Bu gün

Azərbaycanın iqlim diplomatiyası dünyada təqdir edilir - TƏHLİL

Müasir dövrdə iqlim dəyişiklikləri ilə mübarizə dünyada yalnız ekoloji deyil, həm də siyasi, iqtisadi və humanitar məzmun kəsb edən aktual çağırışdır. Qlobal istiləşmə, okean və dəniz səviyyələrinin yüksəlməsi, su, ərzaq qıtlığı, torpaqların eroziyası, ümumilikdə, ekosistemin tənəzzülü bəşəriyyətin gələcəyini ciddi şəkildə təhdid edir. Məhz bu səbəbdən də iqlim diplomatiyası hazırda bir çox dövlətin xarici siyasətində, habelə beynəlxalq münasibətlərdə prioritet məsələyə çevrilib.

Azərbaycanın son illərdə bu sahədəki fəal mövqeyi və səmərəli təşəbbüsləri qlobal təhlükəsizliyə və ümumbəşəri ekoloji problemlərin həllinə xidmət edir. Bu fəaliyyət həm də iqlim problemləri ilə mübarizədə dünya ölkələrinin səylərini fəal şəkildə səfərbər etməyə, zəif inkişaf etmiş ölkələrə maliyyə dəstəyinin artırılmasına yönəlib. Rəsmi Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris İqlim Sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirərək, emissiyaların azaldılması, alternativ enerji mənbələrindən geniş istifadə istiqamətində ardıcıl addımlar atır.

Azərbaycan dünyanın neft və qazla zəngin azsaylı ölkələrindən biridir ki, “yaşıl enerji”yə keçidi özünün milli inkişaf strategiyasında əsas istiqamətlərdən biri elan edib. Bu siyasət ölkəmizin daxilində enerji təhlükəsizliyinin təmin olunmasına, alternativ mənbələr hesabına əldə olunacaq elektrik enerjisinin Avropa və digər bazarlara ixracına, beynəlxalq səviyyədə iqlim böhranının qarşısının alınmasına xidmət edir.

Ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29-un dünyanın iqlim problemləri ilə mübarizəsində mühüm rolu, ölkəmizin qlobal miqyasda ekoloji çirklənməyə qarşı mübarizədə fəal mövqeyi hazırda dünyada etiraf edilir. BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filemon Yanq bu günlərdə mediaya müsahibəsində bildirib ki, Azərbaycanın COP29-a sədrliyi vaxtında və transformativ təşəbbüs kimi çıxış edərək, ölkəni fosil yanacaq iqtisadiyyatları ilə iqlim baxımından həssas dövlətlər arasında körpü mövqeyinə gətirib: “Regional adaptasiya çağırışlarını ön plana çəkməklə və ədalətli keçidi təşviq etməklə, COP29 sədrliyi ədalət və həmrəylik mövzusunda qlobal dialoqu daha da dərinləşdirib”.

Azərbaycanın COP29 ərəfəsində, tədbirin gedişi və sonrakı mərhələdə bir sıra Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ekoloji problemlərinin həlli istiqamətindəki təşəbbüslərini də xüsusi qeyd etmək lazımdır. Afrika və Okeaniyanın ekoloji dəyişikliklərdən ciddi əziyyət çəkən ölkələrinin problemlərinə beynəlxalq diqqətin artırılmasına yönəlmiş səylər Azərbaycanın humanist, qlobal həmrəyliyə əsaslanan siyasətinin mahiyyətində irəli gəlir. Bu və digər regionların üzləşdiyi ekoloji çağırışların beynəlxalq platformalarda gündəmə gətirilməsi, bu istiqamətdə müxtəlif əməkdaşlıq mexanizmlərin irəli sürülməsi ölkəmizin iqlim diplomatiyasını daha da gücləndirir.

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 2-ci İqlim Həftəsi çərçivəsində ölkəmizin təşəbbüsü ilə keçirilən “Afrika qitəsinin iqlim çağırışları: Afrikanın xüsusi vəziyyəti və ehtiyaclarına cavab verilməsi” mövzusunda yüksək səviyyəli nazirlər görüşü də deyilənləri təsdiq edir. Azərbaycan COP29-dan sonra belə, Afrika qitəsinin problemlərinin həllini təşviq etməklə, iqlim dəyişikliyinə ilə mübarizədə səmimi və ardıcıl siyasi xətttini dvam etdirir.

