Azərbaycan–Pakistan qardaşlığı: Hindistanın yanlış siyasəti iflasa aparır - TƏHLİL

Azərbaycanın xarici siyasət prioritetlərindən biri balanslaşdırılmış münasibətlər qurmaq, müxtəlif ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrini genişləndirməkdir. Bu kontekstdə Asiya qitəsinin böyük dövlətləri ilə əməkdaşlıq da Azərbaycanın beynəlxalq siyasətində mühüm yer tutur. Lakin təəssüf ki, dünyanın ən böyük dövlətlərindən biri olan Hindistan son illərdə Azərbaycana qarşı əsassız şəkildə açıq və gizli formada düşmənçilik siyasəti həyata keçirməkdədir.
Sirr deyil ki, Hindistanın Azərbaycana qarşı belə münasibətinin başlıca səbəbi ölkəmizin Pakistanla strateji münasibətləridir. Azərbaycan tarixi, dini və siyasi baxımdan Pakistanla yaxın dostluq əlaqələrinə malikdir. Qarabağ münaqişəsi dövründə Pakistan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, rəsmi olaraq Ermənistanla diplomatik münasibətlər belə qurmaqdan imtina edib. Bu fakt Hindistanı daim ciddi şəkildə narahat edib. Halbuki, Pakistanın mövqeyi ilk növbədə beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın da Pakistanla yanaşmasında mövqeyi beynəlxalq hüquqa söykənir. Ölkəmiz Cəmmu və Kəşmir məsələsində Pakistana tam dəstək verir. Bundan əlavə, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və digər platformalarda Cəmmu və Kəşmir müsəlmanlarının hüquqlarını dəstəkləməsi də Hindistanı əndişələndirir. Halbuki burada da hər hansı qərəz və birtərəfli yanaşma yoxdur. Məsələ yenə beynəlxalq hüquq kontekstinə əsaslanır.
Amma buna rəğmən, Hindistan Azərbaycana münasibətdə ciddi yanlışlığa yol verir və bununla ilk növbədə öz mövqeyinə, iqtisadi maraqlarına xələl gətirir. Bu günlərdə Azərbaycana qarşı düşmənçilik siyasətinin davamı olaraq, Hindistan ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı müraciətini bloklayıb. Məsələyə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə toxunub. Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlət başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını bildirib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür. Elə Pakistan da məsələyə eyni prizmadan yanaşır.
Pakistanın Bakıdakı səfiri Qasım Mohiuddin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı müraciətinin Hindistan tərəfindən bloklanması xəbərlərindən sonra ölkəmizə dəstək ifadə edib: “Modi rejiminin izlədiyi siyasət təkcə Cənubi Asiya üçün yox, həm də Qafqaz və digər bölgələr üçün təhdiddir. Heç bir şey Pakistan-Azərbaycan qardaşlığını poza bilməz.”
Bütün bunlardan, ilk növbədə isə Hindistanın yanlış siyasətindən irəli gələrək, Pakistan həm də Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü blok edib. Eyni zamanda Pakistan Ermənistanla bağlı siyasətini Azərbaycanla koordinasiya edilmiş şəkildə yürüdür. Belə ki, Pakistanın Ermənistanla diplomatik münasibətləri qurmağa Azərbaycanla məsləhətləşmədən sonra başlaması bunu təsdiqləyir.
Qeyd edilməlidir ki, Pakistan və Ermənistanın xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması imkanlarının nəzərdən keçirilməsini razılaşdırıblar. Bununla yanaşı, nazirlər avqustun 31-də Çinin Tiencin şəhərində iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommünike imzalayıblar. Pakistan bu addımı Ermənistanın müstəqilliyindən 34 il sonra atıb. Diplomatik əlaqələrin qurulması istiqamətində atılan addım Ermənistanda böyük məmnunluqla qarşılanıb. “APRI Armenia”nın hərbi analitiki və tədqiqatçısı Leonid Nersisyan bu xüsusda qeyd edib: “Tamamilə aydındır ki, bu qərarlar ABŞ-dakı görüşdən dərhal sonra verilib və Ermənistanla Azərbaycan arasında razılaşmalar olmasaydı, bu baş verməzdi. Aydındır ki, Azərbaycan Pakistanın qərarını əngəlləmək istəməyib.”
