Bu gün

Paşinyandan kilsə ilə bağlı yeni yol xəritəsi - ŞƏRH

Uzun müddətdir Ermənistanın Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında davam edən qarşıdurma artıq yeni mərhələyə qədəm qoyub. Dövlətə xəyanət və terror ittihamları ilə həbs edilən bir sıra din xadimlərinin məhkəmə prosesləri davam edir, bəzi işlər isə növbəti ilə qədər təxirə salınıb. Bu isə həmin şəxslərin həbs müddətinin uzadılması anlamına gəlir. Paralel olaraq, Baş nazir son çıxışlarında kilsə ilə bağlı yeni “yol xəritəsi”nin hazırlandığını açıqlayıb. Paşinyan kilsə rəhbərliyini qaydaları pozmaqda, dini institutun nüfuzuna xələl gətirməkdə ittiham edib. Əslində, irəli sürülən bu yol xəritəsi bir sıra strateji məqamların üzə çıxmasına imkan verir.

Nikol Paşinyanın Erməni Apostol Kilsəsi ilə bağlı təqdim etdiyi yol xəritəsi faktiki olaraq Ermənistanın postsovet dövründə formalaşmış dövlət–kilsə münasibətlərini yenidən dizayn etmək cəhdidir. Bu təşəbbüs yalnız dini institutun daxili islahatları ilə məhdudlaşmır, eyni zamanda ölkənin siyasi sistemi, ideoloji mühiti, diasporla münasibətləri və regional siyasəti kontekstində daha geniş məna daşıyır. Paşinyanın rəsmi çıxışları və hökumətə yaxın mənbələrdə səsləndirilən mövqelər göstərir ki, əsas məqsəd kilsə fəaliyyətinin hüquqi çərçivəyə salınması, maliyyə və idarəetmədə şəffaflığın artırılması, eyni zamanda kilsənin siyasi proseslərdən kənarlaşdırılmasıdır.

Bu yol xəritəsinin icrası dövlət–kilsə münasibətlərində mövcud balansın dəyişməsinə səbəb ola bilər. Uzun illər ərzində Erməni Apostol Kilsəsi yalnız dini institut kimi deyil, həm də milli ideologiyanın, tarixi travmaların və revanşist düşüncənin əsas daşıyıcılarından biri kimi çıxış edib. Dövlətin kilsə üzərində nəzarət mexanizmlərini gücləndirməsi və onun siyasi ambisiyalarını məhdudlaşdırması bu institutun cəmiyyətdəki təsirinin tədricən azalmasına gətirib çıxara bilər. Bu isə xüsusilə radikal millətçi və revanşist çevrələr üçün ciddi ideoloji zərbə deməkdir. Çünki həmin qruplar uzun müddət kilsənin tribunasından istifadə edərək cəmiyyətdə barışmaz və münaqişəçi yanaşmaları möhkəmləndiriblər.

Kilsənin təsirinin zəifləməsi eyni zamanda cəmiyyətdə “beyinləri zəhərləyən” ideoloji mexanizmlərin sıradan çıxması kimi də qiymətləndirilə bilər. Ermənistanda müharibədən sonrakı dövrdə sülhə və regional əməkdaşlığa qarşı yönəlmiş ritorikanın mühüm hissəsi məhz dini və kvazi-dini diskurs üzərindən legitimləşdirilirdi. Paşinyanın təqdim etdiyi yol xəritəsi bu diskursun institusional dayaqlarını sarsıtmağı hədəfləyir. Bununla belə, bu proses avtomatik olaraq sağlam ideoloji mühitin formalaşacağı anlamına gəlmir. Əgər yaranan boşluq rasional siyasi dialoq və müasir vətəndaş kimliyi ilə doldurulmasa, revanşist ideyalar fərqli formalarda yenidən meydana çıxa bilər. Bu baxımdan yol xəritəsinin uğuru yalnız kilsənin zəiflədilməsi ilə deyil, paralel şəkildə ictimai şüurun transformasiyası ilə ölçülməlidir.

Bu prosesdə diaspor amili də xüsusi əhəmiyyət daşıyır. Erməni Apostol Kilsəsi onilliklər ərzində diaspora ilə Ermənistan arasında əsas ideoloji və təşkilati körpülərdən biri olub. Kilsənin təsirinin azalması diasporla münasibətlərin də transformasiyasına səbəb ola bilər. Bir tərəfdən bu, diasporun Ermənistanın daxili siyasətinə təsir imkanlarını azalda, xüsusilə də xaricdən maliyyələşən radikal və revanşist təşəbbüslərin zəifləməsinə yol aça bilər. Digər tərəfdən isə kilsə üzərindən qurulan ənənəvi əlaqələrin qırılması diaspor daxilində narazılıq yarada və Ermənistan hakimiyyəti ilə ideoloji məsafəni artıra bilər. Bu, xüsusilə Qərb ölkələrində yaşayan və kilsə ətrafında təşkilatlanmış diaspor qrupları üçün həssas məsələdir.

Erməni Apostol Kilsəsinin zəifləməsinin Ermənistan–Azərbaycan münasibətlərinə mümkün təsiri isə ayrıca diqqətə layiqdir. Bu kilsə uzun illər ərzində Azərbaycanla barışığı qəbul etməyən, münaqişəni dini və “müqəddəs torpaq” anlayışları üzərindən əsaslandıran ritorikanın fəal iştirakçısı olub. İnstitutun siyasi və ideoloji çəkisinin azalması sülh prosesinə mane olan daxili amillərin zəifləməsi deməkdir. Revanşist qüvvələrin siyasi meydandan sıxışdırılması Ermənistan cəmiyyətində daha praqmatik və reallığa əsaslanan yanaşmaların güclənməsinə şərait yarada bilər. Bu isə Azərbaycanla münasibətlərin normallaşdırılması və uzunmüddətli sülh perspektivinin möhkəmlənməsi baxımından mühüm amildir.

Ümumilikdə, Paşinyanın Erməni Apostol Kilsəsi üçün hazırladığı yol xəritəsi zahirən dini islahat təsiri bağışlasa da, mahiyyət etibarilə siyasi və ideoloji transformasiya layihəsidir. Bu layihə uğurla reallaşacağı təqdirdə Ermənistan daxilində kilsənin hegemon təsiri azalacaq, revanşist və destruktiv ideyalar institusional dayaqlarını itirəcək, diasporla münasibətlər isə daha rasional və dövlət mərkəzli müstəviyə keçəcək. Eyni zamanda bu dəyişikliklər regionda, xüsusilə Ermənistan–Azərbaycan münasibətlərində gərginliyi qidalandıran ideoloji mənbələrin zəifləməsinə və sülh üçün daha əlverişli mühitin formalaşmasına töhfə verə bilər.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?