İran yeni neft və qaz ehtiyatlarının kəşf edildiyini açıqlayıb

İranın neft naziri Möhsün Paknejad Fars əyalətinin cənubundakı Pazan yatağında yeni qaz və neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb. Təhlil.az-ın məlumatına görə nazir qeyd edib ki, bu kəşf ölkənin gələcək enerji balanssızlığını kompensasiya etməyə kömək edə bilər.
Paknejad bazar ertəsi günü bildirib ki, kəşf İranın qaz ehtiyatlarına təxminən 10 trilyon kub fut əlavə edəcək. O, əlavə edib ki, Fars əyalətinin cənubunda yerləşən və Buşəhrin şimalına qədər uzanan Pazan yatağında aparılan kəşfiyyat işləri bu mühüm kəşfə səbəb olub. Paknejad bildirib ki, ərazidə kəşfiyyat işlərində səkkiz illik fasilədən sonra bu yaxınlarda ikinci kəşfiyyat quyusunun qazılması başa çatdırılıb və bu, mühüm nailiyyətdir. O, həmçinin qeyd edib ki, Pazan neft-qaz yatağının işlənməsi üzrə müqavilə artıq imzalanıb və yaxın vaxtlarda işlərə başlanılması gözlənilir. O, əlavə edib ki, yataqda hasilata 40 ay ərzində başlanılacaq.