“İbrahim Sazişi"nin yeni üzü: Azərbaycan - TƏHLİL

Bəzən bir sazişin adı sadəcə diplomatik kağız üstündə qalır, bəzən isə siyasi coğrafiyaları dəyişir. 2020-ci ildən bəri gündəmdə olan və artıq bir neçə ərəb ölkəsinin İsraillə münasibətləri normallaşdırmaq üçün imzaladığı “İbrahim sazişləri” bu ikinci kateqoriyaya aiddir. Amma indi bu prosesə Azərbaycan adının da daxil edilməsi ideyası gündəmdədir və bu, Yaxın Şərq oyununun qaydalarını dəyişə bilər.
İsrailin ərəb ölkələri ilə diplomatik əlaqələr qurmaq üçün atdığı bu addım ilk baxışdan utopik görünürdü. Amma baş verdi. BƏƏ, Mərakeş, Sudan, Bəhreyn kimi ölkələr İsraillə əlaqələr qurdu. Fələstin məsələsi tam həll olunmamış qalmasına baxmayaraq, ərəb ölkələrinin bir qismi reallıqlarla barışaraq, yeni səhifə açmağa cəhd göstərdi.
Adını İbrahim peyğəmbərin, yəni həm müsəlmanların, həm yəhudilərin, həm də xristianların ortaq dini fiqurunun adından alan bu sənəd, əslində, ABŞ-nin bölgədə yaratmaq istədiyi yeni strateji xəritənin tərkib hissəsidir.
Azərbaycan nə ərəb ölkəsidir, nə də Yaxın Şərq ölkəsi. Amma İsraillə olan münasibətlərinə baxanda, bəzi ərəb ölkələrindən də “yaxındır”. İsrailə pilotsuz uçuş aparatları, yüksək texnologiyalar, hərbi əməkdaşlıq, enerji sektorundakı əlaqələr artıq gizli deyil. Digər tərəfdən, Azərbaycan həm də İslam dünyasının tanınmış üzvüdür, Türk Dövlətləri Təşkilatının fəal iştirakçısıdır.
ABŞ-də bəzi siyasi dairələrin, konkret olaraq 50-dən çox ravvinin Azərbaycanı bu sazişə daxil etmə çağırışları heç də təsadüfi deyil. Onlar açıq şəkildə bildirirlər ki, Azərbaycanın “İbrahim Sazişi”nə daxil olması həm ABŞ-nin strateji maraqlarına xidmət edər, həm də bölgədə yeni siyasi balans yaradar.
Birincisi, Azərbaycan İsrailə açıq dəstək verən azsaylı müsəlman ölkələrindəndir. Bu baxımdan Bakının belə bir sazişə imza atması, bəlkə də, ərəb ölkələri üçün presedent rolunu oynaya bilər. İkincisi, ABŞ üçün bu, həm də Azərbaycan üzərindən Cənubi Qafqazda və Yaxın Şərqdə təsir dairəsini genişləndirmək fürsətidir. Ravvinlərin müraciətində “907-ci düzəlişin ləğvi” ilə bağlı çağırış da təsadüfi deyi. Bu, Vaşinqton-Bakı münasibətlərində qalıq kimi qalan köhnə bir maneənin aradan qaldırılması istəyi ilə bağlıdır.
Əgər Bakı bu sazişə qoşularsa, yalnız diplomatik jest etmiş olmayacaq. Bu, həm də Yaxın Şərqdə vasitəçi rolunu oynamaq imkanı deməkdir. Azərbaycanın bir neçə dəfə Cənubi Qafqazda və digər bölgələrdə vasitəçi rolu oynadığı təcrübə var. İndi isə bu təcrübə daha geniş miqyasda istifadə oluna bilər.
Eyni zamanda, bu, iqtisadi baxımdan da yeni qapılar aça bilər. İsrailin texnologiyası, ABŞ-nin investisiya imkanları, ərəb ölkələrinin enerji bazarı ilə əlaqə Azərbaycanın regional və qlobal rolu üçün yeni mərhələ ola bilər.
“İbrahim sazişləri” yalnız kağız üzərində qalarsa, Yaxın Şərq üçün heç nə dəyişməz. Amma bu prosesə regionun fərqli və nüfuzlu oyunçularının, o cümlədən Azərbaycanın daxil olması, həm simvolik, həm də praktiki nəticələr doğura bilər.
Əlbəttə, bu saziş nə Qəzzadakı müharibəni, nə də Tehran-Təl-Əviv gərginliyini bir anda həll edəcək. Amma bu, yeni bir yanaşmanın, praqmatik diplomatiyanın başlanğıcı ola bilər.
TƏHLİL ANALİTİK QRUP