Katolikos ətrafında qırılma - Ermənistanda hakimiyyətlə kilsə arasında güc mübarizəsi - ŞƏRH

Ermənistanın ictimai-siyasi məkanında dekabrın ortasında yaranan gərginlik təkcə dini sahə ilə məhdudlaşmır, bu proses uzunmüddətli və struktur xarakterli qarşıdurmanın açıq fazaya keçdiyini göstərir. 18 dekabr 2025-ci ildə Eçmiədzində baş verən hadisələr Ermənistan Apostol Kilsəsinin mərkəzini siyasi mübarizənin əsas meydanlarından birinə çevirdi. Həmin gün 10 yepiskopun Katolikos II Qaregini istefaya çağıran bəyanatla çıxış etməsi və etiraz aksiyası elan etməsi ölkədə həm siyasi, həm də ideoloji balansın ciddi şəkildə sarsıldığını nümayiş etdirdi. Formal olaraq bu ruhanilər kilsənin “yenilənməsi” və “sağlamlaşdırılması” məqsədini irəli sürsələr də, prosesin mahiyyəti daha dərin siyasi kontekstdə oxunur.
Dekabrın 18-i üçün planlaşdırılan toplaşma ərəfəsində yayılan bəyanatda II Qareginin rəhbərliyi altında kilsənin böhran vəziyyətinə düşdüyü, onun milli və mənəvi missiyasını yerinə yetirə bilmədiyi vurğulanırdı. Ruhanilər bu vəziyyətin artıq təkcə dini deyil, həm də dövlət təhlükəsizliyi üçün risk yaratdığını bildirir, Ermənistan daxilində və xaricdə yaşayan erməniləri Eçmiədzində birləşməyə çağırırdılar. Bu ritorika kilsə daxilində yaranmış narazılığın kütləviləşdirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Eyni zamanda, diqqətçəkən məqam ondan ibarətdir ki, həmin 10 yepiskop ictimai diskursda Paşinyana yaxın və ya onun siyasi xəttinə loyal fiqurlar kimi təqdim olunur. Bu da hadisəni sadəcə kilsədaxili ixtilaf deyil, hakimiyyətlə kilsə rəhbərliyi arasında davam edən mübarizənin yeni mərhələsi kimi dəyərləndirməyə əsas verir.
Baş nazir Nikol Paşinyan bu prosesdə açıq şəkildə birbaşa təşkilatçı rolunda çıxış etməsə də, baş verənləri müsbət qiymətləndirdiyini gizlətmir. Rəsmi açıqlamalarda Paşinyan bu təşəbbüsün hökumət tərəfindən yönləndirilmədiyini bildirsə də, onu anlayışla qarşıladığını və kilsə daxilində “təmizlənmə” prosesinə ehtiyac olduğunu vurğulayıb. Bu mövqe siyasi baxımdan ikili strategiya təsiri bağışlayır. Bir tərəfdən Paşinyan dövlətin kilsənin daxili işlərinə qarışmadığını göstərməyə çalışır, digər tərəfdən isə II Qareginə qarşı yönəlmiş çağırışları legitimləşdirərək kilsə rəhbərliyi üzərində təzyiqi gücləndirir.
Paşinyanın son illərdə kilsəyə münasibətdə ritorikası xeyli sərtləşib. O, dəfələrlə Katolikos II Qaregini və onun ətrafını köhnə siyasi elitalarla əlaqədə, korrupsiyada və cəmiyyətin mənəvi dəyərlərindən uzaq düşməkdə ittiham edib. Kilsənin “azad edilməsi” barədə səsləndirdiyi tezislər isə açıq şəkildə göstərir ki, Paşinyan bu institutu yalnız dini qurum kimi deyil, həm də ciddi siyasi təsir mərkəzi kimi görür və onu nəzarət altına almağa çalışır. Bu yanaşma bir neçə məqsədə xidmət edir: kilsənin müxalifət üçün dayaq rolunu zəiflətmək, köhnə siyasi şəbəkələrin təsirini sarsıtmaq və öz hakimiyyətinin ideoloji legitimliyini gücləndirmək.
Paşinyan-kilsə qarşıdurmasının kökləri xüsusilə 2020-ci il müharibəsindən sonra daha aydın görünməyə başladı. Həmin dövrdə Ermənistan Apostol Kilsəsi hökumətin təhlükəsizlik və xarici siyasət kursunu açıq şəkildə tənqid etmiş, bəzi hallarda müxalifətin Paşinyanın istefası tələblərinə dəstək vermişdi. Bu isə Baş nazirin gözündə kilsəni siyasi rəqib və potensial təhlükə mənbəyinə çevirdi. Nəticədə dövlət və kilsə arasında balanslı münasibətlər modeli faktiki olaraq dağıldı və tərəflər açıq qarşıdurma mərhələsinə keçdi.
Eçmiədzində baş verən hadisələr bu qarşıdurmanın artıq simvolik deyil, real sosial gərginlik yaratdığını göstərir. Bildirilən sözlü və fiziki toqquşmalar cəmiyyətin dərin şəkildə parçalandığını, dini və siyasi kimliklərin bir-birinə qarşı qoyulduğunu nümayiş etdirir. Bu proses Ermənistan üçün təhlükəli tendensiya yaradır, çünki uzun illər toxunulmaz sayılan kilsə institutu indi açıq siyasi mübarizənin obyektinə çevrilib.
Gələcək ssenarilər bir neçə istiqamətdə inkişaf edə bilər. Tərəflər arasında dialoq və kompromis mümkün olsa da, hazırkı ritorika bunun çətin olacağını göstərir. Digər ehtimal hüquq-mühafizə orqanlarının prosesə daha aktiv müdaxiləsidir ki, bu da ictimai narazılığı daha da artıra bilər. Əgər Paşinyan bu kampaniyadan siyasi dividend əldə edərsə, kilsə rəhbərliyində dəyişikliklər və bunun ardınca yeni siyasi koalisiyaların formalaşması da istisna deyil.
Nəticə etibarilə, Eçmiədzində baş verənlər təkcə bir katolikosun taleyi ilə bağlı deyil. Bu hadisələr Ermənistan dövlətinin gələcək siyasi modelinin, kilsə ilə hakimiyyət arasında münasibətlərin və ictimai institutların rolunun yenidən müəyyənləşdirilməsi uğrunda gedən mübarizənin açıq təzahürüdür. Paşinyanla kilsə rəhbərliyi arasındakı bu qarşıdurma Ermənistan cəmiyyətində uzunmüddətli ideoloji və siyasi nəticələr doğura biləcək bir prosesə çevrilib.
Hikmət Həsənov