Həkimdən xəbərdarlıq: gündə bir-iki dəfə yemək risklidir

Son illər “az ye, arıqlayarsan” düşüncəsi bir çox insanın gündə cəmi bir və ya iki dəfə qidalanmasına səbəb olub.
Təhlil.az xəbər verir ki, ancaq həkimlər xəbərdarlıq edir: bu vərdiş sağlamlıq üçün düşündüyümüz qədər təhlükəsiz deyil.
Rusiyalı diyetoloq, qastroenteroloq və endokrinoloq Viktoriya Gonçar bildirir ki, gün ərzində yeməklərin tez-tez ötürülməsi orqanizmdə ciddi pozuntulara yol aça bilər. Onun sözlərinə görə, üç əsas yeməyin atlanması maddələr mübadiləsinin zəifləməsinə, hormon balansının pozulmasına və vacib qida maddələrinin çatışmazlığına səbəb olur.
Xüsusilə intervallı aclıq pəhrizi tətbiq edənlər və sıx iş qrafiki səbəbindən yeməkləri gecikdirənlər bu risk qrupuna daxildir. Həkimin izahına görə, insan gündə yalnız bir-iki dəfə qidalandıqda bədən bunu “aclıq siqnalı” kimi qəbul edir və müdafiə mexanizmini işə salır. Nəticədə metabolizm yavaşlayır, qəbul edilən kalorilər isə daha çox ehtiyat kimi toplanır. Bu da paradoksal şəkildə gələcəkdə çəki artımına gətirib çıxara bilər.
Uzun fasilələrlə qidalanma təkcə fiziki deyil, psixoloji vəziyyətə də təsir göstərir. Qan şəkərinin sürətlə düşməsi yorğunluq, əsəbilik, diqqət dağınıqlığı və məhsuldarlığın azalması ilə nəticələnir. Günün ortasında halsızlıq hiss edən bir çox insanın səbəbi məhz budur.
Viktoriya Gonçar vurğulayır ki, optimal qidalanma fasiləsi yuxu vaxtı istisna olmaqla 3–5 saatdır. Bu interval qan şəkərinin stabilliyini qoruyur, aclıq hissini nəzarətdə saxlayır və gün ərzində enerjinin bərabər paylanmasına kömək edir. Daha uzun fasilələr isə insanı birdən-birə çox yeməyə sövq edir və psixoloji səbəblərlə böyük porsiyalara üstünlük verməyə səbəb olur.
Həkim əlavə edir ki, gündə cəmi iki dəfə yeməklə orqanizmin ehtiyacı olan zülal, yağ, karbohidrat, vitamin və mineralları tam şəkildə qarşılamaq çox çətindir. Bu isə zamanla immun sisteminin zəifləməsinə və ümumi sağlamlığın pisləşməsinə yol aça bilər.
Bir sözlə, az yemək hər zaman sağlamlıq demək deyil. Orqanizmin ritmini nəzərə alan, balanslı və müntəzəm qidalanma uzunmüddətli sağlamlığın əsas açarıdır.