Hazırda BMT və digər beynəlxalq təşkilatlar G20 ölkələrinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ekoloji və digər problemlərinin həlli məsələsinə xüsusi diqqət yetirmələrini istəyir. Təşkilat hesab edir ki, yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün kiçik ada dövlətlərinə dəstək göstərilməlidir. Belə ki, G20 ölkələrinin dünyada havanın çirklənməsində ümumi payı 80 faizə çatır.

BMT-nin çağırışlarına səs verən rəsmi Bakı kiçik ada dövlətlərini dəstəkləmək və qlobal iqlim problemlərinin həllində fəal iştirak etmək kimi məsuliyyətli missiyanı üzərinə götürüb. Rəsmi Bakı kiçik ada dövlətlərində ekoloji problemlərin həllinə dəstək verilməsi və maliyyənin artırılması təşəbbüslərini bu gün də təşviq edir. Eyni zamanda, rəsmi Bakı ada dövlətlərinin sərvətlərinin bəzi müstəmləkəçi dövlətlər, o cümlədən Fransa tərəfindən istismar olunmasını yolverilməz sayır.

50-yə yaxın ölkədən, müxtəlif beynəlxalq təşkilat və fondlardan ümumilikdə 200-dən artıq nümayəndə iştirak etdiyi “Afrika qitəsinin iqlim çağırışları: Afrikanın xüsusi vəziyyəti və ehtiyaclarına cavab verilməsi” mövzusunda yüksək səviyyəli nazirlər görüşündə xüsusi vurğulanıb ki, Afrikada iqlim dəyişmələrindən irəli gələn problemlərin həllində COP29 zamanı əldə olunmuş razılaşma və qərarlar mühüm əhəmiyyətə malikdir. Efiopiyanin planlaşdırma və inkişaf naziri F.A.Adela qitənin iqlim dəyişmələri üzrə mübarizədə dəstəyə ehtiyacının olduğunu vurğulayaraq, Azərbaycan tərəfinə həm tədbirin təşkilinə, həm də ümumilikdə bu bu ölkədə təşkil olunan 2-ci İqlim Həftəsinin işinə verdiyi töhfələrə görə təşəkkür edib.

Kiçik ada dövlətləri bu gün qlim dəyişikliklərindən ən çox izərər çəkən regionda yerləşir. Ekspertlərin fikrincə, dənizlərin və okeanlarınn səviyyəsinin hazırkı sürətlə artması onların ərazisinin 20-30 faizini itirilməsi təhlükəsini yaradır. Belə davam edəcəyi halda, yaxın onilliklərdə bəzi ada dövlətləri tamamilə su altında qala bilər. Digər tərəfdən, ada dövlətlərinin özlərinin alternativ enerji potensialı böyükdür. Bu regionda xüsusən də günəş və külək enerjisinin istehsalı üçün münbit şərait mövcuddur. Lakin bu ölkələrin maliyyə resurslarının məhdudluğu onların bərpa olunan enerji layihələrinə sərmayə yatırmasına imkan vermir. Neftin yüksək qiymətləri və məhdud gəlirlər səbəbindən Okeaniya əhalisinin 70 faizi elektrik enerjisindən məhrumdur. Azərbaycan bu problemlərin beynəlxalq müstəvidə səsləndirilməsinə və onların həllinə dəstək göstərilməsinə xüsusi önəm verir.

Azərbaycanın iqlim diplomatiyası qlobal əhəmiyyət kəsb etməklə, Paris Sazişinin icrasının sürətləndirilməsinə, dünyada enerji keçidi üçün yol xəritəsinin müəyyənləşdirilməsinə xidmət edir. Hazırda bütün dünya Azərbaycandan sonra Braziliyanın ev sahibliyi edəcəyi COP30-da bu istiqamətdə növbəti səmərəli addımların atılmasını gözləyir.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?