08 may

Ermənistan sülh istəyir, yoxsa seçkiyə oynayır? - MƏQALƏ

Cənubi Qafqazda müharibə ilə sülh arasında incə bir ip uzanıb. Bu ipi kimin çəkəcəyi, yəni bölgədə sabitliyin kimin iradəsindən asılı olacağı sualı artıq çoxdan cavabını tapıb. Sülh hansısa beynəlxalq təşkilatın yazı stolundan yox, Bakı ilə İrəvanın real addımlarından keçəcək. Azərbaycan bunu açıq deyir. Bölgədə sabitliyin açarı ikitərəfli sülhdə, qarşılıqlı ərazi bütövlüyü tanınmasında və yolların açılmasındadır. Amma problem burasındadır ki, Ermənistan bu reallığı qəbul etsə də, onu həzm edib addım atmağa hələ tələsmir.

Paşinyanın qarşısında seçki var. Özü də bu dəfə sadəcə səs uğruna yox, mövcudluq uğruna bir seçki. Hökumət sülh sənədini “cəbhə cizgisi” kimi saxlayıb, ona kampaniya silahı kimi baxır. Yəni Paşinyan cəmiyyətə belə bir mesaj ötürür ki, “Mən getsəm, sülh də gedər”. Bu taktikanın kökündə yeni müharibə qorxusu var. Məhz bu qorxu sayəsində sosial narazılıqlara, diplomatik iflaslara rəğmən, Paşinyan hələ də hakimiyyətdə qalmağı bacarır.

Erməni cəmiyyəti heç də əvvəlki kimi deyil. İkinci Qarabağ müharibəsi, ardından separatçı rejimin tam iflası, sonda isə Azərbaycanın lokal antiterror əməliyyatı İrəvanda çox şeyi dəyişdi. Artıq əksəriyyət müharibənin Ermənistan üçün nə qədər dağıdıcı olduğunu anlayır. Sülh istəyənlərin sayı çoxdur, revanşistlərin isə səsi var, amma sosial dayağı yoxdur.

Bütün bunların fonunda Paşinyan hökuməti yavaş-yavaş “sülh kartı”nı oynamağa başlayıb. Regionlara səfərlər, “sülh gələcək” mesajları, “Ermənistan 29 743 km²-dən ibarətdir” kimi konkret bəyanatların hamısı sanki seçkiqabağı təbliğatın gizli treyleri kimi təqdim olunur. Parlament sədri Alen Simonyanın “17 müddəanın razılaşdırılması böyük uğurdur” açıqlaması da təsadüfi deyil. Tavuşdakı sərhəd razılaşması “qələbə” kimi satılır. Halbuki bu, sadəcə reallığa gecikmiş uyğunlaşmadır.

Ermənistan rəhbərliyi bir neçə il əvvəl Qarabağda “ikinci erməni dövləti” qurmaq xəyallarını qurarkən, indi “diplomatik nailiyyət” axtarışındadır. Lakin bu dəyişiklik səmimi dönüşdür, yoxsa sadəcə zaman udmaq üçün seçki manevridir?

Rəsmi Bakı üçün fərq etməz. Azərbaycan artıq nidanı qoyub. Sülh sazişi yalnız Ermənistanın Konstitusiyasına dəyişiklik etməsi və ATƏT-in Minsk qrupunun birdəfəlik gündəmdən çıxarılması ilə mümkündür. Rəsmi İrəvan isə bu tələbləri “indi yox, sonra” deyə gecikdirməyə çalışır.  Ən azı 2026-cı ilin sonuna qədər. Çünki Ermənistanın ədliyyə naziri bildirir ki, yeni konstitusiya mətninə 10 ay vaxt lazımdır. Bu da o deməkdir ki, yekun sülh sazişi də böyük ehtimalla seçki sonrasına saxlanılır. Sanki Ermənistan rəhbərliyi sülhü nə qədər gecikdirsə, onu bir o qədər qiymətli göstərə biləcəyini düşünür. Amma bu gecikmənin riski var. Regionda dəyişən reallıqlar Ermənistanı da dəyişməyə məcbur edir.

İrəvanın “sülhpərvər” obrazı isə hələlik seçkiqabağı kostyumdur. Sülh isə bu obrazın altında nə qədər realdır, onu yalnız zaman göstərəcək. Çünki əgər Ermənistan yenidən illüziyalara qapılarsa, bu dəfə artıq təkcə siyasi yox, coğrafi itkilər də qaçılmaz ola bilər.

TƏHLİL ANALİTİK QRUP 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?