Bu gün

Cənubi Qafqaza qaçqın dalğası gəlir? - RƏY

"İsrail və İran arasında ehtimal olunan müharibə təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqazda da böyük humanitar fəlakətə yol aça bilər".

Bu fikirləri tehlil.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert, Rusiya Xalqlar Dostluğu Universitetinin və Ali İqtisadiyyat Məktəbinin dəvət olunmuş müəllimi Fərhad İbrahimov səsləndirib.

Politoloq hesab edir ki, genişmiqyaslı münaqişə baş verəcəyi təqdirdə, İrandan, xüsusilə də azərbaycanlıların sıx yaşadığı Qərbi və Şərqi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərindən böyük miqrant axını başlaya bilər: “Təkcə Tehranda 15 milyon insan yaşayır. İranın şimal vilayətlərində isə əhalinin sayı 25-30 milyon nəfər civarındadır. Bu insanlar arasında cəmi 10 faizinin belə ölkəni tərk etməsi regionda ciddi qaçqın böhranı yarada bilər”. 

İbrahimov bu kontekstdə Azərbaycanın 1990-cı illərdə yaşadığı qaçqın problemini də xatırladaraq, mühüm bir fərqə diqqət çəkib: “Ermənilərin etnik təmizləmə siyasəti nəticəsində öz vətəndaşlarımız – bir milyon azərbaycanlı qaçqın düşdü. Amma İran vətəndaşlarının axını başqa məsələdir. Onlar bizdən fərqli düşünürlər, fərqli dünyagörüşə sahibdirlər. Bir neçə günlüyə turist kimi gəlmək başqa, illərlə burada yaşamaq isə tamam fərqli məsuliyyət və adaptasiya tələb edir.”

Ekspertin sözlərinə görə, İran azərbaycanlıları ilə Azərbaycanın özündə yaşayan azərbaycanlılar arasında mental və sosial baxımdan mühüm fərqlər mövcuddur:
“Mən özüm də etnik azərbaycanlıyam və bilirəm ki, 250 ildir Arazın o tayında yaşayan insanlarımız bu dünyanı fərqli qavrayırlar. Onların davranış modeli, siyasi yanaşmaları, sosial gözləntiləri çox vaxt bizimkindən fərqlənir”.

Fərhad İbrahimovun fikrincə, bu risklər təkcə Azərbaycanın yox, bütün regionun diqqətində saxlanılmalıdır: "Müharibənin yaratdığı potensial qaçqın axınına qarşı hazırlıqsız olmaq ciddi humanitar və təhlükəsizlik böhranı ilə nəticələnə bilər". 

Rasim Babayev 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?