Bakı İrəvana yeni fürsət yaradır: Türkiyə və Pakistanla münasibətlərin açarı sülhdədir - TƏHLİL

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın iqtisadi və siyasi müstəqilliyi, regional layihələrdə iştirakı, bir sıra ölkələrlə dplomatik münasibətlər qurması regionda dayanıqlı sülhün əldə olunmasından keçir. Azərbaycanla tez bir zamanda sülhün əldə olunması bu ölkə üçün yalnız regional təhlükəsizlik və sabitlik məsələsi eyil, həm də müxtəlif əməkdaşlıq formatlarında iştirak, özünütəcrid vəziyyətindən xilas olmaq fürsəti deməkdir.
Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda imzalanmış Birgə Bəyannamə, Yekun Sülh Sazişi layihəsinin paraflanması sülh istiqamətində mühüm addımlar olmaqla yanaşı, Ermənistan üçün yeni mərhələnin əsasını qoyub. İşğalçı syasətinə görə Ermənistanla diplomatik münasibətlər qurmayan Türkiyə, Pakistan, Səudiyyə Ərəbbistanı və digər dövlətlərlə əlaqələri nizamlamaq indi rəsmi İrəvan üçün həm də keçmiş səhvlərdən nəticə çıxarmaq deməkdir. Başqa sözlə, Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıq fonunda Ermənistanın bir sıra regional və beynəlxalq əməkdaşlıq platformalarında iştirakı bu ölkənin Azərbaycanla sülh prosesinə konstruktiv yanaşmasından asılıdır.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT plyus) toplantısı çərçivəsində Çində keçirilən görüşlər, aparılan müzakirələr bunu bir daha təsdiq edir. Ermənistan Baş naziri Nikol Paşinyanın tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi növbəti görüş diqqəti xüsusilə cəlb edir. Məsələ bundadır ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə region ölkələrinin iştirakı ilə müxtəlif formatlı əməkdaşlıq təşəbbüsləri irəli sürsələr də, Ermənistan prosesi əngəlləmək mövqeyi tutub. Bakı ilə eyni mövqeyi bölüşən rəsmi Ankara isə dəfələrlə bəyan edib ki, Qarabağdakı xunta rejiminin mövcudluğuna son qoyulması fonunda Cənubi Qafqazda ədavət səhifəsinin qapadılması, yekun sülh sazişinin imzalanması, eləcə də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üçün əlverişli imkanlar açılıb. Ermənistanın bu mərhələdə nə dərəcədə konstruktiv mövqe nümayiş etdirməsi, eləcə də yekun sülh sazişini imzalaması bu ölkənin təkcə Azərbaycanla deyil, Türkiyə ilə münasibətlərinin bərpasını və sivil məcrada inkişafını təmin edəcək.
Rəsmi İrəvan gec də olsa, Türkiyə ilə münasibətlərin normallaşması posesinin Azərbaycanla yekun sülh sazişindən asılı proses olduğunu qəbul etməyə başlayıb. Qarşı tərəf son illərdə üzləşdiyi total hərbi-siyasi məğlubiyyyətdən sonra özünütəcrid vəziyyətinin ona həm iqtisadi, həm də təhlükəsizlik nöqteyi-nəzərindən yaxşı perspektiv vəd etmədiyinin fərqindədir. İşğalçı siyasətinə görə, Ermənistan son 30 ildə regionda reallaşdırılan bir sıra mühüm layihələrdə iştirak imkanından məhrum olub, strateji əhəmiyyətli müəssisələrini, dəmir yollarını Rusiya və digər ölkələrə satmağa məcbur qalıb.
