Həbib Nurməhəmmədov Azərbaycana təşəkkür etdi

Dünyaca məşhur rusiyalı MMA ulduzu, sabiq UFC çempionu Həbib Nurməhəmmədov Azərbaycanda keçirdiyi günlərlə bağlı sosial şəbəkədə paylaşım edib.
Təhlil.az xəbər verir ki, o, Bakıda görüşdüyü şəxslərlə çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşərək, təəssüratlarını belə ifadə edib: “Azərbaycan, çox sağ olun. Bu günlər heyrətamiz idi!”
Həbib bu günlərdə Bakıda keçirilən UFC turnirində iştirak edirdi. O, qazaxıstanlı Maksum Azata qalib gələn Taqir Ulanbekovun məşqçisi kimi tədbirdə yer alıb.
Turnirin əsas qarşılaşması isə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri arasında baş tutub. Yarım ağır çəkidəki beş raundluq gərgin döyüşdə Halil Rountri hakimlərin qərarı ilə qalib elan olunub.
Azərbaycanlı döyüşçülər də turnirdə diqqət çəkiblər. Nazim Sadıxov braziliyalı Nikolas Mottanı, Rafael Fiziyev isə çilili İqnasio Bahamondesini məğlub edib. Lakin Tofiq Musayev Qırğızıstan təmsilçisi Mıktıbek Orolbai ilə döyüşdən uduzaraq turniri məğlubiyyətlə başa vurub.