Politoloq: "Moskva Mərkəzi Asiya və Azərbaycanın onsuz qərar verməsindən narahatdır" - AÇIQLAMA

“Moskva Mərkəzi Asiya ölkələri və Azərbaycanın xarici siyasət və iqtisadi kursunu onun iştirakı olmadan müəyyən etməsindən qorxuya düşüb”.
Bu fikirləri təhlil.az saytına “Poistine” layihəsinin rəhbəri, politoloq Ruslan Aysin açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə keçirilən məsləhətçi görüşlərdə yer almaq istəyi Moskvanın bu proseslərin onsuz razılaşdırılacağından ehtiyat etdiyini göstərir.
“Rusiyanın Mərkəzi Asiya və Azərbaycanın məsləhətçi görüşlərində iştirak etmək istəyi onu göstərir ki, Moskva öz iştirakı olmadan razılaşmaların əldə olunacağından qorxur və mütləq şəkildə bu proseslərdə yer almağa çalışır.
Burada diqqətçəkən məqam təkcə Moskvanın bu görüşlərə qatılmaq istəyi deyil, əsas məsələ Mərkəzi Asiya ölkələri və Azərbaycanın artıq davranış xəttini Rusiyanın iştirakı olmadan formalaşdırmasıdır. Məhz bu amil Moskvanı ciddi şəkildə narahat edir. Çünki Rusiyada hələ də Mərkəzi Asiyanın onun ‘arxa həyəti’ olduğu və nəzarət edilməli olduğu düşüncəsi qalmaqdadır”, – deyə Aysin vurğulayıb.
Politoloq qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV departamentinin direktoru Mixail Kaluqinin son müsahibəsi, xüsusilə də Moskvadan Bakıda “Rus evi”nin fəaliyyətinin bərpası ilə bağlı səsləndirilən fikirlər 25 dekabr tarixində Qroznı səmasında baş vermiş Azərbaycan sərnişin təyyarəsinin faciəsi ilə bağlı istintaq nəticələrinin açıqlanması ilə əlaqəlidir.
“Kaluqinin geniş müsahibəsi, böyük ehtimalla, bir il əvvəl Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulmuş Azərbaycan sərnişin təyyarəsinin faciəsi ilə bağlı istintaq nəticələrinin 25 dekabrda açıqlanması gözləntiləri ilə bağlıdır.
Bu müsahibə istintaqın yekunlarının açıqlanması ilə birbaşa əlaqəlidir. Mən hesab edirəm ki, Azərbaycan təyyarəsinin vurulmasını terror aktı kimi qiymətləndirmək olar, çünki sərnişin təyyarəsi məqsədli şəkildə vurulub”, – deyə Aysin bildirib.
Ekspertin sözlərinə görə, Moskva bu məsələdə ciddi narahatlıq keçirir.
“Çünki Rusiyanın imicinə ciddi zərər dəyə bilər. Ümumilikdə isə Moskva Rusiyanın ölçüləri ilə müqayisədə “kiçik” hesab etdiyi Azərbaycanın bu cür davranmasını qəbul edə bilmir. Bakı qorxmur, geri çəkilmir və Rusiyadan təkcə üzr istəyi deyil, həm də vurulan zərərə görə kompensasiya tələb edir.
Azərbaycan Moskvanın onunla nə “JEK rəisinin tabeliyində olan işçi” kimi, nə də “böyük qardaş’ mövqeyindən danışmasını qəbul edir”, – deyə Ruslan Aysin qeyd edib.
Rasim Babayev