Bu gün

Rusiyanın məkrli Qafqaz “sevdası” - ŞƏRH

Çar Rusiyası hələ 17-ci əsrdən Qafqaza, xüsusən də Azərbaycana xüsusi maraq və diqqət göstərib. Amma bu istək və maraq işğalçılıq və müstəmləkə siyasətindən başqa bir şey deyil. Bu gün Çar Rusiyasının timsalında Rusiya Federasiyası bu siyasəti davam etdirir. Çünki Cənubi Qafqaz bölgəsi geosiyasi və strateji əhəmiyyətə malik bir regiondur. Eyni zamanda Avropanı Asiya ilə birləşdirməsi, bir sıra qlobal marşrut xətlərinin, İpək yolunun buradan keçməsi işğalçı siyasət yürüdən Kremlin daim diqqət mərkəzində olub. Sovet İttifaqı dağıldıqdan sonra da Rusiya bu regionda söz sahibi olmaq, ölkələri öz təsiri altında saxlamaq üçün müəyyən planlar qurub. 1980-ci illərin sonunda başlayan Dağlıq Qarabağ münaqişəsini buna misal göstərmək olar. Çünki Rusiya ilə yanaşı, Qərb ölkələri də bu regiona ciddi maraq göstərirdilər və söz sahibi olmaq üçün gizli rəqabətə start vermişdilər. Belə bir mühitdə Cənubi Qafqazı əldən vermək istəməyən Rusiya təbii ki, münaqişə yolunu seçdi və Azərbaycanla Ermənistanı savaşa sürüklədi. Sirr deyil ki, Qarabağ ermənilərinin təşkilatlanmasında, silahlanmasında rusiyalı siyasətçi və iş adamlarının xüsusi rolu və çəkisi olub. 1992-ci ilin fevral ayında baş verən Xocalı faciəsinin 366-cı motoatıcı alayın dəstəyi ilə həyata keçirildiyi hamı tərəfindən bilinən faktdır. Elə bu hadisələrdən əvvəl 1991-ci il 20 noyabr tarixində Azərbaycanın daxili işlər naziri, baş prokuroru və digər rəsmilərini daşıyan helikopterin vurulmasının səbəbi bu şəxslərin məkrli Kreml siyasətinə qarşı çıxmaları idi.

Cənubi Qafqaz regionu həm də Rusiyanın isti dənizlərə çıxışı üçün nəzərdə tutulan üç əsas istiqamətdən biridir. Qafqaz bölgəsini ələ keçirərək, buradan keçid bölgəsi kimi istifadə etmək, Şərqi Anadolu vasitəsilə Aralıq dənizinə enmək Kremlin məkrli planlarından sadəcə biridir. Hind okeanına da çıxış məhz bu bölgədən keçir. Asiyanın qapısı olan, İran və Türkiyə ilə sərhədi olan Cənubi Qafqaz Moskvanın başqa planları üçün də daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, uzun illər Rusiyanın forpostu kimi tanınan Ermənistanın Gümrü şəhərində 102-ci hərbi baza yerləşir və bu baza Türkiyə ilə sərhəddə qurulub.

Eyni zamanda, bu sıraya neft və qaz məsələsini də əlavə etmək lazımdır. Rusiya dünyada iri neft ixracatçılarından biridir. Bunun vasitəsi ilə də bir sıra ölkələri özündən asılı vəziyyətdə saxlamaq siyasətini güdür. Amma müstəqillik əldə edən və sərbəst xarici siyasət yürüdən Azərbaycan “Əsrin müqaviləsi”ni imzalamaqla, onun bu inhisarçılıq niyyətini puç edib. Bu müqavilənin imzalanmaması üçün Rusiya Azərbaycana təsir etmək istəsə də, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Moskvanın planları suya düşdü. Moskvanın əsas məqsədi Azərbaycan neftini Qərb bazarına daşıyacaq boru kəmərlərinin Rusiyadan keçməsi olub. Amma Azərbaycan bu işdə qardaş Türkiyəni yanına alaraq, Bakı-Tiflis-Ceyhan kəmərinə nail oldu.

Göründüyü kimi, Rusiyanın Cənubi Qafqazda, xüsusən də Azərbaycanda bir sıra maraqları var və biz bu dəfə onlardan sadəcə bir neçəsinə toxunduq.

Hikmət Həsənov

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?