Minsk qrupunun sonu – Azərbaycanın həm hərbi, həm də diplomatik zəfəri - ŞƏRH

2025-ci ilin 1 sentyabr tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksəksəviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır.
Uzun illər əsas missiyası Azərbaycan-Ermənistan münaqişəsinin həlli olan bu qurumun 30 ildən çox fəaliyyətsizliyi, ancaq şəhərlərə səfər edib boş-boş açıqlamalar verməsi artıq tarixin bir küncünə atıldı. 2020-ci ildə Azərbaycanın tarixi zəfəri ilə başa çatan 44 günlük müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyev artıq Minsk qrupunun ləğv edilməsi barədə konkrent bəyanat səsləndirdi. Əslində müharibədən sonra da bu qurum de-fakto fəaliyyətini dayandırmışdı. Amma de-yure varlıq Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə saxlanılması üçün bəzi qüvvələrin, xüsusən də Fransa kimi ölkələrin işinə yarayırdı. Bu isə bir tərəfdən müxtəlif maraqlı qüvvələrə həm region daxilində, həm də regiondan kənarda olan faktorlara müdaxilə imkanları yaradır, digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hüquqi-siyasi zəminini qorumaq cəhdinə xidmət edirdi. Azərbaycan ərazi bütövlüyünü hərbi yolla təmin edərək münaqişəni bitirsə də, qrupun kağız üzərində mövcudluğu hələ də reallığı dərk etməyən erməni hökuməti tərəfindən gündəmə gətirilir, xarici qüvvələr isə bu yolla Cənubi Qafqaza nüfuz etməyə çalışırdılar. Amma Azərbaycanın israrlı tələbi və diplomatik uğuru bu qurumun ləğvi ilə nəticələndi. Bu, Qarabağ münaqişəsinin beynəlxalq gündəmdən tamamilə çıxarılması deməkdir. Təsadüfi deyil ki, bu səbəbdən də İrəvanda məskunlaşan bir sıra Qarabağ separatçıları, xüsusən də Qərbin alətinə çevrilən Artak Beqlaryan kimi şəxslər dünəndən başlayaraq yenə sərsəm açıqlamalar verir, hələ də xam xəyallarla yaşayırlar. Artakların havadarları gözəl anlayırlar ki, regiona müdaxilə üçün hüquqi əsasları artıq yoxdur. Eyni zamanda separatizm üzərindən manipulyasiya imkanları da ləğv edildi.
Əslində Minsk qrupunun ləğvi Ermənistan üçün də faydalıdır. Birincisi, yeni əməkdaşlıq imkanları yaranır, bu da öz növbəsində İrəvanın Azərbaycanın liderlik etdiyi beynəlxalq layihələrə qoşulma imkanı verir. İkincisi, Ermənistanda separatçıların hakimiyyət sevdasının üstündən xətt çəkilir. Çünki ərazi iddialarını qanuniləşdirmək üçün istifadə edilən beynəlxalq mexanizmlər artıq yoxdur. Bu, həm də Nikol Paşinyan üçün seçkilərdə qalib gəlməyə yeni platforma deməkdir. Artıq Cənab Prezidentin də dediyi kimi, regionda sülh və əməkdaşlıq dövrü başlayır.
Hikmət Həsənov