ABŞ-İran qarşıdurması hava yollarını çökdürür

ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri Yaxın Şərqdə səmavi təhlükələri artırıb.
Təhlil.az xəbər verir ki, bu barədə uçuş təhlükəsizliyini izləyən "Safe Airspace" təşkilatı xəbərdarlıq edib. Zərbələrin ardından bir sıra aviaşirkətlər Dubay və Doha istiqamətində uçuşları ləğv edib, bəziləri isə marşrutlarını dəyişərək bölgədən yan keçməyə üstünlük veriblər.
"Singapore Airlines" təhlükəsizlik qiymətləndirməsinə əsasən, Sinqapur-Dubay reyslərini dayandırdığını açıqlayıb. "British Airways" isə həm Dubay, həm də Doha reyslərini ləğv edib. ABŞ-nin "American Airlines" və "United Airlines" şirkətləri də əvvəlcədən bu istiqamətlərə uçuşları təxirə salmışdılar.
"FlightRadar24" portalının verdiyi məlumata görə, hazırda hava yolları İran, İraq, Suriya və İsrail hava məkanlarından yan keçir. Marşrutlar ya Qafqaz və Xəzər dənizi üzərindən, ya da Misir və Səudiyyə Ərəbistanı üzərindən təşkil olunur. Bu isə daha uzun uçuşlar və əlavə yanacaq xərcləri deməkdir.
İsrail iyunun 13-dən İranla başlayan toqquşmalar fonunda ilk dəfə olaraq hava məkanını bazar günü 6 saatlıq açaraq xaricdə qalan vətəndaşlarını geri gətirməyə başladı. İsrailin El Al, Arkia, Israir və Air Haifa aviaşirkətləri gün ərzində 10-a qədər təxliyə reysi həyata keçiriblər. Rəsmilər bildirir ki, on minlərlə israilli hələ də xaricdə qalıb, 40 minə yaxın turist isə İsraili tərk etməyə çalışır. Onların bir hissəsi İordaniya və Misir üzərindən çıxış yolları axtarır, bəziləri isə Kiprə bərə ilə getməyə çalışır.
Yaponiyanın Xarici İşlər Nazirliyi İrandan 16 vətəndaş da daxil olmaqla 21 nəfəri quru yolu ilə Azərbaycana təxliyə etdiyini bildirib. Bu, son üç gündə həyata keçirilən ikinci belə evakuasiya əməliyyatıdır. Tokio növbəti təxliyələrə də hazır olduqlarını açıqlayıb. Yeni Zelandiya isə Orta Şərqə "Hercules" hərbi-nəqliyyat təyyarəsi göndərərək öz vətəndaşlarını təxliyəyə hazırlaşdığını elan edib. Hökumət eyni zamanda kommersiya aviaşirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edir.
"Safe Airspace" təşkilatı bildirib ki, ABŞ-nin zərbələri regiondakı amerikalı operatorlar üçün təhlükəni artırır. Rəsmi olaraq mülki aviasiyaya qarşı birbaşa təhdid səslənməsə də, İran əvvəllər ABŞ maraqlarına qarşı birbaşa və ya “Hizbullah” kimi proksi qüvvələrlə cavab veriləcəyini bildirib.
Təşkilat əlavə edib ki, hazırda risk yalnız İran və İsraillə məhdudlaşmır. Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ hava məkanlarında da ehtiyatlılıq tövsiyə olunur.
Bütün bunlar deməyə əsas verir ki, Rusiya və Ukrayna hava məkanlarının müharibə səbəbilə bağlı olduğu indiki şəraitdə Yaxın Şərq Avropa-Asiya uçuşları üçün əsas marşrut bölgəsinə çevrilmişdi. İndi bu marşrut da təhlükə altındadır. Həm təhlükəsizlik, həm də artan neft qiymətləri səbəbilə aviaşirkətlər üçün xərclər yüksəlir, sərnişinlər üçün isə qeyri-müəyyənlik artır.
Yaxın Şərqdə hava nəqliyyatında “təhlükəsiz dəhliz” anlayışı getdikcə daralır və bu, artıq təkcə aviasiya deyil, geosiyasi reallığın da göstəricisidir.