Dünən

Sərhəddə dalana dirənən müharibə: Tailand-Kamboca toqquşmalarının yeni mərhələsi - ŞƏRH

Tailand-Kamboca sərhəd bölgəsində artıq on gündür davam edən silahlı toqquşmalar regional təhlükəsizlik baxımından narahatedici mərhələyə daxil olub. Münaqişənin ilk günlərində Tailand Silahlı Qüvvələri taktiki üstünlük əldə edərək bir sıra lokal mövqeləri nəzarətə götürə bilmişdi. Lakin son günlərdə cəbhə xəttində nəzərəçarpacaq irəliləyiş qeydə alınmır və döyüşlər daha çox mövcud mövqelərin saxlanılması və qarşı tərəfin manevr imkanlarının məhdudlaşdırılması xarakteri alıb. Bu durum göstərir ki, tərəflər sürətli hərbi qələbə perspektivini itirib və münaqişə uzanan, aşağı intensivlikli fazaya keçmək riski daşıyır.

Döyüşlərin əsasən Şimali Kambocada, mübahisəli məbədlərin ətrafında və rəsmi şəkildə demarkasiya olunmamış sərhəd ərazilərində cəmləşməsi münaqişənin struktur problemini bir daha üzə çıxarır. Bu ərazilər tarixən həm hüquqi, həm də simvolik baxımdan mübahisəli olub və tərəflər üçün təkcə hərbi deyil, daxili siyasi legitimlik məsələsi kimi çıxış edir. Tailand ordusunun Çonqanqma sərhəd keçid məntəqəsinin tam nəzarətə götürüldüyü barədə açıqlamaları informasiya müharibəsinin bir hissəsi təsiri bağışlayır. Obyektiv müşahidə və peyk görüntülərinin bu iddianı təsdiqləməməsi Banqkokun ictimai rəy və daxili auditoriya üçün daha optimist mənzərə yaratmağa çalışdığını göstərir.

Kazinoların və onlara bitişik ərazilərin Tailand aviasiyası və zirehli texnikası tərəfindən hədəfə alınması münaqişənin ən mübahisəli aspektlərindən biri olaraq qalır. Banqkok bu obyektlərdə Kamboca hərbi qüvvələrinin yerləşdiyini iddia etsə də, bu zərbələrin təkcə hərbi məqsədlərlə izah edilməsi çətindir. Xüsusilə kazinolarda uzun müddətdir mövcud olan telefon fırıldaqçılığı və qeyri-qanuni fəaliyyət mərkəzləri region üçün ciddi problem hesab olunur. Bu baxımdan Tailandın zərbələri həm də təhlükəsizlik adı altında iqtisadi və kriminal infrastrukturu zəiflətmək cəhdi kimi dəyərləndirilə bilər. Lakin bu yanaşma münaqişənin humanitar və siyasi risklərini daha da artırır.

Şimal-qərb istiqamətində vəziyyətin demək olar ki, dəyişməməsi, Binq Trakvon və Toek Çiem kəndləri yaxınlığında atəşlərin davam etməsi münaqişənin donmuş, lakin təhlükəli vəziyyətdə qaldığını göstərir. Daha cənubda isə Tailand dəniz piyadalarının mübahisəli ərazilər üzərində nəzarəti ələ keçirdiklərini bəyan etməsi Banqkokun əməliyyatları mərhələli şəkildə yekunlaşdırmaq və mövcud status-kvonu öz xeyrinə rəsmiləşdirmək niyyətindən xəbər verir. Bununla belə, bu iddiaların da müstəqil mənbələr tərəfindən tam təsdiqlənməməsi vəziyyətin hələ də qeyri-müəyyən olduğunu göstərir.

Sülh danışıqlarının başlanması fonunda Tailandın Kamboca rəhbərliyinə irəli sürdüyü tələblər prosesin bərabərhüquqlu dialoqdan daha çox ultimatum xarakteri daşıdığını göstərir. Banqkokun Pnompendən atəşkəsi ilk elan edən tərəf olmağı və sərhəddə birgə mina təmizləmə işlərinə qoşulmağı tələb etməsi Kamboca üçün həm təhlükəsizlik, həm də suverenlik baxımından riskli görünə bilər. Etimad səviyyəsinin minimal olduğu şəraitdə Kambocanın bu şərtləri qəbul etməsi çətin görünür. Üstəlik, mina təmizləmə məsələsi gələcəkdə Tailand üçün yeni hərbi və ya siyasi manevr imkanları yarada biləcək potensial alət kimi də qiymətləndirilir.

Çinin prosesə qoşulmaq cəhdi isə regional güclərin münaqişənin nəzarətdən çıxmamasında maraqlı olduğunu göstərir. Pekinin xüsusi elçisi Denq Sijunun Kamboca və Tailanda səfəri gərginliyin azaldılması baxımından mühüm diplomatik jest sayılsa da, Çinin əvvəlki atəşkəs təşəbbüslərində yalnız qismən iştirak etməsi onun real təsir imkanlarına dair suallar yaradır. Bu səbəbdən, Denq Sijunun səfərinin konkret nəticələr verib-verməyəcəyi hələlik qeyri-müəyyən qalır.

Ümumilikdə, mövcud vəziyyət göstərir ki, Tailand-Kamboca münaqişəsi hərbi baxımdan dalana dirənib, diplomatik baxımdan isə qarşılıqlı etimadsızlıq ucbatından həssas mərhələdədir. Tərəflərdən birinin digərinə şərt diktə etməsi sülh prosesini sürətləndirməkdən daha çox, onu gecikdirə və yeni toqquşmalar üçün zəmin yarada bilər. Regional aktorların, xüsusilə Çinin vasitəçilik səyləri müəyyən rol oynasa da, münaqişənin dayanıqlı həlli yalnız tərəflərin qarşılıqlı güzəştə və real dialoqa hazır olmasından asılı olacaq.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?