06 oktyabr

MTM: Son 5 ilin ən az qiymət artımı 2024-cü ildə qeydə alınıb – RƏSMİ STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, son 5 ildə ölkədə inflyasiya 42,9% təşkil edib.

Zərərli məhsullar sayılan spirtli içkilərin qiyməti son 5 ildə 19,4%, tütün məmulatlarının qiyməti isə 32,6% artıb.

Bu müddət ərzində ödənişli xidmətlər 40,5%, qida məhsulları 54,7%, qeyri-qida məhsulları isə 28,7% bahalaşıb.

Rəsmi rəqəmlər göstərir ki, son 5 ildə avqust ayı üzrə ən yüksək artım 2022-ci ildə 14,2%, ən az artım isə 2024-cü ildə (3,5%) qeydə alınıb.

Cari ilin avqust ayında isə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% artıb.

Cari ilin avqust ayına olan məlumatlara əsasən, qida məhsullarının qiyməti 2024-cü ilin eyni dövrünə nisbətən 6,8% artıb. Bu kateqoriya üzrə ən yüksək göstərici 2022-ci ildə 21,6%, ən aşağı göstərici ötən il 2,8% qeydə alınıb.

Cari ilin avqust ayında qeyri-qida məhsulları üzrə qiymət artımı ötən ilin göstəriciləri ilə müqayisədə 2,1% təşkil edib. Son 5 ildə ən yüksək artım 2022-ci ilə təsadüf edib. Daha dəqiq desək, həmin ilin avqust ayında qeyri-qida məhsullarının qiyməti son 1 ildə 8,9% artıb.

2025-ci ilin avqust ayında spirtli içkilər üzrə qiymətlər ötən il olduğu kimi 3,2% artıb. Spirtli içkilərlə bağlı ən az qiymət artımı 2023-cü ilin avqust ayında (2,7%), ən yüksək qiymət artımı digər kateqoriyalarda olduğu kimi 2022-ci ildə baş verib. Həmin ilin avqust ayına olan göstəriciyə görə spirtli içkilər üzrə 6,5% qiymət artımı qeydə alınıb.

Tütün məmulatları üzrə qiymət artımı digər məhsul kateqoriyalarından fərqlənib. Bu kateqoriya üzrə ən yüksək artım 2021-ci ildə 8,3% olaraq, ən az artım cari ilin avqust ayında 2,7% olaraq qeydə alınıb.

Ödənişli xidmətlərə dair ən yüksək qiymət artımı 2022-ci ildə 9,5% olaraq təsdiqlənib, ən az artım isə cari ilin avqust ayında qeydə alınıb.

Daha dəqiq desək, 2025-ci ilin avqust ayında ödənişli xidmətlər üzrə qiymətlər ötən ilin eyni dövrünə nisbətən 4,9% yüksək olub.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?