Ermənistana silah axını: Qafqazda gərginlik artır - MƏQALƏ

Son illərdə Hindistanın Ermənistana silah tədarükünün artırması, Cənubi Qafqaz regionunda narahatlıq doğuran ciddi bir geosiyasi tendensiyaya çevrilib. Bu proses təkcə ikitərəfli hərbi əməkdaşlıq üçün deyil, həm də regional sabitlik və xüsusilə Azərbaycanın dövlət təhlükəsizliyiyi üçün ciddi təhdid kimi qiymətləndirilir.
Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduqdan sonra bölgədə sülh, əməkdaşlıq və inteqrasiya imkanları kimi yeni reallıq formalaşıb. Lakin Ermənistanın davamlı şəkildə silahlanması və Hindistandan hücum xarakterli silah sistemləri əldə etməsi bu prosesi təhlükə altına atır. Xüsusilə artilleriya sistemləri, uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları kimi texnologiyaların Ermənistana ötürülməsi, regional silahlanma yarışını təşviq edir və sülh gündəliyinə ziddir.
Məlum olduğu kimi Hindistan Ermənistana Pinaka çoxsaylı raket buraxılış sistemləri (MLRS) tədarük edib. Bu sistemlər geniş əraziləri qısa zamanda vurmaq qabiliyyəti ilə tanınır və hücum məqsədli silahlardan sayılır. Eyni zamanda, Ermənistan “Swathi” artilleriya radarı ilə də təmin olunub. Bu sistem düşmən artilleriyasının yerini dəqiqliklə müəyyən edərək, əks-batareya atəşi üçün imkan yaradır. Bundan əlavə, tərəflər arasında 155 mm-lik özüyeriyən haubitsalar, tank əleyhinə idarə olunan raket sistemləri və digər hərbi texnikaların tədarükü ilə bağlı danışıqların davam etdiyi bildirilir.
Bu silahların tədarükü fonunda Ermənistanın revanşist dairələrinin ritorikasında yenidən aqressiv mövqelərin gücləndiyi müşahidə olunur. Bu isə Cənubi Qafqazda kövrək olan sabitliyi pozaraq, yeni toqquşmaların baş vermə ehtimalını artırır. Ermənistanın silahlanması, Azərbaycanın suverenliyinə və sərhədlərinin toxunulmazlığına real təhlükə yaratmaqla yanaşı, regionda böyük güclər arasında yeni gərginlik ocaqlarının yaranmasına da səbəb ola bilər.
Azərbaycan dövləti və ictimaiyyəti Hindistan-Ermənistan hərbi əməkdaşlığını diqqətlə izləyir və bu cür silah tədarüklərinin qarşısının alınması üçün beynəlxalq təşkilatlar və tərəfdaş ölkələr qarşısında məsələ qaldırır. Cənubi Qafqazda dayanıqlı sülh yalnız bütün ölkələrin bir-birinin suverenliyinə hörmət etməsi və silahlanma əvəzinə, diplomatik yollarla münasibətləri normallaşdırmağa çalışması ilə mümkündür.
Hindistan kimi böyük və nüfuzlu bir ölkənin Ermənistanın silahlandırılmasında fəal rol alması, onun regiondakı tərəf tutmama siyasəti ilə ziddir və regional balansı pozur. Bu cür siyasət yalnız Azərbaycana deyil, eyni zamanda bütün regionun təhlükəsizliyinə mənfi təsir göstərmək potensialına malikdir.
Azərbaycan sülh tərəfdarıdır lakin hər cür təhdidə qarşı cavab vermək əzmindədir. Azərbaycanın güclü ordusu, strateji tərəfdaşlıqları və xalqın milli birliyi ölkənin təhlükəsizliyinin qarantıdır. Cənubi Qafqazda sabitliyi pozmağa yönələn istənilən cəhd isə gec-tez iflasa uğrayacaq.
TƏHLİL ANALİTİK QRUP