21 yanvar

Azərbaycan Cənubi Qafqaza əbədi sülh gətirir - ŞƏRH

Azərbaycanın Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində atdığı addımlar artıq beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Dünyada qəbul olunur ki, Cənubi Qafqazda sülh prosesinin əsas memarı Azərbaycandır və regionda baş verən proseslərin inkişaf axarı birbaşa Bakının mövqeyindən asılıdır. Azərbaycan regionda sülhün davamlı və əbədi xarakter daşımasında maraqlı olan əsas tərəf kimi çıxış edir.

Bu mövqe Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibədə də bir daha açıq şəkildə ifadə olunub.

Xüsusilə qeyd edilməlidir ki, regionda sülh və əməkdaşlıq naminə həyata keçirdiyi genişmiqyaslı fəaliyyət Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ilə də beynəlxalq səviyyədə təsdiqlənib. Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun məlumatına görə, bu mükafat onilliklər boyu Qafqazda davam etmiş münaqişəyə və humanitar əzablara son qoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə təqdim olunub.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və mükafatın baş katibi Məhəmməd Əbdülsəlam bu qərarı belə şərh edib:
“Bu il ‘Zayed İnsan Qardaşlığı Mükafatı’ komitəsi Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi sülh sazişini seçib. Bu sənəd dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi sahəsində mükafatın missiya və məqsədlərini tam şəkildə əks etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyətdir”.

Mükafatın verilməsi bir daha təsdiqləyir ki, Azərbaycanın Ermənistanla və ümumilikdə Cənubi Qafqazda sülh və əməkdaşlıq istiqamətində atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır. Azərbaycan isə regionda barışın davamlı olmasında prinsipial mövqe sərgiləməkdə davam edir.

Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ilə bağlı “Euronews” televiziyasına müsahibəsində bildirib:
“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusilə də onun Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıması bu mükafata xüsusi dəyər qatır. Mən bu qərarı otuz ildən artıq davam etmiş qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasına yönəlmiş səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Biz artıq bir neçə aydır sülh şəraitində yaşayırıq. Bu, ölkəmizin müstəqillik tarixində ilk belə təcrübədir və böyük fürsətlər yaradır. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər tədricən əməkdaşlıq müstəvisinə keçir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırmışıq, eləcə də həmin ölkənin böyük dərəcədə asılı olduğu əsas malların, xüsusilə neft məhsullarının təchizatına başlamışıq. Bu prosesdən hər iki tərəf qazanır. Əminəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri nəticəsində Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz məhz budur”.

Azərbaycanın bu yanaşmasının həyati əhəmiyyət daşıdığı artıq Ermənistanda da açıq şəkildə etiraf olunur. Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində keçirilən “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel müzakirədə bildirib ki, sülh sazişləri konkret prinsiplərə əsaslanır və tərəflər bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və yurisdiksiyasına hörmət edir. Onun sözlərinə görə, yaxın gələcəkdə sərhədlər açılacaq, işgüzar və vətəndaş səfərləri genişlənəcək və bu əməkdaşlıq nəticəsində Cənubi Qafqaz dünya üçün cəlbedici bir regiona çevriləcək.

Beləliklə, Azərbaycanın regionda sülh və əməkdaşlıq istiqamətində atdığı addımlar artıq real nəticələr verir və Cənubi Qafqazın tarixində tamamilə yeni bir mərhələnin əsası qoyulur. Bu kontekstdə Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi tamamilə məntiqi və təbii xarakter daşıyır.

Müasir dünyada münaqişələrin, dini və irqi ayrı-seçkiliyin, nifrət ritorikasının və sosial parçalanmanın artdığı bir dövrdə insanları birləşdirən, dialoqu və qarşılıqlı hörməti təşviq edən təşəbbüslərin rolu daha da artır. Bu baxımdan “Zayed İnsan Qardaşlığı Mükafatı” qlobal miqyasda mühüm əhəmiyyətə malik nüfuzlu mükafatlardan biridir.

Mükafat Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nahyanın humanist ideyalarına əsaslanır. Şeyx Zayed tolerantlıq, mərhəmət və sülh dəyərlərini dövlət siyasətinin əsas sütunlarına çevirən lider kimi tanınır. Mükafatın təsisində 2019-cu ildə Əbu-Dabidə Roma Papası Fransisk və Əl-Əzhər şeyxi Əhməd əl-Tayyib tərəfindən imzalanmış “İnsan Qardaşlığı haqqında Sənəd” mühüm rol oynayıb.

Bütün bu məqamlar fonunda Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində əldə etdiyi Zəfərin sülh masasında da uğurla davam etdirildiyini nümayiş etdirir. Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdıraraq uzunmüddətli sülhün memarına çevrilib və bununla da regionun gələcək nəsillər üçün sabitlik və rifah məkanı olmasına real töhfə verir.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?