Geri sayım başladı - TƏHLİL

Dünyanın xüsusi diqqətlə izlədiyi ABŞ-İran gərginliyinin hansı nəticələrlə yekunlaşacağı beynəlxalq ictimaiyyəti ən çox maraqlandıran məsələlərdən biridir. Çünki mümkün müharibənin nəticələri təkcə Yaxın Şərqə deyil, qlobal siyasi və iqtisadi gündəmə də ciddi təsir göstərə bilər. Hadisələr Azərbaycanın yaxın coğrafiyasında cərəyan etdiyindən, rəsmi Bakı da prosesi həssaslıqla izləyir.
Məhz belə bir vaxtda İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə danışıqlarının müəyyən müsbət siqnallar verdiyini bildirib. Bununla yanaşı, Tehran növbəti danışıqlar raundundan əvvəl istənilən ssenariyə hazır olduğunu da bəyan edib. Bu açıqlamalar Vaşinqtonun Fars körfəzində hərbi mövcudluğunu artırması və ABŞ Prezidenti Donald Trampın Tehranın nüvə proqramı ilə bağlı razılıq əldə olunmasa “həqiqətən pis nəticələrin” olacağı barədə xəbərdarlığı fonunda səsləndirilib.
İran və ABŞ bu ayın əvvəlində Omanda Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqları bərpa ediblər. Ötən həftə Cenevrədə ikinci raund keçirilib. Hər iki tərəf danışıqları ümumilikdə müsbət qiymətləndirsə də, ciddi irəliləyiş əldə olunmayıb. Omanın xarici işlər naziri Bədr Əl-Busaidinin sözlərinə görə, üçüncü raundun bu ayın 26-da İsveçrədə baş tutması planlaşdırılır.
ABŞ nümayəndə heyətinə rəhbərlik edən xüsusi nümayəndə Stiv Vitkoff bildirib ki, Ağ Ev Tehranın niyə nüvə proqramını məhdudlaşdırmağa razılıq vermədiyini soruşur. İranın xarici işlər naziri Abbas Əraqçi isə sosial şəbəkədə cavab olaraq “Biz iranlıyıq, buna görə təslim olmuruq” ifadəsini işlədib. O, həmçinin CBS telekanalına müsahibəsində İranın nüvə proqramını milli ləyaqət və qürur məsələsi adlandırıb və proqramın Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında olduğunu vurğulayıb.
Bütün bunlar göstərir ki, nə Vaşinqton, nə də Tehran mövqeyindən geri çəkilməyə hazırdır. Bu isə hərbi ssenarinin gündəmdə qalmasına səbəb olur. ABŞ 2003-cü ildə İraqa müdaxilədən bəri bölgədə ən böyük hərbi qüvvəsini cəmləşdirib. Son günlərdə Yaxın Şərqə yüzdən artıq döyüş təyyarəsi yerləşdirilib. “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi isə Ərəb dənizində yerləşdirilmiş “USS Abraham Lincoln”a qoşulmağa hazırlaşır. Hər iki gəmi yüzlərlə təyyarə və minlərlə şəxsi heyətlə mobil hava bazası funksiyasını yerinə yetirir.
Bölgədə F-35 və F-22 kimi beşinci nəsil qırıcılar, F-15 və F-16 təyyarələri, eləcə də “Boeing E-3 Sentry” erkən xəbərdarlıq sistemləri yerləşdirilib. Tanker və yük təyyarələri də əməliyyat dəstəyinə cəlb olunur. İordaniya, BƏƏ və Səudiyyə Ərəbistanındakı bazalar aktiv şəkildə istifadə edilir. Eyni zamanda, Pentaqon regionda əlavə THAAD və “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdirib.
Mətbuatda yayılan məlumatlara görə, mümkün əməliyyat 2003-cü ildəki İraq müdaxiləsi kimi tammiqyaslı işğal deyil, məhdud və “cərrahi” zərbələr formasında nəzərdən keçirilir. Məqsəd Tehrana təzyiq göstərmək və danışıqlarda daha əlverişli şərtlər əldə etməkdir. Lakin belə addımın regional eskalasiyaya səbəb olmayacağına dair zəmanət yoxdur.
İran tərəfi də cavabsız qalmayacağını bildirir. Ali dini lider Əli Xameneyi ABŞ-ın bölgədəki hərbi obyektlərinə zərbələrin mümkünlüyünü bəyan edib. İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında təlimlər keçirərək strateji su yolunun bağlanması ssenarisini məşq edib. Qlobal neft ticarətinin təxminən 20 faizi məhz bu boğazdan keçir və onun bağlanması dünya iqtisadiyyatı üçün ciddi sarsıntı yarada bilər.
Analitiklərin fikrincə, ABŞ və İran arasında müharibə başlayarsa, ilkin mərhələdə dəniz və hava üstünlüyü uğrunda mübarizə aparılacaq. İran isə ballistik raketlər, dronlar və hava hücumundan müdafiə sistemləri vasitəsilə cavab verməyə çalışacaq. Region ölkələri isə uzunmüddətli münaqişənin genişlənməsi perspektivindən narahatdır.
Şübhəsiz ki, ən optimal variant danışıqların davam etməsi və diplomatik həll yolunun tapılmasıdır. Lakin hazırkı dinamika göstərir ki, hərbi ssenari ehtimalı azalmır, əksinə, tərəflərin sərt ritorikası fonunda daha real görünməyə başlayır.
MTM Analitik Qrupu