Yeni geosiyasi reallıqlar fonunda Ermənistanın əvvəlki səhvləri davam etdirərək əməkdaşlıq və inteqrasiya təşəbbüslərindən imtina etməsi bu ölkənin daha böyük itkilərə məruz qalması ilə nəticələnə bilər. Vaşinqton razılaşmalarından sonra verilən açıqlamalar da göstərir ki, qarşı tərəf yaranmış əməkdaşlıq fürsətini adekvat dəyərləndirməyə çalışır. Strateji müttəfiqlər olan Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması Ermənistanın xarici ticarət və ixrac imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır. Bu mənada, Vaşinqtonda Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmiryolu və avtomobil yollarının Ermənistan ərazisindən çəkilişi, “Tramp sülh və rifah yolu”nun (Zəngəzur Dəhlizi) reallaşdırılması ilə bağlı əldə olunan razılaşmaların əlahiddə əhəmiyyəti xüsusi vurğulanmalıdır. Bu razılaşma rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı siyasi manipulyasiyalarına son qoyulması deməkdir.
Türkiyə Prezidenti ŞƏT plyus çərçivəsində Ermənistan baş naziri ilə keçirdiyi görüşdən sonra bildirib ki, ölkəsi Ermənistan-Azərbaycan münasibətlərində əldə olunan son nəticələrdən məmnundur və regionda sabitliyin əldə olunmasını, inkişafı dəstəkləyir. Türkiyə yalnız regional güc deyil, həm də NATO üzvü, beynəlxalq iqtisadi sistemdə ciddi təsir imkanlarına malik dövlətdir. Bu dövlətlə münasibətlərin yaxşılaşması Ermənistanın təcrid vəziyyətindən çıxması, yeni kommunikasiya xətlərinə və ticarət bazarlarına çıxış əldə etməsi baxımından həyati əhəmiyyət daşıyır.
Ermənistan Azərbaycanın digər yaxın müttəfiqi Pakistanla da münasibətlərin qurulmasında maraqlıdır. ŞƏT plyus çərçivəsində Ermənistan və Pakistanın xarici işlər nazirləri – Ararat Mirzoyanın və Məhəmməd İshaq Darın iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair imzaladıqları birgə kommünike də məhz Azərbaycanla sülh prosesində əldə edilmiş ciddi irəliləyişin nəticəsidir. Başqa sözlə, həm Türkiyə, həm də Pakistan Ermənistanla münasibətlərin normallaşması prosesində ölkəmizin maraqlarını ciddi şəkildə nəzərə alır, bu prosesi qarşılıqlı məsləhətləşmələr şəklində həyata keçirirlər.
İndiyə qədər İslam dünyasının əksər ölkələri, xüsusilə Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələr qurmayıb, bu ölkənin müstəqilliyini tanımayıblar. 8 avqust tarixli Vaşinqton razılaşmalarından sonra isə vəziyyət dəyişib. Belə ki, Azərbaycanla sülh prosesinin irəliləməsi Ermənistanın təkcə qonşuları ilə deyil, daha geniş beynəlxalq müstəvidə əlaqələrinin inkişafı üçün platforma rolunu oynayır.
Bu kontekstdə Ermənistanın gələcək diplomatik xəritəsi də formalaşır. Azərbaycanla Yekun Sülh Sazişinin imzalanması Ermənistanın müsəlman dünyasında əməkdaşlıq və nüfuz dairəsini genişləndirməsinə yol aça bilər. Bu, həm də ölkənin iqtisadi baxımdan yeni investisiya mənbələri əldə etməsi, enerji və nəqliyyat layihələrində iştirak imkanı qazanması deməkdir.
ŞƏT plus çərçivəsində reallaşan Ərdoğan-Paşinyan görüşü, habelə Ermənistan-Pakistan diplomatik münasibətlərinin qurulması istiqamətində atılan ilkin addımlar deməyə əsas verir ki, Ermənistanın sülh prosesinə rasional və konstruktiv yanaşmaqdan savayı, yolu yoxdur. Bu, təkcə Azərbaycanla münasibətlərin normallaşması demək deyil, həm də Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrlə əlaqələr qurmaq, regional təcriddən çıxmaq və beynəlxalq müstəvidə yeni tərəfdaşlıqlara yol açmaq deməkdir.
MTM Analitik Qrupu