Bu gün

Baş prokuror: "15 milyonluq əmlaka həbs qoyulub"

Bu ilin ilk 10 ayı ərzində korrupsiya və vəzifə cinayətləri ilə bağlı işlərdə ciddi nəticələr əldə olunub.

Təhlil.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bildirib. 

Onun sözlərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2024-cü ilin yanvar–oktyabr aylarında rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, saxtakarlıq və digər bu kimi əməllərlə bağlı 120 vəzifəli şəxs barəsində 75 cinayət işinin ibtidai istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

Kamran Əliyev vurğulayıb ki, həmin işlər üzrə 3 milyon 532 min manatlıq maddi ziyanın ödətdirilməsi təmin olunub, həmçinin 14 milyon 916 min manat dəyərində əmlakın üzərinə həbs qoyulub. Nəticədə vurulmuş maddi ziyanın ümumilikdə 76 faizi araşdırma mərhələsində ödətdirilib.

Bundan əlavə, icraatına xitam verilmiş bəzi işlər üzrə 4 milyon 343 min manatlıq maddi ziyan ödənilib, cinayət məsuliyyətindən azad olunan şəxslər isə dövlət büdcəsinə əlavə olaraq 2 milyon 198 min manat köçürüblər.

Baş prokurorun sözlərinə görə, bu nəticələr korrupsiya cinayətlərinə qarşı mübarizədə sistemli tədbirlərin və qanunçuluğun təmin olunmasına yönəlmiş siyasətin uğurlu şəkildə davam etdirildiyini göstərir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?