Seulun Moskvaya jesti: Yarımadanın təhlükəsizlik balansı dəyişirmi? - ŞƏRH

Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Seul hökuməti Moskva ilə münasibətlərdə pauza elan etmiş, Qərbin sanksiyalarına qoşulmuş və Rusiyaya qarşı sərt siyasi xətt tutmuşdu. Lakin görünür, Cənubi Koreya bu münasibətləri tamamilə dalana dirəməmək üçün yeni diplomatik imkanlar axtarmağa başlayıb.
Bu barədə ilk siqnal Rusiyanın Seuldakı səfiri Georgi Zinovyevdən gəlib. Onun sözlərinə görə, rəsmi Seul Moskva ilə münasibətlərdə dönüş yaratmaq niyyətindədir. Bu açıqlama Seulda da cavabsız qalmayıb. Cənubi Koreyanın Rusiyaya yeni təyin olunmuş səfiri Li Sok-Be iki ölkə arasında gərginliyi yumşaltmaq üçün zəmin yaradacağına söz verib. Qeyd edək ki, Li Sok-Be Moskvada səfir kimi ikinci dəfə fəaliyyət göstərəcək – o, 2019–2022-ci illərdə də eyni vəzifədə olub.
Li Sok-Be hesab edir ki, Rusiya–Şimali Koreya arasında artan strateji yaxınlaşma Seul üçün narahatlıq yaratsa da, son 20 ilin təcrübəsi əksini göstərir: Moskva ilə Pxenyan arasındakı əlaqələr nə qədər güclənibsə, Cənubi Koreya da bir o qədər fəal şəkildə münasibətlərin qorunmasına səy göstərib. Bu da regional balansın qorunması üçün Seulun Rusiya ilə dialoqa ehtiyac duyduğunu göstərir.
Seulun marağı təkcə geosiyasi səbəblərlə bağlı deyil. BMT Baş Assambleyasının sentyabr sessiyası çərçivəsində Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun Rusiyadakı Koreya şirkətlərinin maraqlarının qorunmasını xahiş etmişdi. 2022-ci ildən sonra belə, bəzi Koreya brendləri Rusiya bazarında mövcudluğunu qoruyur — mağazalarda Koreya məhsullarının çeşidi artıb, K-drama və filmlər yayım platformalarında yer almaqdadır, Samsung hətta Rusiya kanallarında reklam verir.
Bununla belə, ikitərəfli əməkdaşlıq real olaraq məhdud çərçivədə qalır. Koreya şirkətlərinin əksəriyyəti Rusiyadakı fəaliyyətini rəsmi olaraq dayandırıb, ticarət dövriyyəsi isə əsasən Orta Asiya üzərindən həyata keçirilir. Seulun Rusiyaya qarşı sanksiyalara qoşulması bu münasibətlərin tam bərpasını qısa müddətdə mümkünsüz edir.
Bütün bunlara baxmayaraq, səfirlərin açıqlamaları göstərir ki, Seul və Moskva dialoqun tamamilə itirilməsində maraqlı deyil. Yaxın aylarda iki paytaxt arasında ehtiyatlı, mərhələli yumşalma cəhdlərinin şahidi olmaq mümkündür. Lakin prosesin sürəti və uğuru geosiyasi realıqlardan, xüsusilə də Cənubi Koreyanın sanksiyalar siyasətindən nə dərəcədə geri çəkiləcəyindən asılı olacaq.
Hikmət Həsənov