Bu gün

Yol qəzaları azalır, bəs piyadalar niyə hələ də risk altındadırlar? - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında apardığı təhlil göstərir ki, 2025-ci ildə Azərbaycanda 1 252 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 12,3% və ya 175 hadisə azalma deməkdir.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə 1 427, 2023-cü ildə 1 636, 2022-ci ildə isə 1 668 yol-nəqliyyat hadisəsi baş verib. 2023-cü ildə 2022-ci illə müqayisədə 1,9% və ya 32 hadisə azalma qeydə alınıb.

Son beş ilin dinamikasına nəzər saldıqda, 2022-ci il istisna olmaqla, yol-nəqliyyat hadisələrinin sayında azalma tendensiyası müşahidə edilir. Belə ki, 2022-ci ildə 2021-ci illə müqayisədə hadisələrin sayı 1,2% və ya 19 fakt artıb.

Media Təhlil Mərkəzinin rəsmi statistikaya əsaslanan təhlilinə görə, 2025-ci ildə yol-nəqliyyat hadisələrində 1 026 nəfər yaralanıb, 689 nəfər isə həlak olub.

2024-cü illə müqayisədə yaralananların sayı 8,2% və ya 98 nəfər, həlak olanların sayı isə 9,8% və ya 75 nəfər azalıb.

2023-cü ildə isə 1 367 nəfər yol-nəqliyyat hadisələrində yaralanıb, 862 nəfər həyatını itirib. 2022-ci illə müqayisədə həmin il yaralananların sayı 6,1% və ya 89 nəfər azalsa da, həlak olanların sayı 3,4% və ya 28 nəfər artıb.

Ümumilikdə son beş ilin statistikasına nəzər saldıqda, yol-nəqliyyat hadisələrinin sayında müşahidə olunan azalma fonunda zərərçəkənlərin sayında da azalma tendensiyası diqqət çəkir.

Ötən il baş verən hadisələrin strukturuna nəzər saldıqda məlum olur ki, onların 39,9%-i nəqliyyat vasitələri ilə piyadaların iştirakı nəticəsində baş verib. Bu göstərici piyadaların yol hərəkətində ən həssas tərəf olaraq qalmaqda davam etdiyini göstərir.

Bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verən toqquşmalar ümumi hadisələrin 37,8%-ni təşkil edib. Bu kateqoriyaya əsasən avtomobillər arasında baş verən müxtəlif tipli qəzalar daxildir.

Bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin payı isə 22,3% olub. Bu tip hadisələrə idarəetmənin itirilməsi, yol kənarına çıxma və digər analoji hallar daxildir.

Beləliklə, statistik bölgü göstərir ki, yol-nəqliyyat hadisələrinin böyük hissəsi ya piyadaların iştirakı ilə, ya da bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verir ki, bu da yol hərəkəti təhlükəsizliyi tədbirlərinin xüsusilə bu istiqamətlərdə gücləndirilməsinin vacibliyini ortaya qoyur.

Cənubi Qafqaz ölkələrinin rəsmi statistik göstəricilərinin müqayisəsi göstərir ki, 2025-ci ildə Azərbaycanda 1 252 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Eyni dövrdə Gürcüstanda bu göstərici 5 969, Ermənistanda isə 4 784 olub. Rəqəmlərdən göründüyü kimi, region ölkələri arasında yol-nəqliyyat hadisələrinin ümumi sayı baxımından Azərbaycan daha aşağı göstəriciyə malikdir.

Təbii ki, müqayisə aparılarkən ölkələrin əhali sayı, nəqliyyat vasitələrinin miqdarı, yol infrastrukturu və urbanizasiya səviyyəsi kimi amillər də nəzərə alınmalıdır. Bununla belə, təqdim olunan statistika Cənubi Qafqazda yol hərəkəti təhlükəsizliyi sahəsində mövcud vəziyyətin ümumi mənzərəsini ortaya qoyur və regional müqayisə üçün əsas yaradır.

 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?