Dünən

Orta Dəhliz və enerji xətləri: Azərbaycanın ŞƏT üçün strateji əhəmiyyəti - TƏHLİL

XXI əsrdə beynəlxalq münasibətlərin əsas tendensiyalarından biri qlobal güc mərkəzlərinin şaxələnməsi və regional təşkilatların artan roludur. Qərbin dominant mövqeyini zəiflədən bu prosesdə Avrasiya məkanında yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) xüsusi əhəmiyyət kəsb edir. 2001-ci ildə təsis olunan və hazırda 10 tamhüquqlu üzvü, bir neçə müşahidəçi dövləti, həmçinin 15 dialoq tərəfdaşı olan bu qurum artıq təkcə regional deyil, qlobal təsir gücünə malikdir.

Azərbaycan bu təşkilatla əməkdaşlıqda mühüm mərhələlərdən keçib. Xüsusilə 2015-ci ildə Ufada keçirilən sammitdə ölkəmizə dialoq tərəfdaşı statusunun verilməsi Azərbaycanın Avrasiya geosiyasətində strateji mövqeyinin beynəlxalq təşkilatlar tərəfindən də təsdiq edildiyini göstərirdi. Azərbaycanın təşkilatla rəsmi əməkdaşlığına start verən bu qərar ölkənin regional güc mərkəzləri ilə yaxınlaşmasının əsasını qoydu. 2016-cı ildə isə Azərbaycan və ŞƏT arasında imzalanan və əməkdaşlığın hüquqi bazasını möhkəmləndirən memorandum siyasi dialoq, iqtisadi əməkdaşlıq, mədəni-humanitar mübadilə sahələrini əhatə edirdi. Son on ildə isə Azərbaycan təşkilatın müxtəlif sammitlərində, forumlarında, ekspert görüşlərində iştirak etməklə yanaşı, regional enerji və nəqliyyat layihələrini də ŞƏT gündəliyinə çıxarmağa nail olub.

Azərbaycan-ŞƏT əməkdaşlığının strateji əhəmiyyətinə gəlincə, qeyd etməliyik ki, ölkəmiz xüsusilə Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər fonunda təhlükəsizlik məsələlərini prioritet hesab edir. ŞƏT-in əsas məqsədlərindən biri regional sabitliyin təminidir ki, bu da Azərbaycanın milli maraqları ilə üst-üstə düşür. Azərbaycan həm də dünyanın aparıcı enerji ixracatçılarından biridir. ŞƏT ölkələrinin böyük hissəsi – Çin, Hindistan və Pakistan enerji idxalçısıdır. Bu da tərəflər arasında strateji əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP kimi layihələr ŞƏT məkanında enerji təhlükəsizliyi baxımından diqqət mərkəzində saxlanılır. Digər tərəfdən Azərbaycan “Orta Dəhliz”in əsas halqalarından biridir. Çinlə Avropanı birləşdirən bu nəqliyyat arteriyası ŞƏT-in üzvü olan dövlətlərin iqtisadi maraqlarına tam cavab verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və Zəngəzur dəhlizi perspektivi Azərbaycanı ŞƏT ölkələri üçün mühüm tranzit tərəfdaşına çevirir. Təbii ki, mədəni-humanitar əməkdaşlıq da diqqətdən kənarda qalmır. Azərbaycan Avropa ilə Asiya arasında yerləşən sivilizasiyalararası dialoq məkanı kimi çıxış edir. Bu xüsusiyyət ŞƏT-in mədəni əməkdaşlıq hədəfləri ilə uzlaşır. “Bakı Prosesi” kimi təşəbbüslər Azərbaycanın bu sahədəki aktiv rolunu nümayiş etdirir.

ŞƏT üçün də Azərbaycanın rolu danılmazdır. Belə ki, ölkəmiz Avropa ilə Asiyanı birləşdirən qapı funksiyasını yerinə yetirir. Digər tərəfdən, Azərbaycan enerji resurslarının ixracında strateji oyuncudur. Cənubi Qafqazda balanslı siyasət yürüdən və tərəfdaşlıq imkanları yaradan Azərbaycan islam, türk və Qərb dünyası ilə inteqrasiyada körpü funksiyasını yerinə yetirir.

Hazırda Azərbaycan təşkilat daxilində dialoq tərəfdaşı statusuna malikdir. Lakin geosiyasi reallıqlar göstərir ki, gələcəkdə Azərbaycan üçün tam üzvlük gündəmə gələ bilər. Bu, ölkəmizə ŞƏT çərçivəsində yeni ticarət və investisiya imkanlarını reallaşdırmaq, xüsusilə qeyri-neft sektorunda yeni əməkdaşlıq imkanları yarada bilər. Qərb, Rusiya, Çin və Türkiyə ilə paralel əməkdaşlıq siyasəti aparan ölkə kimi Azərbaycanın ŞƏT-lə əməkdaşlığı balanslı xarici siyasətin mühüm tərkib hissəsinə çevirməsi mümkündür. Bununla yanaşı, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi ŞƏT ölkələrinin də marağındadır. Artıq Ermənistanla sülhü bərqərar edən Azərbaycan bu müstəvidə yeni əməkdaşlıq imkanları əldə edə və genişləndirə bilər.

Azərbaycan–ŞƏT münasibətləri artıq formallıq mərhələsini keçərək praktik əməkdaşlıq fazasına qədəm qoyub. Enerji, nəqliyyat, təhlükəsizlik və mədəniyyət sahələrində qarşılıqlı maraqlar bu əməkdaşlığı daha da gücləndirir. Azərbaycanın Avrasiya məkanında strateji mövqeyi və artan beynəlxalq nüfuzu nəzərə alındıqda, ŞƏT-lə əlaqələrin inkişafı ölkəmizin çoxvektorlu xarici siyasət kursunun mühüm istiqamətlərindən biri olaraq qalacaq.

MTM Analitik Qrupu 

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?