Sabah hava dəyişir: Bakıya çiskin, dağlara qar gəlir - PROQNOZ

Milli Hidrometeorologiya Xidməti fevralın 24-nə olan hava proqnozunu açıqlayıb.
Təhlil.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə çiskinli hava ehtimalı var. Şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqinin 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcəyi, nisbi rütubətin isə 70-80 faiz təşkil edəcəyi bildirilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək, mülayim şərq küləyi əsəcək.
Temperatur gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Dağlıq ərazilərdə gecə 0-5° şaxta, gündüz isə 3-8° isti proqnozlaşdırılır.