Bu gün

Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiqləyib.

Təhlil.az xəbər verir ki, Prezident bununla bağlı "İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi - Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı" Konvensiyasının təsdiqi ilə qanunu imzalayıb.

Qeyd edək ki, Konvensiya informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, araşdırılması və təqibi üzrə dövlətlər üçün ümumi hüquqi standartlar müəyyən edir.

Preambula, 9 fəsil və 68 maddədən ibarət olan Konvensiya dövlət suverenliyinə, konstitusion prinsiplərə və insan hüquqlarına hörmət edilməsini təmin edən hüquqi balans mexanizmlərini nəzərdə tutur. Cinayət təqibi tədbirlərinin qanunçuluq, proporsionallıq və məhkəmə nəzarəti çərçivəsində həyata keçirilməsi Konvensiyanın əsas tələblərindən biridir. Konvensiya qarşılıqlı hüquqi yardım prosedurlarının sadələşdirilməsini və standartlaşdırılmasını təmin etməklə hüquq-mühafizə orqanları arasında əməkdaşlığı sürətləndirir. Xarici rəqəmsal xidmət provayderləri və platformalarla əməkdaşlıq üçün hüquqi müəyyənlik yaradılır ki, bu da məlumatların qanuni əldə edilməsi və istifadəsi prosesini daha səmərəli edir.

Konvensiya institusional potensialın gücləndirilməsi, ixtisasartırma və təcrübə mübadiləsini təşviq edən mexanizmləri nəzərdə tutur.

Azərbaycan bu beynəlxalq sənədi ratifikasiya edən ilk dövlətlərdən biri, potensial olaraq isə ilk dövlət kimi çıxış edəcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?