Rəsmi İrəvanın konstitusiya dəyişikliyini uzatmaq planı etimad qurucuğuluna manəedir - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasının qurultayındakı çıxışı zamanı Ermənistanın yeni konstitusiyasının qəbulu üzrə referendumun 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərindən əvvəl və ya eyni gündə baş tutmayacağına dair açıqlaması regionda sülh və etimad quruculuğu prosesi ilə bağlı müəyyən haqlı suallar doğurub.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünə açıq ərazi iddialarına yol açan müddəaların aradan qaldırılması qaçılmaz şərtdir. Bu proses isə konstitusiya dəyişikliyi, yaxud yeni konstitusiyanın qəbulu yolu ilə mümkündür. Sülh istəyən bir ölkənin əsas qanununda qonşu dövlətlərə qarşı ərazi iddialarının mövcudluğu beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Ermənistanın özünü də regionda təcrid vəziyyətində saxlayır.
2025-ci il 8 avqust tarixdə Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra gözlənilirdi ki, rəsmi İrəvan Konstitusiyanın dəyişdirilməsi məsələsini təxirə salmadan – 2026-cı ilin parlament seçkiləri ilə eyni gündə keçiriləcək referendum vasitəsilə həll etməyə çalışacaq. Amma N.Paşinyanın qurultaydakı son açıqlamaları göstərir ki, Ermənistan rəhbərliyi bu məsələni seçkilərdən sonrakı mərhələyə saxlamaq niyyətindədir.
N.Paşinyanın bu açıqlamaları onun daxildəki ictimai-siyasi proseslərlə əlaqədar müəyyən tərəddüd içində olduğunu göstərir. Məsələ ondadır ki, radikal-revanşist qüvvələr rəsmi İrəvanı Azərbaycanın tələbi və təzyiqi altında Konstitusiya dəyişikliklərinə getməkdə günahlandırırlar. Belə görünür ki, Ermənistan hakimiyyəti bu iddialar fonunda referendumla parlament seçkilərinin eyni gündə keçirilməsini məqbul hesab etmir. Hesab olunur ki, belə şəraitdə referendumun keçirilməsi hakim partiyanın mövqelərini zəiflədə, seçki nəticələrinə mənfi təsir göstərə bilər. Ərazi iddialarına yol açan müddəaların konstitusiyadan çıxarılması Ermənistan cəmiyyətində hələ də kəskin mübahisələr doğuran, daxili siyasi qüvvələr tərəfindən manipulyasiya edilən məsələdir. Seçkilərdə qalib gəldikdən sonra sosial dayaqlarının güclənəcəyini, ictimai rəyə daha çox təsir imkanları qazanacağını düşünən Nikol Paşinyan konstitusiya dəyişikliyinə tələsmir.
Fəqət, bu yanaşma 8 avqust tarixli Vaşinqton razılaşmalarının mahiyyətinə ziddir. Həmin razılaşmalarda sülh sazişinin imzalanması üçün bütün hüquqi-siyasi maneələrin aradan qaldırılması ilə bağlı öhdəlik götürülüb. Ermənistan Konstitusiyasında ərazi iddiaları ilə bağlı müddəaların saxlanıldığı müddətdə isə Yekun Sülh Sazişinin imzalanması mümkün deyil. Başqa sözlə, N.Paşinyanın son açıqlamaları sülh prosesinin ən azı 2026-cı ilin sonunadək uzanması deməkdir.
Obyektivlik naminə qeyd edilməlidir ki, rəsmi İrəvan konstitusiya dəyişikliyinin qaçılmaz olduğunu yaxşı dərk edir. Ermənistan baş naziri dəfələrlə bəyan edib ki, Ermənistanın yalnız konstitusiyasında deyil, həm də gerbində qonşu dövlətlərə qarşı ərazi iddiaları yer alıb. N.Paşinyan qurultaydakı çıxışı zamanı bildirib ki, Ermənistanda uşaqların əksəriyyəti Ağrı dağının Türkiyə ərazisində yerləşdiyini bilmirlər. Bu etiraf göstərir ki, Ermənistanın təhsil sistemində uzun illər ərzində qonşu dövlətlərə qarşı ərazi iddiaları təbliğ olunub. Paşinyan eyham vurub ki, bu kimi yanlış təsəvvürlər aradan qaldırılmadan, ərazi iddiaları Konstitusiyadan çıxarılmadan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması mümkün olmayacaq. Təsadüfi deyil ki, Ermənistan hökuməti sərhədi keçərkən pasportlara vurulan möhürlərdən Ağrı dağının (ermənilər onu “Ararat dağı” adlandırır) təsvirini “qonşu ölkələrə təhlükəli mesajlar göndərməmək üçün” çıxarmağa qərar verib.
Bütün bunlara baxmayaraq, N.Paşinyanın referendum məsələsini 2026-cı ilin parlament seçkilərindən sonraya saxlaması narahatlıq doğurur. Çünki bu prosesin uzanması regionda qeyri-müəyyənlik yaradır və Ermənistan siyasi rəhbərliyinin sülh sazişinin imzalanmasına tələsmədiyini göstərir. N.Paşinyan ənənəsinə uyğun olaraq yenə də ziddiyyətli açıqlamalar verir: bir tərəfdən sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayır, digər tərəfdən müqavilənin imzalanması üçün əsas şərtlərdən olan Konstitusiya dəyişikliyini uzadır. Onun bu addımları isə daha çox konjonktural hakimiyyət maraqları ilə bağlıdır.
Rəsmi İrəvanın bu siyasi manipulyasiyaları rəsmi Bakını heç də qayğılandırmır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edən, regionda sülh gündəliyini diktə edən tərəfdir. 8 avqust tarixli Vaşinqton razılaşmalarından sonra Ermənistanın bu prosesdən yayınmaq imkanı yoxdur. Həm beynəlxalq geosiyasi vəziyyət, həm də regiondakı real güc balansı Ermənistanı sülh sazişinə doğru addımlamağa məcbur edir. Bundan başqa, Vaşinqtonda “Trampın Sülh və Rifah Marşrutu” ilə bağlı əldə olunan prinsipial razılaşma Azərbaycanın yaxın perspektivdə Zəngəzur dəhlizi vasitəsilə Ermənistanın ərazisi üzərindən Naxçıvana maneəsiz keçidi təmin edəcəyi deməkdir.
Qeyd edilənlər bir daha göstərir ki, Yekun Sülh Sazişinin imzalanmasının yubanması Ermənistanın özünə zərər vurur. Əgər Ermənistan həqiqətən müstəqil dövlət kimi inkişaf etmək, təcrid vəziyyətindən çıxmaq, təhlükəsizliyini təmin etmək, siyasi baxımdan müstəqilləşmək istəyirsə, sülh sazişini ən qısa zamanda imzalamaqdan başqa yolu yoxdur. N.Paşinyanın prosesi 2026-cı ilin sonuna qədər uzatması ölkə daxilindəki siyasi vəziyyəti idarəolunan vəziyyətdə saxlamaq məqsədi daşısa da, nəticə etibarilə regionda etimad quruculuğuna xələl gətirir.
MTM Analitik Qrupu