Bu gün

Ermənistan hərbi rəqabətdən imtina edir: yeganə çıxış yolu Azərbaycanla əməkdaşlıqdır - TƏHLİL

Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə həm də Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi mənzərəsini müəyyənləşdirən əsas amillərdən biri olub. Ölkəmiz ötən dövrdə digər sferalarla yanaşı, hərbi sahədə də Ermənistan üzərində qəti və aşkar üstünlük əldə edib.

Bu üstünlük yalnız 2020-ci il Vətən müharibəsi zamanı deyil, həm də ondan sonrakı dövrdə Azərbaycan Ordusunun inkişafı və modernləşməsi nəticəsində daha da artıb. Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü təmin edən əsas amillərdən biri silahlanma və texniki təminatdır. Ölkəmiz Türkiyə, İsrail, Rusiya, Pakistan və digər dövlətlərlə hərbi əməkdaşlıq edərək ən müasir silah sistemlərini əldə edib. Eyni zamanda yerli istehsalın da çeşid və həcmi ildən-ilə artır. Bundan başqa, Azərbaycan Ordusunun hərbi kadr hazırlığı da Ermənistanla müqayisədə çox üstün vəziyyətdədir.

Türkiyə və Pakistan kimi qardaş ölkələrdə keçirilən təlimlər, NATO standartlarına uyğunlaşdırma prosesi və müasir hərbi təhsil Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını mütəmadi artırır. Ermənistan isə iqtisadi çətinliklər, kadr çatışmazlığı və siyasi qeyri-sabitlik səbəbindən ordusunu bu gün lazımi səviyyədə inkişaf etdirə bilmir. Azərbaycanın üstünlüyünü şərtləndirən digər vacib faktor hərbi büdcənin həcmi və davamlı artımıdır.

Bəzi illərdə Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsinə bərabər olub. Bu imkan hesabına Azərbaycan müdafiə sənayesini də sürətlə inkişaf etdirir. Artıq Azərbaycan öz hərbi texnikasını istehsal edir, onların bir qismini ixrac edir. Amma bütün bunlar o demək deyil ki, Azərbaycan bu üstünlüyündən Ermənistana və ya digər hansısa ölkəyə qarşı istifadə edəcək. Əksinə, sülhün və sabitliyin qorunması Azərbaycanın əsas məqsədlərindən biridir və bunun üçün güclü, modern Silahlı Qüvvələrin mövcudluğu vacib şərtdir. Digər tərəfdən nəzərə almaq vacibdir ki, Azərbaycana hələ də düşmən münasibət sərgiləyən qüvvələr mövcuddur.

Prezident İlham Əliyev cari ilin avqustunda Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinə köçən sakinlərlə görüşü zamanı bu xüsusda qeyd edib: “Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik...Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb... Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.

O da faktdır ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın sülh prosesi yolunda izləməsini şərtləndirən əsas faktorlardan biri məhz Azərbaycanın Silahlı Qüvvələri faktoru olub. Ermənistan yaxşı bilir ki, hərbi sahədə heç vaxt Azərbaycanla rəqabət aparmaq iqtidarında olmayıb və olmayacaq. Məhz bu reallığın dərkidir ki, Ermənistan artıq hərbi büdcəsini artırmaqdan imtina edir.

Elə bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, gələn ilin büdcəsində hərbi xərclərdə ciddi artım gözlənilmir: “Düşünürəm ki, 2026-cı ilin dövlət büdcəsində müdafiə xərclərində ya ciddi artımlar olmaya bilər, ya da ümumiyyətlə, olmaya bilər. Yeri gəlmişkən, mən hesab edirəm ki, bu da məntiqlidir və ən azı, indiki məqamda bizim qiymətləndirməmiz belədir”.

Ölkənin müdafiə nazirinin müavini Qraçya Sarkisyan isə etiraf edir ki, Ermənistanda müdafiə xərcləri heç vaxt Azərbaycanın hərbi büdcəsinin həcminə çatmayacaq. Onu sözlərinə görə, gələn ilin dövlət büdcəsində Ermənistanın Müdafiə Nazirliyinə ayrılan məbləğin azaldılıb-azaldılmayacağı hələ məlum deyil. Qeyd edək ki, Ermənistanın 2025-ci il üçün hərbi büdcəsi 1,7 milyard dollar, Azərbaycanın builki dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri isə təxminən 5 milyard dollar təşkil edir.

Hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vaaqn Aleksanyan qeyd edir ki, ölkəsi ilə Azərbaycan arasında sülh bərqərar olub və bu, müdafiə xərclərini artırmamaq üçün tutarlı səbəbdir: “Hesab edirəm ki, müdafiə xərclərini ciddi şəkildə artırmaq lazım deyil... Ona görə ki, birincisi, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh müqaviləsi paraflanıb, ikincisi, son illər ərzində baş verən kəskin artım, bu tempin saxlanılması artıq kifayət qədər ciddi prosesdir”. Vaaqn Aleksanyan müdafiə xərclərini artırmadığı üçün hökumətə ünvanlanan tənqidlərə cavab verərək, “Vətəndaş müqaviləsi”nin hakimiyyətdə olduğu dövrdə ölkənin hərbi büdcəsinin kəskin şəkildə artdığını vurğulayıb: “2017-ci ildə bu, təxminən 400 milyon dollar təşkil edirdisə, “Vətəndaş müqaviləsi”nin hakimiyyəti dövründə bu rəqəm 1 milyard 700 milyon dollara çatdırılıb”.

