Paşinyan Qarabağ separatçılarına qarşı - İrəvanda gərginlik artır - ŞƏRH

İrəvanda Qarabağdakı keçmiş qondarma rejimin “nümayəndəliyi” hesab olunan ofisdə axtarışlar aparılıb. Erməni mediasının məlumatına görə, İstintaq Komitəsinin əməkdaşları məhkəmənin qərarına əsaslanaraq binaya daxil olublar və burada sənədlər, həmçinin digər materialları diqqətlə nəzərdən keçiriblər. Komitə bu əməliyyatın “cinayət işi çərçivəsində zəruri istintaq tədbirləri” olduğunu təsdiqləyib, lakin konkret səbəblər barədə ictimaiyyətə məlumat verməyib. Axtarışlar zamanı ofisdə saxlanılan kompüter və digər avadanlıqlar da araşdırma üçün götürülüb ki, bu da istintaqın geniş və sistemli aparıldığını göstərir. Hüquqşünaslar jurnalistlərə bildiriblər ki, istintaqın əsas məqsədi ofislə bağlı bir sıra hüquqi məsələləri və qanunsuz fəaliyyətləri müəyyənləşdirməkdir. Bununla belə, ofisdə nümayəndəliyin keçmiş fəaliyyəti ilə bağlı birbaşa sübutların tapılmadığı qeyd edilir, yəni istintaq indiyə qədər əsaslı nəticələr əldə etməyib.
Bu struktur rəsmi olaraq “məhkəmə tərəfindən tanınmayan” qondarma qurumun nümayəndəliyi kimi xarakterizə olunur və otuz ilə yaxın davam edən münaqişənin siyasi simvoluna çevrilib. 2025-ci ilin yayında İrəvanda Qarabağı könüllü tərk edən ermənilərin hüquqları və “Artsax” kimliyi mövzusunda ictimai etirazlar baş verib. İnsanlar öz hüquqlarının qorunmasını tələb ediblər və sosial şəbəkələrdə fəal kampaniyalar aparılıb. Sentyabr ayında isə Qarabağ məsələsi ilə bağlı minlərlə insanın iştirakı ilə yürüş təşkil olunub və hökumətin sülh danışıqlarında yeritdiyi siyasət tənqid edilib. Bu isə göstərir ki, Ermənistanda hələ də Qarabağ kartından siyasi məqsədlər üçün istifadə edən daxili və siyasi qüvvələr mövcuddur. Belə bir vəziyyət isə hakim komandanın fəaliyyətinə ciddi maneələr yaradır, sülh gündəminə zərbə vurur. Nəzərə almaq lazımdır ki, beynəlxalq müstəvidə də separatçıları himayə etmək, fəaliyyətlərinə göz yummaq Paşinyan hakimiyyətinə etimad qazandırmır, əksinə qeyri-ciddi dövlət başçısı təsiri yaradır. Həm də Azərbaycan üçün artıq Qarabağ mövzusu bitib, regionda hansısa separatçı qurumun fəaliyyət göstərməsi sülh gündəminə ziddir. Bütün bunları nəzərə alaraq, “Vətəndaş müqaviləsi” də müəyyən addımlar atmaq məcburiyyətində qalıb. Məsələn, Ermənistan hakimiyyəti artıq Qarabağ separatçılarının nümayəndəliyinin statusunu rəsmən tanımır və bu quruma qarşı hüquqi tədbirlər görür. Bu addım, uzun illər fəaliyyət göstərmiş qeyri-rəsmi strukturun statusunun tamamilə ləğv edilməsinə gətirib çıxara bilər. Hakimiyyətin bu mövqeyi, həm hüquqi, həm də beynəlxalq kontekstdə uzun müddətdir gecikmiş bir qərar kimi qiymətləndirilir. Separatçılara rəsmi status verilməsi və onlara nümayəndəlik binasının ayrılması beynəlxalq hüququn pozulması kimi qiymətləndirilirdi. Faktiki olaraq, bu struktur Ermənistan daxilində separatçılıq ideyasının yaşadılmasına və uzun müddət siyasi və ideoloji platforma kimi fəaliyyət göstərməsinə xidmət edirdi. Hazırkı addım isə Ermənistanın özünü hüquqi və beynəlxalq prinsiplərə hörmət edən dövlət kimi göstərmək istəyini əks etdirir.
Bu səbəbdən, sülh danışıqlarının intensivləşdiyi bir dövrdə İrəvanın və Paşinyan hökumətinin bu addımı həm rəsmi Bakı ilə münasibətlərin normallaşması, həm də Qərb dairələrinə mesaj vermək baxımından önəmlidir. Belə bir addım göstərir ki, Ermənistan artıq separatçı strukturlara daha rəsmi dəstək verməyəcək və onlara ölkə daxilində platforma yaratmayacaq. Bu həm daxili siyasətdə, həm də beynəlxalq əlaqələrdə əhəmiyyətli bir göstəricidir. Eyni zamanda, hökumət tərəfindən atılan bu addım, sülh prosesinin dəstəklənməsinə xidmət edir və regionda sabitliyin qorunması üçün önəmli bir siqnal olaraq qəbul edilir. Ermənistan bu mövqeyi ilə həm qonşu ölkələrə, həm də beynəlxalq ictimaiyyətə ölkə daxilində separatizmə yer olmadığını açıq şəkildə nümayiş etdirir.
Hikmət Həsənov