İrəvan uğrunda rəqabət: Aİ–Rusiya qarşıdurması seçkilərə daşınır - ŞƏRH

2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri artıq sırf daxili siyasi proses çərçivəsindən çıxaraq açıq geosiyasi rəqabət predmetinə çevrilməkdədir. Xüsusilə Avropa İttifaqının (Aİ) seçkilərə mümkün xarici konkret halda Rusiya müdaxiləsinin qarşısını almaq üçün fəallaşması Moskvada ciddi narazılıq doğurur və prosesin siyasi temperaturunu yüksəldir.
Məsələ ilk dəfə ötən ilin dekabrında gündəmə gəlib. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirmişdi ki, Ermənistan parlament seçkiləri ərəfəsində Brüsseldən dəstək istəyib. Onun sözlərinə görə, məsələ Aİ xarici işlər nazirlərinin toplantısında müzakirə olunub və İrəvan Moldovaya göstərilən xarici müdaxiləyə qarşı mübarizə mexanizminin Ermənistanda da tətbiqini istəyib. Kallas eyni zamanda Ermənistanın dayanıqlığının gücləndirilməsi və sülh təşəbbüslərinə dəstək məqsədilə 15 milyon avro ayrılacağını açıqlamışdı.
Sonradan məlum olub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın mümkün müdaxiləsi və dezinformasiya kampaniyalarına qarşı çevik hibrid reaksiya qrupunun göndərilməsi üçün Aİ-yə rəsmi müraciət ünvanlayıb. “Azatutyun” radiosunun yaydığı məlumata görə, Mirzoyanın Brüsselə göndərdiyi məktubun surəti əldə edilib. Qeyd olunur ki, Aİ ötən il Moldovada keçirilən seçkilər zamanı Rusiyadan qaynaqlanan və əsasən sosial şəbəkələr üzərindən yayılan dezinformasiyanın qarşısını almaq üçün 20 nəfərlik oxşar qrup göndərmişdi. Həmin təşəbbüs Brüssel və Kişinyov tərəfindən uğurlu hesab olunub və indi eyni modelin Ermənistanda tətbiqi müzakirə edilir.
Brüsseldə aparılan müzakirələrdən sızan diplomatik qeydlərə əsasən, Aİ həm 2026-cı il seçkiləri ərəfəsində, həm də Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesi fonunda ölkənin demokratik dayanıqlığının və informasiya təhlükəsizliyinin gücləndirilməsini hədəfləyir. Təklif olunan dəstəyin açıq şəkildə Rusiyanın sabitliyi pozan fəaliyyətlərinin azaldılmasına və nəticələrinin yumşaldılmasına yönəlməsi vurğulanır.
Aİ üzv dövlətləri qurumun diplomatik xidmətini Azərbaycanla da təmasda olmağa çağırıblar. Məqsəd Aİ-nin Ermənistana dəstəyinin mahiyyətini izah etmək və bunun sülh prosesinə mənfi təsir göstərməyəcəyini vurğulamaqdır. Xatırladaq ki, rəsmi Bakı son illərdə Aİ-nin Ermənistana göstərdiyi hərbi yardım və 2023-cü ildən etibarən Azərbaycanla sərhədin Ermənistan tərəfində fəaliyyət göstərən Aİ Monitorinq Missiyası ilə bağlı narahatlıqlarını dəfələrlə ifadə edib. Yeni missiya təsdiqlənərsə, onun əsas diqqət mərkəzinin hibrid təhdidlər, seçki prosesi və mümkün konstitusiya referendumu olacağı bildirilir.
Aİ-nin bu fəallığı Moskvada kəskin reaksiya doğurub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana qarşı “hibrid hücum” iddialarını ən azı qəribə adlandırıb. O, Moskvada Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü zamanı bildirib ki, Rusiyaya istinad edilərək seçkilərə müdaxilə ilə bağlı səsləndirilən fikirlər təxribat xarakteri daşıyır. Lavrov həmçinin Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməsinin Avrasiya İqtisadi Birliyinə üzvlüklə ziddiyyət təşkil etdiyini vurğulayıb və İrəvanın bu seçimin nəticələrini nəzərə almalı olduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistan 2015-ci ildən bəri AİB çərçivəsində ÜDM-ni 10,5 milyard dollardan 26 milyard dollara qədər artırıb və bu fakt diqqətdən kənarda qalmamalıdır.
Bütün xəbərdarlıqlara baxmayaraq, İrəvan Avropa İttifaqından seçki prosesinə mümkün müdaxilənin və dezinformasiyanın qarşısının alınması üçün çevik hibrid reaksiya qrupunun göndərilməsini istəyib. Bu isə Rusiyanın və Ermənistandakı Moskva yönümlü siyasi qüvvələrin narazılığını daha da gücləndirir. Nəticədə Ermənistan növbəti dəfə böyük güclərin rəqabət meydanına çevrilmək riski ilə üz-üzə qalır və qarşıdakı aylarda atılacaq addımlar təkcə seçkilərin taleyini deyil, həm də regiondakı geosiyasi balansı müəyyən edə bilər.
MTM Analitik Qrupu