Bu gün

Azərbaycan Tehrandakı səfirliyini və Təbrizdəki Baş konsulluğunu təxliyə edir

Prezident İlham Əliyevin tapşırığına əsasən, Tehrandakı səfirlik və Təbrizdəki Baş Konsulluğunun heyəti İrandan təxliyə olunacaq.

Təhlil.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi ilə Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

"Ötən gün dron hücumu ilə bağlı Prezident İlham Əliyev tərəfindən bütün aidiyyəti tapşırıqlar verilib, diplomatik addımlar atılıb. Eyni zamanda Azərbaycanın təhlükəsizlik tədbirləri hər zaman ən yüksək səviyyədədir.

Bilavasitə yaxın ərazidə hərbi əməliyyatlar gedən zaman risk artdıqda silahlı qüvvələrin hazırlıq səviyyəsi artırılır, bununla bağlı da müvafiq tapşırıqlar verilib", - deyə nazir bildirib.

Ceyhun Bayramov həmçinin əlavə edib ki, bundan sonra hadisələr diqqətli şəkildə izləniləcək:

"İranın vədinə uyğun olaraq araşdırmanın nəticəsini gözləyəcəyik və buna uyğun qərar veriləcək, addımlar atılacaq".

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?