Bu gün

Politoloq: "Bakıda “Rus Evi” ilə bağlı qərar bütün risklər nəzərə alınaraq verilməlidir" - RƏY

“Bakıdakı Rus Evinin fəaliyyəti kifayət qədər mübahisəli olub və cəmiyyətdə çoxsaylı suallar doğurub”.

Bu fikirləri təhlil.az saytına siyasi müşahidəçi Murad Sadəddinov açıqlamasında deyib. 

O ilk növbədə bildirib ki, Cənubi Qafqazda mövcud geosiyasi reallıqlar dəyişib və bu dəyişikliklərin əsas səbəbi 44 günlük Vətən müharibəsinin nəticələridir: "Eyni zamanda, Rusiya–Ukrayna müharibəsi də regionda gedən proseslərə ciddi təsir göstərib". 

Azərbaycanla Rusiya arasındakı münasibətlərə gəldikdə, ekspertin fikrincə, Bakı bu münasibətləri yalnız Moskva ilə deyil, bütün qonşu dövlətlərlə beynəlxalq hüquq prinsipləri və qarşılıqlı olaraq bir-birinin daxili işlərinə qarışmamaq əsasında qurub.

"Lakin təəssüf ki, bizdən asılı olmayan səbəblərdən Rusiya tərəfi bu prinsiplərə, hətta bu istiqamətdə imzalanmış müvafiq sənədlərə baxmayaraq, bir sıra hallarda laqeyd yanaşıb. Bakı və Moskva arasında strateji əməkdaşlıq haqqında sənəd də imzalanıb və həmin sənəddə tərəflərin bir-birinin ərazisində separatçı və dövlət əleyhinə fəaliyyətlərə qarşı birgə mübarizə aparması açıq şəkildə təsbit olunub. Hazırda Rusiya tərəfi Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərə yardım göstərilməsi ilə bağlı layihə həyata keçirir. Lakin biz Rusiyanın son 30 il ərzində erməni separatçılarına hansı dəstəyi verdiyini yaxşı bilirik. Heç kimə sirr deyil ki, Moskva tərəfindən Azərbaycan ərazisində müharibə cinayətləri törətmiş Qarabağ separatçılarına on milyardlarla dollar dəyərində ən müasir silahlar ötürülüb”, – deyə, M. Sadəddinov qeyd edib.

Onun sözlərinə görə, hazırda Bakı və İrəvan üçüncü tərəflərin iştirakı olmadan, birbaşa dialoq yolu ilə keçmişin qaranlıq səhifələrini bağlamağa və sülh müqaviləsi üzərində işləməyə çalışdığı bir vaxtda, bəzi xarici qüvvələrin ,o cümlədən Rusiya və hətta Avropa İttifaqının bu mövzuda yenidən spekulyasiyalara cəhd etməsi müşahidə olunur.

Ekspert vurğulayıb ki, bu məsələ yalnız Azərbaycan və Ermənistanı maraqlandırır və tərəflər bu problemi öz aralarında həll edəcəklər:

“Bakıdakı Rus Evinin fəaliyyətinin bərpasına gəldikdə isə, ilk növbədə qeyd etmək lazımdır ki, bu qurum qanuni olaraq qeydiyyatdan keçməyib. Yəni onun Azərbaycan ərazisində fəaliyyət göstərmək hüququ olmayıb. Bu prinsip müxtəlif dövlətləri təmsil edən bütün təşkilatlara eyni şəkildə tətbiq olunur.

İkincisi, Rus Evinin fəaliyyəti çərçivəsində Azərbaycanın milli maraqlarına zidd olan elementlər müşahidə edilib. Bu qurumun tabe olduğu "Rossotrudniçestvo"nun rəhbərliyinin bəyanat və çıxışlarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş açıq mesajlar yer alıb.

Məhz bu səbəbdən Rus Evinin fəaliyyətinin bərpası məsələsi sadə texniki qərar deyil. Bu, bütün hüquqi, siyasi və təhlükəsizlik amilləri nəzərə alınmaqla həll edilməli olan mürəkkəb və kompleks məsələdir”. 

Rasim Babayev 

 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?