Bu gün

Ermənistan cəmiyyəti miflərdən uzaqlaşır – sülh yeganə yol kimi görünür - TƏHLİL

Müasir dövrün reallıqları hər bir ölkədən praqmatik, tarixi stereotiplərdən uzaq, beynəlxalq hüquqa və sivil əməkdaşlığa əsaslanan xarici siyasət yürütməyi tələb edir. Cənubi Qafqazda sülh və sabitliyin mümkün qədər tez bərqərar olması da bu reallığın qəbul edilməsindən asılıdır. Azərbaycan xarici siyasətdə daim bu mövqedən çıxış edərək, dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinin tanınmasını mübahisələrin həllində prioritet kimi önə çəkib.

Ölkəmizin beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırması Ermənistanın təkcə hərbi-siyasi məğlubiyyəti deyil, həm də uzun onilliklər boyu istinad etdiyi saxta ideologiyanın tarixin arxivinə göndərilməsidir. Erməni cəmiyyətinin düşüncəsini zəhərləyən, onu əsassız və irreal fikirlərlə yaşamağa sövq edən bu mifik ideoloji baxışın dəyişməsi, yeni geosiyasi reallıqların qəbul olunması Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunmasının təməl şərtlərindən biridir.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri fonunda Qarabağdakı qeyri-qanuni xunta rejiminin süqutundan sonra bunu rəsmi İrəvan da açıq şəkildə etiraf edir, ölkəyə yeni ideologiyanın vacibliyini, köhnə stereotiplərlə yaşamağın ziyanlı olduğunu bildirir. Ermənistan baş naziri Nikol Paşinyan 2024-cü ilin aprelində ölkəyə “real Ermənistanın ideologiyası”nın vacibliyini bəyan edib və 2025-ci il fevralın 19-da bununla bağlı layihəni cəmiyyətə rəsmən təqdim edib.

Sənədin mahiyyətində yer alan əsas ideya bundan ibarətdir ki, erməni xalqı müasir Ermənistanı yalnız indiki sərhədləri daxilində qəbul etməli, qonşu ölkələrə qarşı əsassız iddialardan, tarixi əsası olmayan ideologiyadan uzaqlaşmalıdır. Erməni xalqının tərəqqi və inkişafa baxışı real Ermənistanın ideologiyasına əsaslanmalı, bu yanaşma ictimai həyatın bütün sahələrində öz əksini tapmalıdır.

Rəsmi İrəvan xeyli müddətdir ki, Ermənistanın beynəlxalq səviyyədə tanınan 29 743 kvadrat kilometr ərazisinin qorunub saxlanılmasının vacibliyini bildirir. Bu, cəmiyyətə illərlə sırınmış uydurma “böyük Ermənistan” mifinin iflasını təsdiqləməklə yanaşı, qarşı tərəfin Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyə məcbur olması deməkdir. “Real Ermənistan” ideologiyasının da mesajı ondan ibarətdir ki, sülh anlayışı yalnız silahların susması deyil, qonşularla normal yaşamaq bacarığıdır.

Burada xüsusi qeyd edilir ki, xarici dəstəyə ümid etmədən, əməkdaşlıq mühitində yaşamaq bacarığı strateji və uzunmüddətli sülhün yeganə yoludur. Bu cür sülh ölkələrin iqtisadi, siyasi və mədəni əlaqələrinin son məqsədi olmaqla yanaşı, təhlükəsizliyin ən real təminatıdır.

Ermənistan hakimiyyəti hazırda bu yanaşmanı bir tərəfdən yeni Konstitusiyanın qəbulu üçün ideoloji-siyasi əsas, digər tərəfdən dövlətçiliyin qorunub saxlanılması və möhkəmləndirilməsi üçün ciddi zəmin hesab edir. Bununla belə, ölkə daxilində yeni ideoloji xəttə qarşı çıxan radikal-revanşist qüvvələr hələ də sakitləşmək istəmir, “bəlkə də qaytardılar” prinsipi ilə sülh quruculuğuna mane olmağa uğursuz cəhdlər göstərirlər. Qarabağ mövzusundan daim siyasi alət kimi istifadə edən bu qüvvələr mövcud geosiyasi reallıqları qəbul etmək istəmədikləri kimi, yeni ideologiyanın guya Azərbaycan və Türkiyənin təzyiqləri altında hazırlandığını iddia edir, cəmiyyəti çaşdırmağa çalışırlar. Nikol Paşinyanın təşəbbüsü “təzyiqlərə baş əymək”, “milli maraqları zərbə altına qoymaq” kimi qələmə verilir.

