəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanları infrastrukturuna böyük sərmayələr yatırır. Biz bu nəqliyyat və kommunikasiya xətlərini təkcə iqtisadi rifah mənbəyi kimi deyil, eyni zamanda Türk dövlətlərinin siyasi, mədəni, təhlükəsizlik və müdafiə sahələrində daha sıx inteqrasiyası üçün vacib təməl kimi görürük”.
Beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizləri hazırda təkcə yükdaşıma marşrutları deyil, eyni zamanda, geoiqtisadi təsir vasitəsi, diplomatik alət və siyasi rəqabət məkanına çevrilib. Müşahidələr göstərir ki, bir çox hallarda dövlətlərarası münasibətlərdə təzyiq və sabotaj mexanizmi kimi logistika marşrutlarının bloklanmasından və ya informasiya manipulyasilarından istifadə olunur. Bu mənada Azərbaycan tranzit üstünlüyünü qorumaq, logistika təhlükəsizliyini möhkəmləndirmək və qlobal ticarət axınını təmin etmək məqsədilə kompleks tədbirlər reallaşdırır.
Hibrid təhdidlərin genişləndiyi hazırkı şəraitdə nəqliyyat dəhlizləri terrorçu şəbəkələr, separatçı qruplar üçün də əsas hədəflərdən birinə çevrilib. Prezident İlham Əliyevin sözügedən müraciətində qeyd olunduğu kimi, Zəngəzur dəhlizinin reallaşması, Cənubi Qafqazın yükdaşıma potensialının artması regionu destruktiv qüvvələrin hədəfinə çevirir. Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq və nəqliyyat infrastrukturunun idarəetmə sistemlərinin iflicinə yönəlmiş kibertəhdidlərlə üzləşir.
Regional və qlobal səviyyədə müşahidə olunan geosiyasi böhranlar nəqliyyat dəhlizləri ilə bağlı riskləri artırır. Ukrayna və Yaxın Şərqdəki münaqişələr, Avropadakı enerji və təhlükəsizlik böhranı, Qara dəniz hövzəsində geosiyasi balansın dəyişməsi nəqliyyat marşrutlarının təhlikəsizliyinə bilavasitə təsir göstərir. Belə bir şəraitdə Azərbaycanın formalaşdırdığı tranzit şəbəkələri alternativ və təhlükəsiz ticarət yolları kimi qəbul olunur. Ölkəmiz beynəlxalq tərəfdaşlar üçün etibarlı platforma rolunda çıxış edir.
Türkdilli Dövlətlər Təşkilatına (TDT) üzv ölkələrin bu istiqamətdə birgə və çevik fəaliyyəti də yeni geosiyasi reallıqlarla şərtlənir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, 8 avqust tarixli Vaşinqton razılaşmaları fonunda Zəngəzur dəhlizinin reallaşdırılmasına başlanılması TDT ölkələrinin maraq dairəsindədir. Lakin böyük potensiala malik bu dəhlizin müəyyən destruktiv qüvvələrin maraqlarına cavab verməməsi təhlükəsizlik məsələlərini aktuallaşdırır. Başqa sözlə, alternativ marşrutlara tələbat artdıqca, onların təhlükəsizliyinin təmini məsələsi də aktuallaşır, bu isə beynəlxalq əməkdaşlıq tələb edir.
Bu kontekstdə Xankəndidə keçirilən beynəlxalq konfrans ticarət, nəqliyyat, habelə yaşıl enerji istehsalı və ixracı sahəsində birgə layihələr həyata keçirən, Orta Dəhlizin genişlənməsinə töhfə verən, Zəngəzur dəhlizinin açılmasında maraqlı olan türkdilli ölkələrin təhlükəsizlik qurumları arasında çevik əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından vacib əhəmiyyət kəsb edir. Belə toplantılar dövlətlərin təhdidlərə yanaşma modellərini müqayisə etməyə, birgə əməliyyat metodlarını təkmilləşdirməyə imkan verir.
Azərbaycanın son illərdə beynəlxalq hərbi əməkdaşlığının genişlənməsi, xüsusilə TDT ölkələrindən Türkiyə, Özbəkistan və Qazaxıstanla hərbi-texniki əməkdaşlığın intensivləşməsi, keçirilən birgə təlimlər ölkəmizin bu sahədə fəal rolunu üzə çıxarır. Ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin edən Azərbaycan türkdilli ölkələr üçün etibarlı təhlükəsizlik sisteminin formalaşdırılmasında maraqlı tərəf kimi çıxış edir. Başqa sözlə, TDT ölkələrinin əməkdaşlığına, ortaq iqtisadi, ticari, nəqliyyat layihələrinə qarşı yönəlmiş təhdidlərin kollektiv şəkildə zərərsizləşdirilməsi də aktual çağırışlarla şərtlənir.
MTM Analitik Qrupu