Geosiyasi mesajmı, yoxsa texniki qəza? C-130-un müəmmalı son uçuşu - ARAŞDIRMA

11 Noyabr 2025-ci il tarixində Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinin C-130 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğramışdır. Türkiyə, Azərbaycan və Gürcüstan rəsmiləri qəzanı təsdiqləyib və axtarış-xilasetmə işləri davam edir. Təyyarənin göyərtəsində Bakıdakı Zəfər Paradından qayıdan 20 Türkiyə hərbçisi olub. Bu, şübhəsiz ki, faciəvi bir hadisədir və hər birimizin dərin narahatlığına səbəbdir.
Videokadrlara əsaslanaraq təyyarənin havada dağılması təxribat və ya təzyiqin itirilməsi (dekompressiya) ehtimalı nəzərdən keçirilə bilər.
İlk öncə C-130 Hercules-in texniki xüsusiyyətlərini və etibarlılığını araşdıraq:
Lockheed C-130 Hercules 1950-ci illərdən bəri istifadə edilən və dünyanın ən etibarlı və uzunömürlü hərbi-nəqliyyat təyyarələrindən biri hesab olunur. Çətin şəraitdə istismar üçün nəzərdə tutulmuş möhkəm konstruksiyası ilə tanınır. Dörd pərli turbo mühərriklə təchiz olunub. C-130 yüksək dözümlülüyə malikdir. Bu təyyarə elə layihələndirilib ki, dörd mühərrikdən ikisi sıradan çıxsa belə, idarə olunan uçuşu davam etdirə bilsin (baxmayaraq ki, bu, ekipajdan dərhal müdaxilə tələb edir və uçuş xüsusiyyətlərini azaldır). Buna görə də, iki mühərrikin sıradan çıxması səbəbindən havada tam nəzarətin itirilməsi və ya dağılma ehtimalı çox aşağıdır. İndiyədək bu təyyarələnin qəzası əsasən sərt enişlə bağlı olub.
Fəlakətin ilkin səbəbləri haqqında fərziyyələr
Texniki nasazlıq və havada dağılma:
Metal yorğunluğu: Köhnə modellərdə qanadın və ya quyruq hissəsinin dağılması kimi qəfil struktur nasazlığı baş verə bilərdi. Bu, metalın yorğunluğunun və ya əvvəlki fərqinə varılmamış zədələnmələrin yığılmış təsiri nəticəsində ola bilər. Lakin videoda göründüyü kimi hər iki qanad və mühərriklər yerindədir.
Göyərtədə partlayış: Mühərrikin sıradan çıxması ilə nəzarətsiz yanğın və ya partlayış (məsələn, yanacaq çənində). Yenə də videodan göründüyü kimi mühərriklərdə düşən vaxtı partlama izləri görünmür.
Təzyiqin itirilməsi (dekompressiya): Yüksək hündürlükdə gövdənin zədələnməsi nəticəsində kəskin dekompressiya bəzi panellərin qopmasına səbəb ola bilər, lakin konstruksiyanın kritik hissəsinin partlayış xarakterli dekompressiyası ilə müşayiət olunmadığı təqdirdə nadir hallarda təyyarənin tamamilə dağılmasına gətirib çıxarır.
Xarici müdaxilə (terror/təxribat):
Göyərtədə partlayış: Partlayıcı qurğunun yerləşdirilməsi. Nəzərə alsaq ki, Ermənistanın terror təşkilatları fəaliyyətləri dövründə indiyədək tarixində 300-dən çox terror aktı törədib. Bu faktı mümkün ssenari kimi nəzərdən keçirmək olar. Bu təsdiqlənsə, normallaşan Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri üzərindən xətt çəkilə bilər.
Zenit zərbəsi: "Yer-hava" və ya "hava-hava" raketi ilə vurulması (lakin, dost ərazilər və döyüş zonasının olmaması kontekstində bu ssenari son dərəcə az ehtimal olunan hesab edilir və təkzibolunmaz sübutlar tələb edir). Məlumat üçün əlavə edim ki, qəza Rusiya sərhədindən təqribən 70-80 km (şimal-şərqə - Dağıstan istiqamətində) və təqribən 250-300 km cənub-qərbə Ermənistanla sərhəddə baş verib.
Ekipaj səhvi və hava şəraiti: Hava şəraitinin pis olması belə bu qəzanın səbəbi kimi göstərilə bilməz, çünki təyyarə heç yerə çırpılmayıb.
Əgər təyyarə həqiqətən yerə düşməzdən əvvəl dağılmağa başlayıbsa, bu, ciddi şəkildə struktur nasazlığı və ya göyərtədə partlayışa işarə edir.
Geosiyasi kontekst və təxribat versiyası
Azərbaycan-Türkiyə qardaşlığının və hərbi-siyasi əməkdaşlığın, o cümlədən Azərbaycan-Türkiyə-Pakistan formatının güclənməsinə qarşı çıxan qüvvələr tərəfindən terror aktı və ya təxribat üçün mümkün motivlərin olması istisna oluna bilməz.
Türkiyənin Qafqazda güclənməsi: Zəfər Paradından sonra Azərbaycanla sıx əlaqələr Cənubi Qafqazın sabitliyini pozmağa çalışan regional və ya xarici qüvvələr tərəfindən təhdid kimi qəbul edilə bilər.
Simvolik əhəmiyyət: Hərbçilər gücü və birliyi simvolizə edən Zəfər Paradından qayıdırdılar. Bu təyyarəyə edilən hücum müttəfiqlər arasında mənəvi ruhu və etibarı sarsıtmağa yönəlmiş dərin simvolik və psixoloji təsirə malik ola bilərdi.
Texniki istintaq partlayış və ya xarici müdaxilə əlamətlərini göstərərsə, mövcud şəraitdə qəsdən müdaxilə (terror aktı) versiyasını qabaqcadan istisna etmək olmaz. Lakin, qara qutular tapılıb qalıqların hərtərəfli analizi aparılmayana qədər, istənilən iddialar yalnız fərziyyə olaraq qalır.
Azərbaycan və Türkiyə Prezidentlərinin daimi təması və müvafiq dövlət qurumları səviyyəsində sıx koordinasiyaları iki qardaş ölkə arasında sıx əlaqələrinin möhkəmliyini təsdiqləyir. Azərbaycan-Türkiyə qardaşlığına heç kim ləkə sala bilməz.
Fəlakətin səbəbləri barədə yekun və etibarlı məlumatı yalnız qalıqlar və qara qutunun məlumatları öyrənildikdən sonra Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə keçiriləcək rəsmi beynəlxalq istintaq verə bilər.
Azadxan Axundov