26 sentyabr

Azərbaycan Prezidenti BMT-də həyacan siqnalı verdi: Xəzər kiçilir - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışda xüsusi vurğuladığı məsələlərdən biri Xəzər dənizinin ekoloji böhranla üzləşməsidir. Dövlət başçısı bir neçə il əvvəl Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında bu problemi qaldırdığını xatırladaraq, bu gün vəziyyətin daha da ağırlaşdığını bildirdi. Prezidentin sözlərinə görə, Xəzərin sürətlə kiçilməsi yalnız regional deyil, həm də qlobal miqyasda ciddi nəticələr doğura biləcək ekoloji fəlakət riskini gündəmə gətirir.

Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi olmaqla milyonlarla insanın həyatında, həm də qlobal ekosistemdə mühüm rol oynayır. Lakin son onilliklərdə aparılan müşahidələr göstərir ki, dənizin səviyyəsi ildən-ilə azalır. Prezident İlham Əliyevin vurğuladığı kimi, məsələni yalnız iqlim dəyişikliyi ilə əlaqələndirmək düzgün deyil. Əsas amillərdən biri çay axınlarının azalması, su ehtiyatlarının düzgün idarə olunmaması, sənaye fəaliyyətlərinin yaratdığı çirklənmə və qeyri-bərabər resurs istifadəsidir. Belə ki, Volqa, Ural və Kür çayları Xəzərin əsas qidalandırıcı mənbələridir. Lakin bu çayların yataqlarında intensiv su götürülməsi və ekosistemə zərərli təsirlər su balansını pozur. Bu isə Xəzərin kiçilməsini sürətləndirir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkdiyi məqam sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac məsələsidir. Xəzəryanı ölkələr – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran dənizin taleyində həlledici rola malikdir. Lakin indiyə qədər bu istiqamətdə vahid, səmərəli mexanizmin qurulduğunu söyləmək çətindir. Çünki hər bir dövlət Xəzərin həm enerji resurslarına, həm də su ehtiyatlarına görə fərqli maraqlara sahibdir. Əgər bu dövlətlər arasında koordinasiyalı fəaliyyət təmin olunmasa, Xəzərin ekoloji böhranı təkcə region ölkələrinin deyil, həm də beynəlxalq ictimaiyyətin problemi olacaq. Çünki burada su ehtiyatlarının azalması, bioloji müxtəlifliyin məhv olması və balıqçılıq sahəsinin sıradan çıxması ərzaq təhlükəsizliyi ilə yanaşı, sosial-iqtisadi sabitliyə də ağır zərbə vuracaq. Prezident İlham Əliyev isə Azərbaycanın bu sahədə BMT ilə əməkdaşlığa hazır olduğunu xüsusi vurğuladı.

Bu bəyanat Azərbaycanın problemi yalnız regional çərçivədə deyil, qlobal əməkdaşlıq fonunda həll etmək niyyətini göstərir. Azərbaycan uzun illərdir ki, Xəzərin ekoloji mühafizəsi istiqamətində layihələr reallaşdırır. Lakin problemin miqyası nəzərə alındıqda, bu sahədə bir ölkənin səyləri yetərli deyil. BMT ilə əməkdaşlıq isə məsələnin beynəlxalq gündəlikdə daha yüksək səviyyəyə çıxarılması, donor təşkilatların və ixtisaslaşmış qurumların cəlb olunması üçün mühüm vasitə ola bilər. Bu, həm də problemin yalnız texniki və ekoloji deyil, siyasi və iqtisadi aspektlərinin də nəzərə alınmasına imkan yaradar.

Əks halda, yaxın onilliklərdə Xəzərin səviyyəsinin daha da aşağı düşməsi proqnozlaşdırılır. Bu isə sahilboyu şəhərlərin infrastrukturuna ciddi zərər vura, balıqçılıq və bioresurslar sahəsini çökdürə, regional enerji və nəqliyyat layihələrinə təhlükə yarada bilər. Bundan əlavə, Xəzəryanı ölkələrin əhalisinin ətraf mühitdə tarazlığın pozulması nəticəsində yeni sosial problemlərlə üzləşməsi mümkündür. Ona görə də Prezident İlham Əliyevin BMT-də səsləndirdiyi həyəcan siqnalı təsadüfi deyil. Çünki Xəzərin sürətlə kiçilməsi region dövlətlərinin gələcəyini təhdid edən strateji problemdir. Bu böhranın həlli yalnız bir ölkənin təşəbbüsü ilə mümkün deyil. Onun qarşısının alınması üçün bütün sahilyanı dövlətlərin, eləcə də beynəlxalq qurumların birgə səyləri tələb olunur. Azərbaycan isə bu məsələdə həm regiondaxili, həm də beynəlxalq əməkdaşlığa açıq olduğunu nümayiş etdirir.

MTM Analitik Qrupu 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?