Zəfər paradından qlobal əməkdaşlığa: Üç qardaşın birliyi - TƏHLİL

Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad və orada nümayiş etdirilən texnika bir daha dünyanın diqqətini Azərbaycan üzərində cəmləşdirdi. Bu, təkcə simvolik nümayiş deyil, həm də regionun yeni güc balansını göstərən siyasi mesaj idi. Xarici mediada və ekspert təhlillərində də qeyd olunduğu kimi, paradda Türkiyə və Pakistanın yüksək səviyyədə təmsil olunması, hər iki ölkənin hərbçilərinin iştirakı xüsusi önəm daşıyırdı.
Prezident İlham Əliyev çıxışında bu birliyin dərin mənasını vurğulayaraq qeyd edib: “Müharibə zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın ‘Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!’ deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.” Dövlət başçısı, həmçinin Pakistanın dəstəyini yüksək qiymətləndirərək bildirib ki, bu gün ilk dəfə Azadlıq meydanında Pakistan hərbçiləri də Azərbaycan və Türkiyə ilə bir sırada dayanır. Bu, üç dövlətin hərbi və mənəvi birliyinin ən parlaq təzahürüdür.
Azərbaycan, Türkiyə və Pakistan arasında qurulmuş münasibətlər təkcə dostluğa və dini-mədəni yaxınlığa deyil, həm də təhlükəsizlik, enerji, texnologiya və diplomatiya sahələrində ortaq maraqlara əsaslanır. Bu üçlük regional təhlükəsizlik arxitekturasında yeni model formalaşdırır. “Bir millət – üç dövlət” prinsipi artıq rəsmi sənədlərlə və praktik əməkdaşlıqla təsdiqlənib.
Bu münasibətlərin əsası 1990-cı illərdə qoyulub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə onu tanıyan ilk dövlət, Pakistan isə Ermənistanla diplomatik əlaqə qurmayan yeganə müsəlman ölkə oldu. Sonrakı illərdə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək davam etdi. Xüsusilə Qarabağ məsələsində Türkiyə və Pakistanın prinsipial mövqeyi qardaşlığın siyasi təməlini möhkəmləndirdi. 2020-ci ilin Vətən müharibəsi zamanı Türkiyənin diplomatik, informasiya və texnoloji dəstəyi, Pakistanın isə beynəlxalq tribunalarda Azərbaycanın mövqeyinə verdiyi siyasi dayaq bu birliyin real gücünü nümayiş etdirdi. Azərbaycan da eyni şəkildə Kəşmir məsələsində Pakistana, həmçinin Türkiyənin beynəlxalq maraqlarının müdafiəsində prinsipial mövqe sərgiləyir.
2021-ci ildə Bakıda imzalanan “Bakı Bəyannaməsi” Azərbaycan–Türkiyə–Pakistan əməkdaşlığının institusional əsasını qoydu. Bu sənəd üç ölkənin müdafiə, təhlükəsizlik, enerji, nəqliyyat və texnologiya sahələrində inteqrasiyasını dərinləşdirməyi nəzərdə tutur. Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb. Müntəzəm keçirilən birgə hərbi təlimlər və müdafiə sənayesi əməkdaşlığı üç ölkənin ordularının koordinasiyasını gücləndirir. Hərbi texnologiyaların mübadiləsi və ortaq əməliyyat bacarıqları regional balansda mühüm faktor kimi çıxış edir.
Bu gün Azərbaycan, Türkiyə və Pakistan təkcə regional deyil, qlobal miqyasda da türk-İslam dünyasının aparıcı dövlətləri kimi çıxış edir. Onların strateji yaxınlığı Avrasiyanın geosiyasi xəritəsində yeni güc mərkəzinin formalaşmasına səbəb olub. Bu ittifaq təkcə hərbi və siyasi sferada deyil, həm də iqtisadi, texnoloji və enerji sahələrində ortaq təşəbbüslərlə özünü göstərir. Bu, həm Qərb, həm də Şərq arasında balans yaradan, ədalət və suverenliyə əsaslanan bir əməkdaşlıq modelidir. Azərbaycan–Türkiyə–Pakistan birliyi regionun təhlükəsizliyinə, sabitliyinə və iqtisadi inteqrasiyasına mühüm töhfə verir. Bu üçlük həm ideoloji, həm də strateji baxımdan yeni dövrün siyasi doktrinasını formalaşdırır — güc vasitədir, məqsəd isə sülh və ədalətdir.
MTM Analitik Qrupu