Ermənistan–Pakistan kommünikesinin Çində imzalanması da təsadüfi deyil. Çin–Pakistan münasibətləri beynəlxalq münasibətlərin ən yaxşı nümunələrindən biridir və “dəmir qardaşlıq” adlandırılır.
Proseslər göstərir ki, Azərbaycan–Pakistan–Ermənistan üçbucağında münasibətlər bundan sonra daha dinamik inkişaf edəcək. Belə vəziyyətdə Pakistana qarşı düşmənçilik siyasətinin yürüdülməsi ilə yanaşı, Azərbaycana qarşı da eyni siyasətin aparılması Hindistanın öz maraqlarına ziddir. İlk növbədə Hindistan Avrasiya və dünya üçün əhəmiyyəti getdikcə artan Cənubi Qafqazda mövqeyini itirir. Azərbaycana qarşı yanlış siyasət türk və müsəlman dünyasında da Hindistanın mənafelərinə ciddi zərbə vurur.
Hindistanın Ermənistanı silahlandırmaq cəhdləri də əbəsdir. Məlumdur ki, Hindistan Ermənistana zenit-raket kompleksləri, artilleriya qurğuları və müxtəlif növ sursatlar ixrac edir. Cənubi Qafqazda sülh üçün addımlar atıldığı vaxtda bu hal rəsmi Dehlinin siyasətinin nə qədər qərəzli və düşmənçilik xarakterli olduğunu göstərir. Qeyd edilməlidir ki, Qarabağ məsələsində də Hindistan destruktiv mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsi zamanı Hindistan işğalçı Ermənistana siyasi dəstək verib, o vaxt da bu ölkənin hərbi təchizat məsələlərində iştirak edib. Ermənistan ordusunda Hindistan istehsalı olan silah və sursatların istifadəsi barədə faktlar mövcuddur. Bu da Hindistanın Azərbaycana qarşı açıq düşmənçiliyinin bariz nümunəsidir.
Dehlinin bu siyasəti Azərbaycan–Hindistan münasibətlərinə təbii olaraq zərər vurur. Halbuki iqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Azərbaycanın enerji resursları, Hindistanın böyük bazarı və potensialı qarşılıqlı faydalı əməkdaşlığa şərait yarada bilər. Lakin siyasi münasibətlərdəki gərginlik səbəbindən bu potensial yetərincə reallaşmır.
Mədəniyyət sahəsində də eyni vəziyyət hökm sürür. Hindistan mədəniyyəti Azərbaycanda sevilir, hind filmləri və musiqisi hələ də ölkəmizdə populyardır. Buna baxmayaraq, rəsmi Dehlinin soyuq münasibəti bütün bunları təhdid altına atır.
Rəsmi Bakı Hindistanla münasibətlərin gərginliyinin azalmasında maraqlıdır. Lakin bu münasibətlərin normallaşması üçün ilk növbədə Hindistanın düşmənçilik siyasətindən əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi və Pakistanla dostluğa görə Azərbaycana qarşı düşmənçilikdən imtina etməsi zəruridir.
Onu da nəzərə almaq lazımdır ki, Dehlinin böyük ümidlər bəslədiyi Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizində də Azərbaycan həlledici mövqeyə malikdir. Daha bir mühüm məqam odur ki, beynəlxalq münasibətlərdə daimi düşmənçilik deyil, qarşılıqlı fayda prinsipi üstünlük təşkil etməlidir. Azərbaycan və Hindistan qədim tarixi-mədəni irsə malik ölkələrdir. Bu xalqlar arasında əlaqələrin normal inkişafı həm regionun, həm də dünya sabitliyi üçün əhəmiyyətlidir.
Hindistan bu reallığı qəbul etməlidir. Azərbaycan həmişə olduğu kimi sülh, əməkdaşlıq və beynəlxalq hüquqa əsaslanan münasibətlərin tərəfdarıdır. Buna görə də gələcəkdə Hindistanın mövqeyində dəyişiklik baş verərsə, Azərbaycan tərəfi qarşılıqlı dialoq və əməkdaşlığa açıq olacaq.
MTM Analitik Qrupu