Davos mesajı: Azərbaycan qlobal enerji gücü olma yolunda - ŞƏRH

Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda səsləndirdiyi “2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə ediləcək” bəyanatı Azərbaycanın enerji siyasətində yeni və keyfiyyətcə fərqli mərhələyə keçid etdiyini göstərir. Bu çıxış təkcə statistik rəqəmlərin açıqlanması deyil, ölkənin uzunmüddətli iqtisadi inkişaf modelinin və siyasi baxışının beynəlxalq auditoriyaya təqdimatı kimi dəyərləndirilməlidir. Azərbaycanın artıq ənənəvi enerji ölkəsi statusundan çıxaraq, gələcəyin enerji trendlərinə uyğun mövqe tutmaq niyyəti açıq şəkildə ifadə olunur.
Qlobal miqyasda enerji bazarlarında baş verən transformasiyalar, iqlim dəyişiklikləri və karbon emissiyalarının azaldılması ilə bağlı öhdəliklər dövlətləri alternativ enerji mənbələrinə yönəldir. Azərbaycan bu prosesdən kənarda qalmır, əksinə, prosesin təşəbbüskar, fəal iştirakçısı kimi çıxış edir. Neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq, bərpaolunan enerjiyə sistemli şəkildə yatırım etməsi onu göstərir ki, rəsmi Bakı enerji siyasətini yalnız mövcud resurslar üzərində deyil, gələcək nəsillərin maraqları və qlobal çağırışlar fonunda formalaşdırır.
Prezidentin vurğuladığı kimi, artıq iki iri bərpaolunan enerji stansiyasının istismara verilməsi bu sahədə real addımların atıldığını təsdiqləyir. Növbəti altı il ərzində Günəş və külək enerjisi üzrə istehsal gücünün əhəmiyyətli dərəcədə artırılması planı isə dövlətin bu istiqamətdə ardıcıl və planlı siyasət yürütdüyünü göstərir. 2032-ci ilə qədər 8 giqavatlıq gücə nail olmaq hədəfi Azərbaycanın alternativ enerji sahəsində yalnız regional iştirakçı deyil, aparıcı aktor olma iddiasını ortaya qoyur.
Cənubi Qafqaz və Xəzər hövzəsində alternativ enerji potensialı baxımından Azərbaycan artıq seçilən ölkələr sırasındadır. Günəşli iqlim zonalarının genişliyi, külək enerjisi üçün əlverişli coğrafi mövqe, xüsusilə Xəzər dənizi və azad edilmiş Qarabağ əraziləri bu sahədə böyük imkanlar yaradır. Bu potensialın institusional və texnoloji əsaslarla reallaşdırılması Azərbaycanın regionda bərpaolunan enerji üzrə lider mövqeyini möhkəmləndirir.
Eyni zamanda, Avropa İttifaqının enerji təhlükəsizliyi və “yaşıl keçid” strategiyaları fonunda alternativ enerjiyə artan tələbat Azərbaycan üçün yeni əməkdaşlıq və ixrac imkanları açır. Bu amil ölkənin beynəlxalq siyasi mövqeyini gücləndirməklə yanaşı, onun etibarlı və çoxşaxəli enerji tərəfdaşı kimi imicini möhkəmləndirir. Beləliklə, bərpaolunan enerji həm iqtisadi, həm də geosiyasi alətə çevrilir.
Hasil olunacaq bərpaolunan enerjinin həm daxili tələbatın ödənilməsi, həm də satış məqsədilə istifadə edilməsi enerji balansının daha səmərəli qurulmasına şərait yaradacaq. Bu yanaşma daxildə enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, təbii qaz ehtiyatlarının ixrac üçün daha çox sərbəst qalmasına imkan verir. Nəticədə Azərbaycan həm ənənəvi enerji ixracatçısı statusunu qoruyur, həm də paralel şəkildə “yaşıl enerji” ixracatçısı kimi yeni imic formalaşdırır.
Alternativ enerji layihələrinin təsiri yalnız enerji sektorunun inkişafı ilə məhdudlaşmır. Bu sahə yeni texnologiyaların ölkəyə gətirilməsi, yerli istehsal və xidmət sahələrinin genişlənməsi, mühəndislik və texniki ixtisaslara tələbatın artması deməkdir. Minlərlə yeni iş yerinin yaradılması, xüsusilə regionlarda məşğulluğun yüksəlməsi sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə ciddi töhfə verir.
Beləliklə, bərpaolunan enerji sektoru qeyri-neft sektorunun əsas dayaq sütunlarından birinə çevrilir. İqtisadiyyatın şaxələndirilməsi siyasəti bu layihələr vasitəsilə real və ölçülə bilən nəticələr əldə edir. Bu proses uzunmüddətli perspektivdə ölkənin iqtisadi dayanıqlılığını və rəqabət qabiliyyətini artırır.
Prezident İlham Əliyevin Davosdakı çıxışı onu göstərir ki, Azərbaycan özünü artıq yalnız enerji resurslarına malik ölkə kimi deyil, eyni zamanda, enerji istehsalı, tranziti və dayanıqlı texnologiyalar mərkəzi kimi təqdim edir. Neft və qaz üzərində qurulan beynəlxalq reputasiya indi bərpaolunan enerji ilə tamamlanır. Bu sintez Azərbaycanın enerji sahəsində qlobal miqyasda söz sahibi olan ölkələrdən birinə çevrilməsi üçün strateji üstünlük yaradır.
Nəticə etibarilə, 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat gücə nail olmaq hədəfi Azərbaycanın siyasi iradəsinin, iqtisadi uzaqgörənliyinin və qlobal trendlərlə uzlaşan inkişaf modelinin göstəricisidir. Bu strategiya ölkəyə enerji təhlükəsizliyi, qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması və regional liderlik baxımından uzunmüddətli dividendlər vəd edir. Azərbaycan klassik enerji ölkəsindən gələcəyin enerji dövlətinə doğru ardıcıl və inamlı addımlarla irəliləyir.
Hikmət Həsənov