İran-İsrail münaqişəsi və Ermənistanın enerji sektoru üçün gözlənilən risklər və təhlükələr - ŞƏRH

İran-İsrail qarşıdurması artıq iki həftəyə yaxındır ki, davam edir. İki ölkə bir-birinin ərazisinə zərbələr endirir. Hər iki tərəfdə böyük dağıntılar, insan tələfatı var. Bununla yanaşı, ABŞ-nin də İran ərazisini bombalaması münaqişəni daha da alovlandırıb. Artıq dünən gecə saatlarında İslam Respublikasının Silahlı Qüvvələri ABŞ-nin Qətər və Suriyadakı hərbi bazalarına hücum edib. Son xəbərlərə görə, atəşkəs elan edilib. Lakin bunun çox kövrək olduğunu söyləmək olar. Ehtimal etmək olar ki, növbəti günlərdə və həftələrdə atəşkəsin pozulması, regionda yeni eskalasiyanın yaranması halları müşahidə ediləcək.
Baş verən hadisələr Ermənistanın enerji sektoruna, xüsusən də Ermənistan-İran enerji əməkdaşlığına ciddi təsir göstərə bilər. Sirr deyil ki, erməni hökuməti İranla bir sıra sahələrdə, xüsusən də ticarət və energetika sahəsində sıx əməkdaşlıq edir. Hazırda münaqişə səbəbindən 500-dən çox yük maşınının İran-Ermənistan sərhədində ilişib qalması ticarət dövriyyəsinə mənfi təsir edir. Bununla yanaşı, münaqişə dayandırılsa da, İranın bərpası uzun müddət davam edəcək. Bu isə o deməkdir ki, üçüncü yüksək gərginlikli Ermənistan-İran elektrik xəttinin işə salınması üzrə işlər yaxın illərdə çətinləşəcək. Eyni zamanda Ermənistana qaz tədarükü də sual altında qala bilər. Ermənistan hər il İrandan 350 milyon kubmetr qaz alır. Bunun müqabilində isə bir milyard kilovatsaat enerjini İrana ötürür. Lakin hərbi əməliyyatların davam etməsi və İranın Hörmüz boğazını bağlaması durumunda bu proqramlar da risk altına düşə bilər.
Ermənistan istehlak etdiyi qazın təxminən 20 faizini İrandan alır. Bu isə istehlakçılar üçün yox, elektrik enerjisi istehsalı üçün nəzərdə tutulub. Buna görə də, belə bir proqramın risklə üzləşməsi Ermənistanın enerji sektoruna ciddi təsir edə bilər. Nəzərə almaq lazımdır ki, erməni dövləti qazın təxminən 75 faizini Rusiyadan əldə edir. Amma son günlər Moskva və İrəvan xəttində gərginliyin artması fonunda bu da yaxın perspektivdə yaxşı heç nə vəd etmir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Aİ-yə yaxınlaşmasının 6 milyard ticarət itkisi ilə nəticələnəcəyi barədə təhdid səsləndirib. Bununla yanaşı, bənzər fikri Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova da ifadə edib. Üstəlik, Yuxarı Lars keçid məntəqəsi kimi rıçaqdan istifadə edərək, İrəvanı cəzalandıran Kreml üçün qaz nəqlini hansısa bəhanələrlə azaltmaq, minimuma endirmək heç də çətin olmayacaq. Bu səbəbdən də Ermənistanın enerji sektoru yaxın vaxtlarda ciddi təhlükələrlə üzləşə bilər.
Hikmət Həsənov