Azərbaycanda 14 mindən çox mina tapılıb

2025-ci ildə 102, 112, 805 xidməti zəng mərkəzlərinə daxil olmuş məlumatlar əsasında Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərlə yanaşı ölkənin digər rayon və şəhərlərində (Ağstafa, Ağcabədi, Bakı, Bərdə, Beyləqan, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Naftalan, Qazax, Sumqayıt, Şəmkir, Tovuz, Xızı, Yevlax, Hacıqabul, Neftçala, Siyəzən) 14401 ədəd mina və digər partlayıcı sursat aşkar olunaraq zərərsizləşdirilib.
Təhlil.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, havadan tədqiq olunaraq qiymətləndirilmiş və ya faktiki əkin işləri aparılmış ərazilərdə qeyri-texniki və texniki tədqiqatlar aparılmaqla, qısaltma və ləğvetmə metodlarından istifadə edilməklə Agentlik tərəfindən 2025-ci ildə 9178,6 hektar ərazi təhlükədən azad edilib.
2025-ci il ərzində mülki şəxslər arasında 24 nəfər (1 nəfər həlak olmuş, 23 nəfər müxtəlif dərəcəli xəsarət almış), hərbi qulluqçular arasında 9 nəfər (9 nəfər müxtəlif dərəcəli xəsarət almış) mina qurbanı qeydə alınıb.