Azərbaycan qitələri birləşdirən əsas logistik körpü rolunda - TƏHLİL

Qlobal iqtisadi sistemdə baş verən dəyişikliklər – Şərqdən Qərbə, Şimaldan Cənuba doğru yeni ticarət zəncirlərinin formalaşması beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin rolunu xeyli dərəcədə aktuallaşdırıb. Bu çağırışlar fonunda yeni nəqliyyat dəhlizlərinin və qlobal ticarət şəbəkələrinin formalaşdırılması bütün ölkələr üçün müstəsna əhəmiyyət kəsb edir.
Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan bu prosesləri adekvat qiymətləndirməklə mühüm tranzit qovşağına çevrilməyə iddialıdır. Coğrafi üstünlüklərindən maksimum səmərəli şəkildə yararlanan ölkəmiz müasir infrastruktur layihələri reallaşdırmaqla nəqliyyat sistemini şaxələndirib və regionda etibarlı tərəfdaş statusunu möhkəmləndirib.
Son 20 ildə həyata keçirilən, perspektiv hədəflərə hesablanan layihələr Azərbaycanın logistika və nəqliyyat sektorunu iqtisadi inkişafın aparıcı sahələrindən birinə çevirib. Ələt Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, beynəlxalq hava limanları, müasir avtomobil yolları ölkəmizin ərazisini yükdaşımalar üçün cəlbedici edib. Bu infrastruktur üzərində formalaşan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz, eləcə də Şimal–Cənub və icrasına başlanacaq “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (Zəngəzur dəhlizi) Azərbaycanın Avrasiya qitəsində strateji mövqeyini gücləndirir.
Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında tədbirdə çıxışı zamanı Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini, bu sahədə reallaşdırılan layihələrin əhəmiyyətini xüsusi vurğulayıb:
“Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq–Qərb və Şimal–Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir... Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.”
Üç ildən çoxdur ki, davam edən Rusiya–Ukrayna müharibəsi beynəlxalq nəqliyyat və enerji xəritəsini xeyli dərəcədə dəyişdirib. Kollektiv Qərbin, Avropa İttifaqının Rusiyadan enerji və xammal asılılığını minimuma endirmək cəhdləri, habelə Qara dəniz üzərindən yükdaşımaların ciddi məhdudiyyətlərlə üzləşməsi yeni alternativ marşrutlara ehtiyacı artırıb. Belə bir şəraitdə Orta Dəhliz ən real, strateji baxımdan etibarlı, iqtisadi rentabelli marşrut kimi ön plana çıxıb. Əksər ölkələr və transmilli şirkətlər yaranmış boşluğu Orta Asiya və Azərbaycan üzərindən keçən Orta Dəhliz vasitəsilə doldurmağa üstünlük verirlər. Çin və Mərkəzi Asiya ölkələri məhsul və xammalın böyük qismini Qərb bazarlarına əsasən məhz Azərbaycan ərazisi ilə çıxarırlar.
Azərbaycan ərazisindən yükün uzaq məsafələrə daşınması zamanı dəniz gəmilərindən istifadə xərcləri optimallaşdırmağa və maliyyə vəsaitlərinə qənaət etməyə imkan verir. Bu baxımdan yeni tankerlərin istehsalı və istismara verilməsi ölkəmizin dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımalarda rolunun artırılması, ölkənin rəqabət qabiliyyətinin, nəqliyyat-tranzit potensialının gücləndirilməsi məqsədi daşıyır.
Reallaşdırılan tədbirlər nəticəsində Azərbaycan hazırda Xəzər dənizində ən böyük donanmaya sahibdir. Müasir İpək Yolunun və əsas nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır. Ələt Beynəlxalq Dəniz Limanının genişləndirilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi və gömrük-prosedur islahatları Orta Dəhlizin cəlbediciliyini artırıb.
Orta Dəhlizin əsas qolu – Asiyadan başlayaraq, Xəzər dənizi üzərindən keçən yol Azərbaycandan Gürcüstana, Türkiyəyə, daha sonra Avropaya qədər uzanır. Bu, hazırda Asiyanı Avropaya Azərbaycan ərazisindən birləşdirən yeganə yoldur. Zəngəzur dəhlizinin və yaxud TRIPP-in (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) işə düşməsi bu baxımdan yeni alternativ yaradacaq.
Dövlət başçısı İlham Əliyev “ŞƏT plyus” formatında tədbirdə çıxışı zamanı onu da xüsusi vurğulayıb ki, gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək.
Azərbaycanın regional nəqliyyat siyasətində yeni mərhələnin əsasını qoyan Zəngəzur dəhlizi (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) Çindən, Orta Asiyadan tutmuş Cənubi Qafqaza və Avropaya qədər əksər ölkələrin maraq dairəsindədir. TRIPP yalnız Azərbaycan və Türkiyə üçün deyil, Ermənistan, İran, Rusiya və digər ölkələr üçün iqtisadi üstünlüklər yaradır. 8 avqust 2025-ci ildə Azərbaycanla Ermənistan arasında əldə olunan Vaşinqton razılaşmalarına qədər Zəngəzur dəhlizi kimi tanınan bu marşrut Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa və rentabelli yol hesab edilir.
Prezident İlham Əliyevin “ŞƏT plyus” formatında tədbirdə çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın nəqliyyat-logistika siyasətinin əsas hədəflərini canlandırır. Həyata keçirilən tədbirlər, yaxın gələcəkdə TRIPP yolunun açılması ölkəmizin qlobal tranzit mərkəzinə çevrilməsinə zəmin yaradır. Azərbaycan Avrasiyanın xəritəsində yalnız enerji ixracatçısı deyil, qitələri birləşdirən əsas logistik körpü kimi də yer alır.
MTM Analitik Qrupu