Həmin qüvvələrin qeyri-ciddi, məntiqsiz arqumentlərindən biri də budur ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi nəticəsində ölkə guya suverenliyini və gələcək perspektivlərini itirəcək. Hazırda bu ölkənin bəzi media qurumlarının apardığı kampaniyalarda N. Paşinyan “xəyanətkar”, yeni ideologiya isə “milli maraqlara zidd” kimi təqdim edilir.

Bununla belə, Ermənistan cəmiyyətində mütləq əksəriyyətin bu “iddiaları” ciddi qəbul etmədiyi də açıq görünür. 2025-ci ilin 8 avqustunda iki ölkə arasında Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra erməni ictimai fikrində bu qənaət daha da möhkəmlənib ki, regionda sülhün alternativi yoxdur. İllərlə davam edən münaqişənin və özünütəcrid siyasətinin ölkəyə yalnız fəlakətlər gətirdiyi də ictimai rəydə artıq qəbul edilir.

“Real Ermənistan” ideologiyasının mahiyyətini düzgün dərk edən praqmatik insanlar hesab edirlər ki, Ermənistan üçün yeganə çıxış yolu regional əməkdaşlıq mühitinə qoşulmaq və qonşularla normal münasibətlər qurmaqdır.

Bu mənada, artıq Ermənistandakı radikal-revanşist qüvvələrin və xaricdəki bəzi diaspor təşkilatlarının rəsmi İrəvanın sülhə köklənən siyasi kursuna təsir imkanları böyük deyil. Çünki ölkə hazırda iqtisadi, siyasi və təhlükəsizlik baxımından ciddi seçim qarşısındadır: Ermənistan ya əsassız iddialardan əl çəkərək əməkdaşlıq və inkişaf yolunu tutmalı, ya da keçmişlə yaşayaraq təcrid vəziyyətində qalmalı və ciddi təhdidlərlə üzləşməlidir.

Ermənistanın yeni Konstitusiya layihəsinin də məğzi budur – qonşulara qarşı ərazi iddialarına son qoymaq, ölkəni real sərhədlər çərçivəsində möhkəmləndirmək. Bu həm də rəsmi İrəvanın beynəlxalq öhdəliklərə uyğun davranış nümayiş etdirməsi deməkdir. Rəsmi Bakının dəfələrlə vurğuladığı kimi, ərazi iddialarının “siyasi-ideoloji və hüquqi əsasları”nın aradan qaldırılması sülh sazişinin imzalanması üçün vacib şərtdir.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da İsrailin “I24 News” telekanalına müsahibəsində qeyd edib ki, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmalar və Yekun Sülh Sazişinin paraflanması mühüm irəliləyiş olsa da, bu, yalnız ilkin mərhələdir. Ermənistan konkret addımlar ataraq, Azərbaycana qarşı ərazi iddialarına son qoymaq niyyətilə Konstitusiyasını dəyişdirdikdən sonra tam və dayanıqlı sülhə nail olmaq mümkündür.

Bir sözlə, Ermənistan cəmiyyəti hazırda regiondakı əməkdaşlıq imkanlarından faydalana bilmək üçün mütləq şəkildə yeni reallıqları qəbul etməlidir. “Real Ermənistan” ideologiyası isə bu istiqamətdə yeganə çıxış yolu kimi görünür. Bu ideologiyanın ictimai şüurda qəbulu ölkənin regional layihələrdə iştirakına da imkan yarada bilər. Aydın görünür ki, erməni xalqı artıq tarixi miflərdən uzaqlaşır, əsassız iddialardan əl çəkir və sülhü, təhlükəsizliyi regionda axtarır.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?