06 oktyabr

Gürcüstanda seçkilərdən sonra siyasi gərginlik: müxalifət nəticələri tanımır - ŞƏRH

Gürcüstanda keçirilən bələdiyyə seçkilərində hakim partiyanın qələbə qazanması müxalifətin boykotu ilə üzləşib. Seçki nəticələrini tanımayan siyasi partiyalar etiraz aksiyalarına çıxıblar. Bununla belə, maraqlıdır ki, sözügedən siyasi qurumlar seçkilərdə iştirak etsələr də, məğlubiyyət səbəbindən nəticələri boykot edir və seçki saxtakarlığı ilə bağlı faktlar təqdim edə bilmirlər. Müxalifətin yeganə arqumenti hakim partiyanı ruspərəst adlandırmasıdır.

Amma seçkilərdə müxalifətin məğlubiyyətinin səbəbləri başqadır. Bu seçkilər formal olaraq bələdiyyələrin tərkibini müəyyən etmək məqsədi daşısa da, çoxdan ümummilli əhəmiyyət kəsb edən hadisəyə çevrilib. Hakim “Gürcü arzusu” partiyası böyük fərqlə qalib gələrək siyasi statusunu bir daha təsdiqləyib.

Səbəblər müxtəlifdir. Müxalifət qüvvələri, xüsusən də Vahid Milli Hərəkat tarixən fəaliyyətlərini Tbilisi və iri şəhərlərdə cəmləşdirib. Ondan fərqli olaraq, hakim partiya bölgələrə diqqət yetirib. Saakaşvilinin hakimiyyəti dövründə çox vaxt paternalizmin qalası kimi qəbul edilən ucqarlar “Gürcü arzusu”nun əsas elektoratına çevrilib. Özünü çoxdan siyasətin kənarında hiss edən kənd əhalisi mənafeyini diqqətdən kənarda qoymayanlara üstünlük verib.

Etirazın məntiqi də sadədir və əvvəlcədən elan edilib. Radikal müxalifət “hakimiyyəti devirmək” məqsədini açıq şəkildə bəyan edib. “Sülh üsulları” ilə bağlı qeyd-şərtlər isə daha çox ritorik xarakter daşıyır və beynəlxalq ictimaiyyətin gözündə küçə hərəkətlərini qanuniləşdirmək məqsədi güdür. Küçələrə arxalanmaq həm də struktur zəifliyi ilə bağlıdır: regionlarda kifayət qədər dəstəyi olmayan müxalifət əsas resursunu – paytaxtdakı etiraz potensialını səfərbər edir.

2028-ci ildə keçiriləcək növbəti parlament seçkilərini gözləmək müxalifət üçün siyasi baxımdan unudulmaq deməkdir. Bu illər ərzində qüvvələr balansında köklü dəyişiklik etməyə imkan verəcək “möcüzə texnologiyası”nın ortaya çıxması ehtimalı azdır. Gecikmə, müxalifət və müttəfiqlərinin edə bilmədiyi mövcud hökuməti “yıxmaq” ambisiyasından əl çəkməyə bərabərdir.

Eyni zamanda müxalifət hesab edir ki, küçə yürüşləri və aksiyalara hakimiyyətin bir müddət sonra sərt müdaxiləsi Qərbin reaksiyasına səbəb ola bilər. Bu isə öz növbəsində rəsmi Tbilisi ilə Brüssel arasında onsuz da son dövrlər kövrək olan münasibətləri korlaya bilər. Müxalifət bunu hakimiyyətə gəlmək üçün fürsət kimi görür.

Müxalif siyasi qüvvələrin irəli sürdüyü əsas tezislərdən biri də “Gürcü arzusu”nun guya Moskva ilə yaxınlaşması ilə bağlıdır. Lakin qısa perspektivdə belə bir yaxınlaşma nə görünür, nə də müzakirə edilir. Çünki hakim partiya da yaxşı anlayır ki, Kremlə doğru meyllənmək hazırda “yanğına benzin tökmək” kimi təhlükəli addım olar. “Rusiya faktoru” Gürcüstanın daxili siyasətində son dərəcə həssas mövzu olaraq qalır. Həm iqtidar, həm də müxalifət ondan alət kimi istifadə edir və bu sahədə bir-birlərinə güzəştə getməməyə çalışırlar.

Hakimiyyət yaxşı anlayır ki, rəqiblərinin ciddi daxili dəstəyi var və bunu yalnız xarici təsirlərlə azaltmaq mümkün deyil. Bu isə o deməkdir ki, Gürcüstanın siyasi mühitindəki dalğalanmalar hələ bir müddət davam edəcək. Müxalifət istəyinə çatmaq üçün bütün vasitələrə əl atacaq.

Hikmət Həsənov 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?