Bu gün

“İƏT 2035” Qarabağdan başladı - TƏHLİL

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVII Zirvə görüşü həm siyasi, həm də məzmun baxımından tarixə düşdü. Bu sammit Azərbaycanın beynəlxalq diplomatiyada artan nüfuzunun göstəricisi olmaqla yanaşı, İƏT-in fəaliyyətində yeni mərhələnin başlanğıcını qoydu. Təşkilatın Baş katibi Əsəd Məcid Xanın çıxışında vurğuladığı kimi, Xankəndi sammiti bir sıra ilklərlə yadda qaldı və təşkilatın 2035-ci ilə qədər strateji baxışının əsas istiqamətlərini müəyyənləşdirdi. Ən mühüm yenilik isə İƏT tarixində ilk dəfə qadınların, gənclərin və müxtəlif sosial təbəqələrin strateji planlaşdırma prosesinə sistemli şəkildə cəlb edilməsidir. Belə ki, Baş katibin sözlərinə görə, sammit çərçivəsində təşkilatın uzunmüddətli inkişaf xəritəsi – İƏT 2035 Strategiyası üzərində işlərə start verilib. Bu sənəd təşkilatın gələcəkdə bir çox sahələr üzrə inteqrasiya və əməkdaşlıq səviyyəsini yüksəltməyi hədəfləyir. İlk növbədə üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması və nəqliyyat dəhlizlərinin genişləndirilməsi, davamlı enerji mənbələrinin təşviqi və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri, rəqəmsal transformasiya sahəsində ortaq standartların və layihələrin formalaşdırılması, təhsil, gənclər siyasəti və qadınların iqtisadi proseslərə iştirakının dəstəklənməsi diqqət mərkəzində olacaq. Əvvəlki strateji sənədlərlə müqayisədə əsas fərq məhz cəmiyyətin daha geniş təbəqələrinin – qadınların, gənclərin, qeyri-hökumət sektorunun planlaşdırma prosesinə institusional inteqrasiyasıdır. Bu yanaşma İƏT-in fəaliyyətinə daha inklüziv və sosial yönümlü məzmun qazandırır, “İƏT ailəsi” ruhunun yaradılması konsepsiyasını irəli sürür. Bu konsepsiya üzv ölkələrin qarşılıqlı hörmətə əsaslanan strateji həmrəyliyini, müxtəlif sosial qrupların, xüsusilə qadın və gənclərin potensialının səfərbər edilməsini, ortaq mədəniyyət və dəyərlərin təşviqini, cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsini ehtiva edir. Bu baxış təşkilatın yalnız hökumətlər səviyyəsində iqtisadi əməkdaşlıq platforması deyil, həm də daha geniş sosial-mədəni məkanı əhatə edən dəyərlər birliyi olmasını nəzərdə tutur. Yəni “regional iqtisadi ailə” modeli əslində, İƏT-in beynəlxalq imicinin yeni mərhələsidir.

Onu da deyək ki, İƏT dünyada ən uzun tarixi olan qurum kimi Mərkəzi Asiyada əməkdaşlığı irəli aparır. Təşkilat 1985-ci ildən bəri İran, Pakistan və Türkiyənin təşəbbüsü ilə yaranıb, daha sonra Mərkəzi Asiyanın bütün respublikalarını və Əfqanıstanı birləşdirərək geniş regional platformaya çevrilib. Mərkəzi Asiya ölkələrinin İƏT-də fəallığı üç əsas məqsədə - bölgədə iqtisadi təhlükəsizliyi təmin etməyə. Sovet ittifaqının süqutundan sonra yeni inteqrasiya mexanizmləri yaratmağa, mədəni yaxınlıq və tarixi bağlar əsasında ortaq dəyərlər məkanını formalaşdırmağa xidmət edib. Bu baxımdan “Mərkəzi Asiyada əməkdaşlığın bələdçisi” konsepsiyası həm simvolik, həm real məna daşıyır. Xankəndi sammiti isə 2035-ci ilə qədər strateji məqsədlər layihəsinin təsdiqlənməsi üçün məsləhətləşmələrin başlanmasına yaşıl işıq yandırdı. Bundan əlavə, qadın və gənclər təşkilatlarının dialoq prosesinə institusional şəkildə qoşulması, “İƏT ailə ruhu” konsepsiyasının rəsmən elan olunması budəfəki sammitin əsas naliyyətləri oldu.

Ehtimal edilir ki, bu sammitdən sonra İƏT üzvü olan ölkələr arasında ticarət həcminin artırılması, birgə rəqəmsal iqtisadiyyat platformalarının təşkili, gənclərin və qadınların biznes və idarəçilik sahələrinə inteqrasiyası, mədəniyyət və təhsil mübadilələrinin genişləndirilməsi daha çox diqqət mərkəzində olacaq. Bu proseslər həm İƏT-in mövqeyini möhkəmləndirəcək, həm də Azərbaycan üçün yeni iqtisadi və siyasi imkanlar yaradacaq. Bir sözlə, Azərbaycanın ev sahibliyi etdiyi bu sammit həm regional həmrəyliyin, həm də ölkəmizin artan beynəlxalq nüfuzunun bariz sübutudur. Qarabağın mərkəzində baş tutan belə əhəmiyyətli tədbir Azərbaycanın diplomatik tarixində yeni səhifə açmaqla yanaşı, bölgədə sülhün, inkişafın və əməkdaşlığın möhkəm təməlini qoyur.

MTM Analitik Qrupu 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?