Amma əks mövqedə olanların yanaşmasına əsasən, mühüm amillərdən biri odur ki, 44 günlük müharibədən sonra milyardlarla dollar dəyərində silahlar zədələnib və ya Azərbaycan tərəfindən qənimət kimi götürülüb. İstənilən halda isə Ermənistanda böyük əksəriyyət qəbul edir ki, ölkə hərb müstəvisində də Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. O səbəbdən bu ölkədə hərbi xərclərin artırılmasının və ya azadılmasının, eləcə də indiki həddə saxlanmasının hansısa əhəmiyyəti yoxdur. Hətta o kontekstdə ki, Ermənistana bir çox silahlar müəyyən ölkələr tərəfindən hədiyyə olaraq verilir. Amma bütün bunlar yenə Azərbaycanla rəqabət üçün yetərli deyil.

Əksinə, Azərbaycanla sülh və əməkdaşlıq şəraitində yaşamaq Ermənistana çoxsaylı dividendlər qazandırır. Perspektivdə isə hətta Azərbaycan Ermənistanın təhlükəsizliyinin əsas təminatçılarından biri də ola bilər. Uzun illər davam edən müharibə və işğal siyasəti Ermənistana heç bir qazanc gətirmədi, əksinə, ölkəni regionda təcrid vəziyyətinə saldı. Azərbaycanla sülh imzalamaqla Ermənistan bu təcrid vəziyyətindən çıxmaq, qonşularla münasibətlərini normallaşdırmaq imkanı əldə edəcək. İqtisadi baxımdan da Azərbaycanla əməkdaşlıq Ermənistan üçün mühüm üstünlüklər vəd edir.

Cənubi Qafqazın əsas nəqliyyat-kommunikasiya layihələrinin mərkəzində Azərbaycan dayanır. Bakı–Tiflis–Ceyhan, Bakı–Tiflis–Ərzurum, Bakı–Tiflis–Qars, Cənub Qaz Dəhlizi kimi layihələr regionun iqtisadi xəritəsini dəyişib. Ermənistan bu layihələrdən kənarda qalmaqla həm tranzit gəlirlərindən məhrum olub, həm də iqtisadi inkişaf imkanlarını itirib. Əgər Ermənistan Azərbaycanla sülh şəraitində yaşamağa razı olsa, Zəngəzur dəhlizinin açılması və digər regional nəqliyyat xətlərinə qoşulmaqla böyük iqtisadi fayda əldə edəcək. Bu, həm ixrac imkanlarını genişləndirəcək, həm də xarici sərmayənin ölkəyə cəlbini asanlaşdıracaq.

Sosial və humanitar müstəvidə də sülhün Ermənistan üçün əhəmiyyəti böyükdür. İllərlə münaqişə şəraitində yaşayan erməni cəmiyyəti davamlı gərginlikdən yorulub. Qarabağ məsələsi Ermənistanın daxili siyasətində də manipulyasiya vasitəsinə çevrilərək xalqın sosial-iqtisadi problemlərinin həllinə mane olub. Təhlükəsizlik amili də unudulmamalıdır. Ermənistan uzun illər Rusiyanın hərbi bazalarına və təhlükəsizlik zəmanətlərinə arxalanırdı. Lakin son dövrdə geosiyasi vəziyyət dəyişib, Rusiyanın bölgədəki mövqeyi zəifləməyə başlayıb. Ermənistan üçün real təhlükəsizlik təminatı yalnız qonşularla, xüsusilə də Azərbaycanla normal münasibətlər qurmaqla mümkündür. Azərbaycanla əməkdaşlıq Ermənistanın beynəlxalq imicinə də müsbət təsir göstərə bilər.

Hazırda Ermənistanın beynəlxalq münasibətlərdə zəif mövqeyi onun təcrid olunmuş siyasəti ilə bağlıdır. Sülhün təmin edilməsi isə Ermənistanın Avropa İttifaqı, qonşu dövlətlər və digər beynəlxalq təşkilatlarla münasibətlərini yaxşılaşdırmasına şərait yaradacaq. Bu isə ölkənin iqtisadi və siyasi cəhətdən inkişafını stimullaşdıracaq. Əlavə olaraq, Ermənistanın Azərbaycanla əməkdaşlıq şəraitində yaşaması regional sabitliyə də mühüm töhfə verəcək. Cənubi Qafqaz yalnız qarşılıqlı hörmət, ərazi bütövlüyünə riayət və əməkdaşlıq prinsipləri əsasında inkişaf edə bilər.

Ermənistan bu prosesə qoşularsa, həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə ilə birlikdə yeni regional əməkdaşlıq formatlarının bir hissəsinə çevrilə bilər. Bu isə uzunmüddətli perspektivdə Ermənistanı iqtisadi və siyasi təcriddən çıxaracaq. Ona görə də sülh və əməkdaşlıq Ermənistanın yeganə düzgün seçimidir. 

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?