Ekspert: Rusiyanın diasporu hədəf alması Bakıya qarşı təzyiq vasitəsidir - AÇIQLAMA

Moskvanın getdikcə sərtləşən antimiqrasiya siyasəti nəticə etibarilə Rusiya Federasiyasını həm Azərbaycan, həm də Ermənistanla eyni vaxtda münasibətləri korlamaq nöqtəsinə gətirib çıxarıb.
Bu barədə təhlil.az saytına açıqlamasında Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, Valday Diskussiya Klubunun eksperti Fərhad Məmmədov deyib.
Ekspertin sözlərinə görə, Rusiya adətən ziddiyyətlər üzərindən siyasət qurmağa və region ölkələri ilə balans yaratmağa çalışsa da, bu gün vəziyyət tamamilə fərqlidir: “Rus təbliğatçılarından biri bir dəfə bildirmişdi ki, Rusiya eyni vaxtda həm Azərbaycan, həm də Ermənistanla münasibətləri korlaya bilsə, bu uğur sayılacaq. Hazırda real mənzərə də budur: Moskva həm İrəvanla, həm də Bakı ilə münasibətlərdə böhran yaşamaqdadır.”
Fərhad Məmmədov Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən hadisələri hüquqa zidd və qəbuledilməz hesab edir. Onun fikrincə, Rusiya vətəndaşı olan azərbaycanlılara qarşı həyata keçirilən bu cür zorakı addımlar və ölüm hadisəsi Azərbaycan ictimaiyyətində ciddi narahatlıq doğurur və bu, təbii qarşılanmalıdır.
“Bu gün bəzi çevrələr sual edir ki, əgər Yekaterinburqda ölənlər Rusiya vətəndaşı idilərsə, Azərbaycan bu məsələyə niyə reaksiya verir? Amma unutmayaq ki, Rusiya da müxtəlif hallarda digər ölkələrdə yaşayan rus vətəndaşlarının hüquqlarının pozulmasına etiraz edir. Eyni yanaşma Azərbaycanın mövqeyində də öz əksini tapır və Moskva buna təəccüblənməməlidir”, - deyə ekspert vurğulayıb.
O qeyd edib ki, Yekaterinburqda azərbaycanlılara qarşı baş verən son həbslər, təhqiramiz kampaniyalar və media hücumları təsadüfi deyil: "Bu hallar vahid informasiya və repressiya dalğası ilə müşayiət olunur. Əldə olunan faktlar göstərir ki, azərbaycanlıların sistemli şəkildə hədəf alınması onların Rusiya ərazisindən sıxışdırılmasına hesablanıb. Burada əsas məqsəd qorxu mühiti yaratmaq və bu cəmiyyətin mövqeyini zəiflətməkdir. Bu, sadəcə hüquqi yox, siyasi və sosial xarakterli kampaniyadır”.
Fərhad Məmmədov həmçinin xatırladıb ki, Azərbaycan-Rusiya münasibətlərində yaranan gərginlik yalnız miqrasiya və diaspor kontekstində deyil, həm də 2024-cü ilin dekabrında Qroznı üzərində vurulan AZAL təyyarəsi ilə bağlı Moskvanın qeyri-müəyyən və susqun mövqeyi ilə daha da dərinləşib: “Rusiya tərəfinin bu insidentlə bağlı hələ də dolğun və rəsmi açıqlama verməməsi ikitərəfli münasibətlərdə inamsızlığın artmasına səbəb olur. Bu kimi məsələlər münasibətlərin gələcəyinə də birbaşa təsir göstərir.”
Ekspertin fikrincə, Rusiyanın bu cür davranışları onun regional siyasətində uğursuzluqla üzləşdiyini və balans yaratmaq imkanlarını itirdiyini nümayiş etdirir.
Rasim Babayev